23 Dekabr 2024, Bazar ertəsi

Təbiət öz səxavətini yurdumuzdan əsirgəməmişdir. Sahib olduğumuz isti iqlim, bərəkətli torpaqlar, şirin su qaynaqları ölkəmizin hər yerində, o cümlədən Naxçıvanda hər cür meyvə-tərəvəz məhsullarının əkilib-becərilməsinə imkan verir. Naxçıvanda yetişən meyvələrin dad-tamı haqqında isə artıq ölkəmizin hər yerində və onun hüdudlarından kənarda da danışılır.
Naxçıvanda inkişaf etdirilən meyvə-tərəvəzçilik qədim məşğuliyyət növüdür. Müxtəlif mənbələrdə hələ tarixi İpək Yolu vasitəsilə buradan digər ölkələrə meyvə, səbzə aparılması haqqında məlumatlara rast gəlinir. Ümumiyyətlə, meyvəçilik oturaq həyatın təşəkkülü olduğundan Naxçıvanda da bu sahə yaxşı inkişaf edib. Naxçıvanlı bağbanlar onlarla növdə üzüm, alma, armud, şaftalı, ərik, göycə, tut yetişdirmiş, bunları diyarın hər yerində əkib-becərmişlər. Bağçılıq, bostançılıq çətin, zəhmət tələb edən sahədir. Bəzi meyvə ağaclarının bar verməsi üçün azı on ilə qədər vaxt tələb olunur. Amma insan inadlı, inanclıdır. Əkilən hər fidan, salınan hər bağın lap əlli ildən sonra bar verəcəyini bilsə də, o, bu gözəl məşğuliyyətinə ara vermədən davam edir. Çünki ən azından ərsəyə gəlmiş ağacın meyvəsindən dərib, kölgəsində oturanlar ona rəhmət oxuyacaq.

Meyvə-tərəvəzçilik təbii iqlim şərtlərinə həssasdır. Burada istehsal-bazar amili də öz sözünü deyir. Torpaq mülkiyyətçisinin əməyinin reallaşdığı bazar burada son sözünü deyən mühüm amildir. Ona görə də meyvə-tərəvəzin yetişdirilməsi ilə yanaşı, onların daşınması, anbarlanıb satışa çıxarılması məsələləri də həmişə aktualdır. Müasir dövrdə yaradılmış nəqliyyat, anbar və ticarət infrastrukturu şəraiti bu baxımdan diqqət mərkəzindədir. Məhz buna görə də bu vacib məsələləri həll etmiş dünyanın iri meyvə-tərəvəz ixracatçıları ilboyu hər yerə məhsul göndərə bilirlər. Muxtar respublikamızda da soyuducu anbar təsərrüfatının genişləndirilməsi artıq qeyri mövsümlərdə meyvə-tərəvəz tələbatımızı xaricdən gətirilənlər hesabına deyil, öz bağlarımızın, bostanlarımızın məhsulları ilə ödəmək imkanı verir.
Naxçıvanlılara hər meyvəni bəyəndirmək çətindir. Ona görə də meyvə-tərəvəzçilik ənənələrimizi daha da inkişaf etdirmək üçün yeni bağlar salınması ilə yanaşı, toplanan məhsulun qışa saxlanılması da vacib məsələdir. Bu isə meyvə-tərəvəzçilik sahəsinin inkişafını ehtiva edən dövlət siyasətini özündə əks etdirir. Bu siyasətin əsas məqsədi isə, ilk növbədə, istehlak bazarında insanların ilboyu meyvə-tərəvəzə olan tələbatının ödənilməsi məqsədi güdür. İlin bu vaxtı bazarlarımızda bolluqdur. Hər cür yerli meyvə-tərəvəz məhsullarını çox sərfəli qiymətə almaq mümkündür. Ancaq mövsüm keçəndən sonra Naxçıvan sakinləri sudan da dadsız, genetik tərkibi qeyri-məlum, amma qiyməti “əl yandıran” idxal məhsullar almasınlar deyə, hələ 4 il əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” muxtar respublikada meyvə və tərəvəz istehsalının inkişaf etdirilməsini, yüksək istehlak xüsusiyyətlərinə malik yeni meyvə bağlarının salınmasını, onların ixtisaslaşdırılmasını, yerli şəraitə uyğun unudulmaqda olan məhsuldar sortların bərpasını, müasir standartlara cavab verən texnologiyalar əsasında yeni meyvə və tərəvəz emalı müəssisələrinin yaradılmasını əsas məqsəd kimi müəyyənləşdirib.
Proqramın uğurlu icrası, eyni zamanda meyvə və tərəvəzçiliyin inkişafı yolu ilə kənd əhalisinin məşğulluğunun artırılması, onların maddi rifah halının yaxşılaşdırılması, mövcud torpaq sahələrindən daha səmərəli istifadə olunması sahəsində də əlavə imkanlar yaradıb. Bu istiqamətdə həyata keçirilən tədbirlərə nəzər saldıqda görürük ki, muxtar respublikanın torpaq, iqlim və relyef xüsusiyyətlərinə asan uyğunlaşan meyvə sortlarından ibarət geniş ərazilərdə tingçilik sahələri yaradılaraq 2012-2015-ci illər ərzində muxtar respublika üzrə 751 hektar ərazidə 660 minə yaxın ting əkilib. Ayrıca bu dövrdə meyvə-tərəvəz məhsulları istehsalının artırılması məqsədilə sahibkarlara güzəştli kreditlər verilib və hazırda bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilməkdədir. Nəticə isə göz qabağındadır. Naxçıvan bazarında heç vaxt belə bolluq və ucuzluq olmayıb.
Lakin bunlar son hədəf deyildir. Naxçıvanda meyvə-tərəvəz məhsullarına artan tələbatı daha dolğun şəkildə ödəmək məqsədilə muxtar respublika Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Pro­qramı”nın icrası əhalinin meyvə və tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına təmin edilməsinə və tələbatdan artıq mövsümi məhsulların ixracına geniş imkanlar yaradır. Yeni dövlət pro­qramının hədəfləri daha genişdir. Bu mühüm dövlət sənədində muxtar respublikada meyvəçiliyin elmi əsaslarla genişləndirilməsi, su təminatının yaxşılaşdırılması, istehsal olunmuş məhsullara keyfiyyət nəzarətinin artırılması kimi mühüm məqsədlər qarşıya qoyulub. Meyvəçiliyin inkişafını stimullaşdırmaq məqsədilə ilk dəfə 2016-cı ildə muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində Göycə festivalı keçirilib. Cari ilin ilk yarısının nəticələri isə bu sahədəki işlərin uğurla davam etdirildiyini göstərir. 2016-cı ilin yanvar-iyun aylarında muxtar respublikamızda meyvə istehsalının həcmi bir il öncəyə nisbətən 1 faiz, tərəvəz istehsalı isə 2,7 faiz artıb. Meyvə-tərəvəzin istehsalı ilə yanaşı, Naxçıvan Muxtar Respublikasında daxili bazarın ilboyu keyfiyyətli meyvə-tərəvəzlə təmin olunması üçün yetişdirilən məhsulun tədarükü məqsədilə soyuducu anbar infra­strukturu şəbəkəsinin genişləndirilməsi də davam etdirilib. Ümumilikdə, muxtar respublika üzrə dövlət maliyyə dəstəyi və şəxsi vəsait hesabına hüquqi və fiziki şəxslər tərəfindən ümumi tutumu 12730 ton olan 22 soyuducu anbar istifadəyə verilib. Hazırda tutumu 400 ton olan 2 soyuducu anbarın yaradılması davam etdirilir.
Soyuducu anbarlardakı meyvə-tərəvəz məhsullarının istehsalçılardan qəbul edilərək ticarət şəbəkələrinə paylanılması bu sahədəki əsas çətinliklərin – mövsümlük probleminin həllinə kömək edir. Kəndlinin mövsümdə aşıb-daşan meyvəsinin bazarın qıt vaxtına qədər soyuducu anbarlarda saxlanılıb istehlakçılara çatdırılması həm əhalinin təzə meyvə-tərəvəzlə ilboyu təmininə, həm də bu sahədən maksimum gəlir əldə etməyə imkan verir. Bu da onu göstərir ki, qarşıdakı dövrdə də süfrələrimizdə meyvə-tərəvəz bol olacaq.

 Əli Cabbarov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR