Muxtar respublikada dəmir yolu nəqliyyatından istifadə iyul ayında da diqqət mərkəzində saxlanılmışdır.
Ordubad-Vəlidağ sahəsində hərəkətdə olan yük-sərnişin qatarlarının fasiləsiz işi təmin olunmuş, dəmir yolu vasitəsilə muxtar respublika ərazisindəki ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 3 min 900 ton müxtəlif təyinatlı yük daşınmış, 13 min 389 sərnişin dəmir yolu nəqliyyatından istifadə etmişdir.
Culfa Lokomotiv Deposunda lokomotivlər 4 dəfə texniki baxışdan keçirilmiş, 3 lokomotiv cari təmir edilmişdir. İnfrastruktur İdarəsinin xidməti ərazisində isə baş və stansiya yollarına baxış keçirilmiş, yağış və leysan sularının maneəsiz ötürülməsi üçün süni tikililər, küvetlər və yol yataqları təmizlənmiş, 707 yararsız ağac şpal dəyişdirilmişdir. Bu dövrdə Texniki İnzibati Binaların Təmir-Tikinti İdarəsi tərəfindən Ordubad dəmiryol sərnişin vağzalı və Ordubad Yol Sahəsinin inzibati binalarında, Ordubad İdarəetmə Mərkəzi və Yol Sahəsinin yardımçı binalarında, yük anbarında, sərnişin və yük platformalarında, eləcə də onları əhatə edən ərazidə kompleks tikinti, yenidənqurma və əsaslı təmir işləri davam etdirilmişdir.
Həyata keçirilən ardıcıl tədbirlər növbəti aylarda da dəmir yolu nəqliyyatından istifadə edən sərnişinlərə nümunəvi xidmət göstərməyə imkan verəcəkdir.
“Naxçıvan Dəmir Yolları” Məhdud
Məsuliyyətli Cəmiyyətinin mətbuat xidməti