Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Fransanın “Total” və “Qazdefrans” şirkətləri arasında imzalanmış “Hasilatın pay bölgüsü” adlı saziş böyük iqtisadi layihələrdən biridir. Bu layihəyə əsasən, 2011-2012-ci illərdə Xəzər dənizinin Azərbaycan sektorunda axtarış-kəşfiyyat quyusunun qazılmasına başlanılmış və müsbət nəticələr əldə olunmuşdur. Bu layihənin həyata keçirilmə müddəti 30 ildir. Layihəyə əsasən, görülən işlər adıçəkilən şirkətlərin iştirakı ilə müntəzəm olaraq müzakirə edilir. Bu günədək Fransada, Azərbaycanın müxtəlif bölgələrində belə müzakirələr aparılmışdır.
Dünən Naxçıvan şəhərindəki “Təbriz” mehmanxanasında layihə çərçivəsində texniki müşavirə keçirilmişdir.
Müşavirə başlanmazdan əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri Rəfael Babayev iştirakçıları salamlayaraq belə tədbirlərin Naxçıvan Muxtar Respublikasında keçirilməsinin əhəmiyyətini vurğulamışdır.
Müşavirədə saziş iştirakçılarının hesabatları dinlənilmiş, bu günədək həyata keçirilən tədbirlər müzakirə edilmiş, gələcəkdə görülməsi nəzərdə tutulan işlərdən danışılmışdır.
Qeyd edək ki, müzakirələr üç gün davam edəcək. Müzakirələrarası dövrdə qonaqlar muxtar respublikanın görməli yerləri, tarixi abidələri ilə tanış olacaqlar.
Xəbərlər şöbəsi