Muxtar respublikada yol-nəqliyyat infrastrukturu müasir standartlar səviyyəsinə çatdırılmış, beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır.
Bu ilin iyul ayında da avtonəqliyyat xidmətinin səviyyəsinin yüksəldilməsi diqqət mərkəzində saxlanılmışdır. Ötən ay Naxçıvan-Bakı-Naxçıvan marşrutu üzrə Naxçıvandan Bakıya 3252 sərnişin, Bakıdan Naxçıvana isə 3734 sərnişin daşınmışdır. Həmçinin bu dövrdə Naxçıvan-Batumi marşrutu fəaliyyətini davam etdirmişdir.
Nazirliyin reyd komissiyası Nəqliyyat müfəttişliyi və təhlükəsizlik şöbəsi ilə birlikdə müxtəlif günlərdə reydlər keçirmiş, sərnişindaşıma ilə məşğul olan avtonəqliyyat vasitələrinin təmizliyinə, sürücülərin geyim formasına, şəhərdaxili və rayonlararası marşrutlarda hərəkət qrafikinə nəzarəti artırmışdır. Bu dövrdə sərnişindaşımanı yerinə yetirən sahibkarların və sürücülərin iştirakı ilə seminar-müşavirə də keçirilmişdir.
Muxtar respublika daxilində sərnişindaşıma xidmətinin səviyyəsi daha da yüksəldilmiş, fəaliyyətdə olan 139 marşrut xəttində 305 ədəd avtobusla rayon mərkəzləri və kəndlərin hamısı marşrutla təmin edilmişdir.
Naxçıvan Muxtar Respublikası
Nəqliyyat Nazirliyinin mətbuat xidməti