23 Dekabr 2024, Bazar ertəsi

Vahid məktəbli formaları məhz bu müəssisədə tikilir

Azərbaycanda sahibkarlığın inkişafı bilavasitə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimizin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra aparılan məqsədyönlü siyasət, həyata keçirilən sistemli tədbirlər, Azərbaycanda siyasi və makroiqtisadi sabitliyə nail olunması nəticəsində sahibkarlar sinfinin formalaşması üçün həm hüquqi baza yaradıldı, həm də dövlət tərəfindən özəl sektora hərtərəfli dəstək göstərildi. “Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur”, – deyən ulu öndərin müəyyən etdiyi və onun rəhbərliyi ilə uğurla həyata keçirilən sahibkarlığın inkişaf strategiyası Azərbaycanın hər yerində sahibkarlar ordusunun formalaşmasına stimul verdi.

Məhz ümummilli lider Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkəmiz artıq dünya birliyində öz layiqli yerini tutub, dayanıqlı və davamlı iqtisadi inkişafa nail olub. İnkişaf hədəfinə doğru böyük inamla irəliləyən Azərbaycan ötən hər ay, hər il bütün sahələrdə əldə olunan uğurlarla tarixə düşür. Naxçıvan blokada şəraitində olsa belə, bütün sahələr üzrə inkişaf etmiş dünya dövlətləri nümunəsi göstərir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının Regional İnkişaf Proqramı (2005-2008-ci illər)”, “Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” uğurla icra olunub və bu gün “Naxçıvan Mux­tar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı”ndan irəli gələn vəzifələrin vaxtında və yüksək tələbkarlıqla yerinə yetirilməsi sürətlə davam etdirilir.

Bu proqramları özünə yol xəritəsi seçən sahibkarlar yeni-yeni uğurlarla, istehlakçı maraqları ilə özlərini təsdiq edirlər. Ən önəmlisi də odur ki, bu gün diyarımızda sağlam sahibkarlıq mühiti formalaşdırılıb. Bu isə hər bir iş adamını uğurlara aparır, qazanılan nailiyyətlər getdikcə artır. Qısası, bir tərəfdən bazarda yerli məhsullara qarşı istehlakçıların yüksək tələbatı, digər tərəfdən də dövlətin iş adamlarına davamlı maddi və mənəvi dəstəyi bu işdə təcrübə sahiblərini və zəhmətə qatlaşanları qol çırmayıb həvəslə işə girişməyə yönəldir. Təbii ki, hər bir sahibkar yaradılan münbit şəraitdən, göstərilən dövlət qayğısından səmərəli istifadə etdikcə, arzularını reallaşdırdıqca, yaxşı nəticələr ortaya qoyduqca dövlət də onlara dəstəyini günü-gündən artırır. Belə sahibkarlarlıq obyektlərindən biri də “Zümrüd” Kiçik Müəssisəsidir. Müəssisənin direktoru Etibar Hacıyev söhbət zamanı sadaladığım amilləri təsdiq etdi və dedi ki, biz elə də böyük bir iş görmürük. Yaradılan şəraitdən, dövlət qayğısından səmərəli istifadə edərək istəyirik ki, dövlətimizin bizə olan etimadını doğruldaq və muxtar respublikanın inkişafında müəyyən qədər payımız olsun.
Sahibkarın sözlərinə görə, əvvəlcə işə başlamaq, sonra kömək istəmək lazımdır. Elə bu müəssisə kimi. 1997-ci ildə 6 nəfər işçi ilə və cəmi 10-12 avadanlıqla, özü də sovet istehsalı olan avadanlıqlarla fəaliyyətə başlayan müəssisə çox lazımlı bir sahə ilə məşğul olub. Ona görə ki, o vaxt Naxçıvan əhalisinin maddi durumu o qədər də yaxşı deyildi və övladları orta məktəbdə təhsil alan valideynlər təkcə dərslik yükünün ağırlığını çəkmirdilər, həm də geyim problemi ilə üzləşirdilər. Əlbəttə, bu, bir həqiqətdir ki, dünya bərqərar olandan cəmiyyətdə hamı eyni maddi duruma sahib olmayıb. Muxtar respublikamız blokada şəraitində yeni inkişafa qədəm qoyduğu bir vaxtda bu müəssisənin yaradılması bütün valideynlərə və uşaqlara maddi və mənəvi dəstək oldu.
“Zümrüd” Kiçik Müəssisəsi muxtar respublikada yaradılmış ilk özəl müəssisələrdən biridir. Bu müəssisənin yaradılması ilə Azərbaycanda ilk dəfə olaraq vahid məktəbli formasına keçildi.
Etibar Hacıyev deyir ki, müəssisə fəaliyyətə başlayanda yenicə müstəqillik qazanmışdıq. Hələ çətinliklərimiz, həll edilməli problemlərimiz çox idi. Çalışırdıq ki, başladığımız işin yaxşı nəticəsini görə bilək. Bu da diqqətdən yayınmadı və istehsalımızı artırmaq üçün 2010-cu ildə bizə Sahibkarlığa Kömək Fondundan 560 min manat vəsait ayrıldı.
2011-ci il sentyabrın 9-da gündə­lik istehsal gücü 150 dəst kostyum olan müəssisənin yeni binası və kostyum istehsalı sahəsi istifadəyə verilib. Müəssisənin açılışında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun iştirak etməsi, açılış zamanı “Öz işini günün tələbləri səviyyəsində quran, qanunvericilik çərçivəsində fəaliyyət göstərən sahibkarlara bundan sonra da lazımi diqqət və qayğı göstəriləcəkdir. Məqsəd ondan ibarətdir ki, yeni iş yerləri açılsın, daxili tələbat yerli istehsal hesabına ödənilsin, sahibkarlıq fəaliyyəti daha da inkişaf etsin. Bunun müqabilində isə sahibkarlarımız istehsal etdikləri məhsulların keyfiyyətinə ciddi diqqət yetirməli, işçilərə lazımi qayğı göstərməlidir”, – deməsi müəssisənin gələcək fəaliyyətinə işıq saldı.
Etibar Hacıyev o günün təəssüratına qayıdaraq bildirdi ki, Ali Məclis Sədrinin istehsal etdiyimiz məhsullara görə xoş sözlər deməsi bizi xeyli ruhlandırdı. Bundan sonra daha yaxşı işləməyə başladıq ki, göstərilən etimada layiq ola bilək. Beləcə, inkişaf yolunu tutduq. Daha yaxşı nəticələr ortaya qoyduqca, dövlətin bizə olan dəstəyi də artdı. Böyükhəcmli kreditlər verildi, müxtəlif mükafatlarla təltif olunduq.
2013-cü ildə Sahibkarlığa Kömək Fondundan müəssisəyə yenidən 165 min manat kredit ayrıldı və daha bir istehsal sahəsi – gündəlik istehsal gücü 1000 ədəd olan köynək sexi fəaliyyətə başladı. Və müəssisənin rəhbəri bir il sonra – 2015-ci ildə Naxçıvan Muxtar Respublikasında keçirilən “Ən fəal işəgötürən” müsabiqəsi üzrə ikinci yerə sahib oldu.
Bu gün “Zümrüd” Kiçik Müəssisəsinin uğurlarından xeyli söhbət açmaq olar. Hər iki sexdə, ümumilikdə, 150-yə yaxın Almaniya, Yaponiya və Türkiyə istehsalı olan ən müasir avadanlıqlar quraşdırılıb. Xammal Türkiyədən gətirilir. Keyfiyyət amili bu gün qarşıda duran əsas məsələlərdən biridir.
Hazırda qarşıdan gələn yeni tədris ili ilə əlaqədar təhsil müəssisələrindən sifarişlər qəbul edilməkdədir. Onu da qeyd edək ki, istehsal olunan məhsullar muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində, həmçinin rayon mərkəzlərindəki mağazalarda satılır. Eyni zamanda məktəbli yarmarkalarında məktəbli formaları hər il müştərilərə təqdim edilir. Qiymətlər də münasibdir.
“Zümrüd” Kiçik Müəssisəsinin Naxçıvan şəhərində və Əliabad qəsəbəsində yerləşən istehsal sexlərində istehsala, həmçinin işçilərə yaradılan hərtərəfli şərait bir daha təsdiq edir ki, bütün sahələri ilə örnək olan muxtar respublikamız hələ çox inkişafa imza atacaq. Bunu müəssisəyə nəvələrinə məktəbli forması almağa gələn Xatirə Süleymanovanın dedikləri də təsdiq etdi, balaca Ofelya və Eminin üzündəki təbəssüm də. Həmçinin müəssisədə çalışan Xatirə Nəzər­əliyeva, Vəsilə Əliyeva, Aybəniz Süleymanova və digərləri də...
Onu da qeyd edək ki, müəssisə bu gün təkcə muxtar respublikanın ali və orta məktəblərinin müəllim, tələbə və şagirdləri üçün geyim formalarının istehsalı ilə məşğul olmur, həm də hüquq-mühafizə orqanlarından, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən, Naxçıvan Şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik idarələrindən də sifarişlər qəbul edir.

Hafizə Əliyeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR