Şahbuz rayonundakı Şahbuzkənddə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşları torpaq mülkiyyətçiləri ilə görüş keçirmişdir. Görüşü Şahbuz Rayon İcra Hakimiyyəti başçısının müavini Yenibar Vəliyev açaraq kənd təsərrüfatı üçün əlverişli şəraitə malik rayonda əkinçiliyin inkişafı məqsədilə həyata keçirilən tədbirlərdən danışmışdır. Bildirilmişdir ki, torpaqların analiz edilməsi və kartoqramların hazırlanması gələcəkdə bu sahənin məqsədyönlü şəkildə inkişafını təmin edəcək.
Kartoqramların hazırlanmasının və torpaq analizlərinin əhəmiyyəti barədə danışan Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşı Əsgər Həsənov torpağın münbitliyinin artırılması barədə torpaq mülkiyyətçilərinə məlumat vermişdir. Vurğulanmışdır ki, bunun üçün əkinçi, hər şeydən əvvəl, onun tərkibini, hansı miqdarda məhsul verməyə qadir olduğunu bilməlidir. Kənd təsərrüfatında intensivləşdirmə yolu ilə məhsul bolluğunun yaradılması üçün üzvi və mineral gübrələrdən, kimyəvi maddələrdən düzgün, səmərəli istifadə yolları öyrənilməlidir. Bunun üçün ayrı-ayrı bitkilərin hansı torpaqlarda əkilməsini, həmin ərazilərdə torpaqların qida maddələri ilə təminolunma dərəcəsini və nəzərdə tutulan məhsul bolluğu üçün torpaq sahələrinə üzvi və mineral gübrə dozalarının müəyyənləşdirilməsini göstərən kartoqramlara müraciət olunmalıdır.
Qeyd olunmuşdur ki, 2011-ci il may ayının 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə Ali Məclisin Sədri torpaqların tərkibinin öyrənilməsi və əkin sahələrinin rayonlaşdırılması ilə bağlı tapşırıqlar vermişdir. Ali Məclis Sədrinin tapşırığına uyğun olaraq, əkin dövriyyəsinə daxil olan torpaqların tərkibinin öyrənilməsi, torpaqların və əkinlərin rayonlaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə rayonların əkin atlaslarının hazırlanmasına başlamış və bu iş uğurla başa çatdırılmışdır. Hazırlanan atlaslarda hər bir bələdiyyə ərazisi üzrə torpaqların kartoqram xəritələri və ərazidə yayılmış torpaq tipləri, növ müxtəliflikləri üzrə torpaq xəritələri tərtib edilmişdir.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılmışdır.
Tədbirdən sonra əkin sahələrindən bir qisminə baxış keçirilmiş və həmin torpaq sahələrində gələcəkdə hansı qaydada əkin aparılması barədə müzakirələr aparılmışdır.
Şəhla NƏBİYEVA