Naxçıvan Şəhər Vergilər İdarəsində “Nağdsız ödənişlərdən istifadə günün tələbidir” mövzusunda seminar keçirilib. Naxçıvan şəhərində fəaliyyət göstərən vergi ödəyicilərinin iştirak etdiyi seminarı giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi Mirhüseyn Seyidov açaraq nağdsız ödənişlər haqqında danışıb. Şöbə rəisi muxtar respublikada POS-terminalların quraşdırılması istiqamətində görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Seminarda Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin Qanunsuz sahibkarlığın aşkar edilməsi şöbəsinin rəisi Rəşad Əliyev çıxış edərək bildirib ki, muxtar respublikada ödəniş sistemlərinin inkişaf etdirilməsi, dövriyyədə olan nağd pul kütləsinin nağdsız dövriyyə ilə əvəz olunması, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin və əhalinin ödəniş sistemlərindən daha fəal şəkildə istifadə etməsi günün tələbidir.
Qeyd olunub ki, Azərbaycan Respublikası Nazirlər Kabineti bu il oktyabr ayının 4-də POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqinin yeni qaydalarını təsdiq edib. Qaydalara əsasən, terminallar aylıq dövriyyəsi 2000 manat olan obyektlərdə, ƏDV subyektlərində, avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələrdə, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmir yolu və avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələrində quraşdırılmalıdır.
Təsərrüfat subyektlərində quraşdırılan və istifadə edilən POS-terminallar, ilk növbədə, beynəlxalq ödəniş kartlarının qəbulu üçün müvafiq sertifikata, məlumat daşıyıcısı həm maqnit lent, həm də inteqral sxem (mikroprosessor) olan kartlar vasitəsilə əməliyyatların həyata keçirilməsi imkanına malik olmalıdır. Muxtar respublika Vergilər Nazirliyi qanunvericiliyə müvafiq olaraq, POS-terminalların quraşdırılması tələb olunan bütün təsərrüfat subyektlərinə bildiriş göndərir. Sifarişçi bildirişi aldıqdan sonra on iş günü müddətində POS-terminalın quraşdırılması üçün bank ekvayerə müraciət etməlidir. Bank ekvayer sifarişçinin müraciətinə sənədlər təqdim edildikdən sonra üç iş günü müddətində baxır. Bu müddətdə bank ekvayer POS-terminalın quraşdırılması üçün texniki imkanların yoxlanması məqsədilə təsərrüfat subyektinə yerində baxış həyata keçirə bilər. Qaydalara edilmiş əlavələrə görə, Naxçıvan Muxtar Respublikasında ərazisindən asılı olmayaraq, vergilərin, dövlət rüsumları və ödəmələrinin qəbul edildiyi bütün dövlət orqanlarında POS-terminalların quraşdırılması 2013-2015-ci illərdə başa çatdırılmalıdır. Muxtar respublika Vergilər Nazirliyi tərəfindən ərazilərdə POS-terminalların quraşdırılması ilə bağlı maarifləndirici tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət yetirilir. Qəbul edilmiş yeni Qaydalar həm POS-terminalların quraşdırılması işinin sadələşdirilməsinə xidmət edəcək, həm də ərazilərdə bu tədbirlərin sürətləndirilməsinə təkan verəcəkdir. Yeni Qaydalarda POS-terminalların ərazilər üzrə tətbiqi cədvəli müəyyən edilib, bankla vergi orqanı arasında yazışmaların sadələşdirilməsi üçün müraciət və bildiriş formaları hazırlanıb. Nağdsız ödəniş vasitələrindən, o cümlədən POS-terminallardan, plastik kartlardan və digər müasir elektron ödəniş xidmətlərindən istifadə istiqamətində görüşlər keçirilir, vergi ödəyicilərinə səyyar məlumatlandırma xidmətləri göstərilir. POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarlarına görə, vergi ödəyicilərinin seçimi dəqiq müəyyən edildikdən sonra vergi ödəyiciləri ilə fərdi qaydada söhbətlər aparılır və POS-terminalların əhəmiyyəti barədə onlara və əhaliyə geniş məlumat verilir. Bu işdə vergi ödəyiciləri də maraqlı olmalı, POS-terminalların quraşdırılması işinə dəstək verməlidirlər.
Seminarda mövzu ilə bağlı slaydlar nümayiş etdirilib, tədbir iştirakçılarının sualları cavablandırılıb.
Səbuhi HÜSEYNOV