22 Dekabr 2024, Bazar

Son illər muxtar respublika iqtisadiyyatında yüksək templə inkişaf edən sahələrdən birinə çevrilən və yerli istehsalın stimullaşdırılmasında mühüm əhəmiyyətə malik olan sənaye sektorunda həyata keçirilən tədbirlər nəticəsində Naxçıvan aqrar regiondan sənaye regionuna çevrilmiş, müxtəlif çeşiddə yüksək keyfiyyətli məhsul istehsal edən rəqabətqabiliyyətli müəssisələr həyata vəsiqə almışdır.    

Belə müəssisələrdən biri də “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının Panel-Radiator və Dam Örtükləri Zavodudur. Ümumi ərazisi 10 min 330 kvadratmetr olan müəssisədə Almaniya və Türkiyə istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılmışdır. Müxtəlif çeşiddə yüksək keyfiyyətli məhsul istehsalı üçün geniş imkanlar yaradılan zavodda illik istehsal gücü 90 min kvadratmetr olan panel-radiator istehsalı sahəsində 60x40 santimetrdən 60x3 metrə qədər ölçülərdə panel-radiator istehsal edilir. Gündəlik istehsal gücü 4800 kvadratmetr olan dam örtükləri istehsalı sahəsində isə uzunluq ölçüsü sifarişçi tərəfindən verilən 105 santimetr enində rəngli və rəngsiz dam örtükləri istehsal olunur. Bu məhsullar yüksək keyfiyyətinə görə qısa vaxt ərzində daxili və xarici bazarlarda özünəməxsus yer tutmuşdur.

Müəssisədəki keyfiyyətə nəzarət sistemi istifadə olunan materialların və hazır məhsulların davamlılığını, uzunömürlülüyünü təmin edir. Xammal Türkiyə Respublikasından idxal olunur. Burada istifadə olunan materialların bir qismi isə Naxçıvana məxsusdur. Təcrübəli mütəxəssislərin çаlışdığı müəssisədə istehsal prosesi avtomatlaşdırılmış, texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunmaqla normal iş şəraiti yaradılmışdır. İstehsal prosesi konveyer üsulu ilə həyata keçirilir. Kompyuterlə idarəetmə mərkəzi ilə təmin olunmuş texnoloji avadanlıqlarda verilən sifarişə uyğun işlər avtomatik olaraq yerinə yetirilir. Panel-radiatorun ayrı-ayrı detalları müxtəlif mərhələlər keçməklə hazırlanıb avtomatik qaynaq edilir və qaynaq işlərinin keyfiyyəti 8-9 atmosfer təzyiqlə test yoxlamasından keçirilir. Sonra isə iki mərhələdə boyaq işləri görülür. Birinci mərhələdə panel-radiator sulu boya ilə boyanıb xüsusi sobada 170 dərəcə istilikdə, ikinci mərhələdə isə tunel sobada 24 dəqiqə ərzində 215 dərəcə istilikdə elektrostatik toz boya ilə boyanıb qurudulur. Hazır məhsul xüsusi avadanlıqlarda paketlənib sifarişçilərin ünvanlarına göndərilir. Dam örtükləri istehsalı sahəsində isə dəmir lövhələr xüsusi qəliblərdə sıxılıb sifarişə uyğun kəsilir. Rəngli şiferlər tunel sobada xüsusi texnologiya, elektrostatik toz boya ilə boyanır. 
Müəssisədə fəaliyyət göstərən laboratoriyada müasir avadanlıqlar quraşdırılmışdır ki, bu da istər xammal, istərsə də hazır məhsulların keyfiyyət göstəricilərinə nəzarəti təmin edir. Hazırlanan məhsullar muxtar respublikamızda fəaliyyət göstərən ayrı-ayrı ticarət obyektlərində və “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının Bakı şəhərində fəaliyyət göstərən satış mərkəzi vasitəsilə ölkəmizin digər regionlarında və xarici bazarlarda satışa çıxarılır.
Məhsulları keyfiyyəti ilə seçilən “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının Panel-Radiator və Dam Örtükləri Zavodu qısa zamanda rəqabətqabiliyyətli müəssisəyə çevrilmişdir. Burada istehsal olunan məhsullar daxili bazarda özünə böyük istehlakçı kütləsi toplamaqla yanaşı, xarici bazarlarda da özünə xeyli alıcı toplamışdır. Müəssisədə istehsal olunan məhsulların xarici bazarlarda tanıdılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir, biznes-forumlarda və sərgilərdə yaxından iştirak edilir, xarici şirkətlərin nümayəndələri ilə fikir mübadilələri aparılır, bu sahə ilə məşğul olan sahibkarların təcrübələrindən bəhrələnməklə xarici bazarlardan daha çox alıcı cəlb edilməsinə çalışılır. Həyata keçirilən kompleks tədbirlərin nəticəsidir ki, istehsal edilən yüksək keyfiyyətli məhsulların Rusiya, Qazaxıstan, İran, İraq və digər xarici ölkələrə ixracı və satışı təmin edilmişdir. Digər xarici ölkələrdə də müəssisədə istehsal olunan məhsulların satışa çıxarılması istiqamətində işlər davam etdirilir.
Müəssisədə 54 nəfər daimi işlə təmin olunmuşdur. Yüksək əməkhaqqı, xüsusi geyim formaları ilə təmin olunan kollektiv bazarın tələbatına uyğun yüksək keyfiyyətli məhsul istehsal edib satışa çıxarılması üçün mövcud imkanlardan səmərəli istifadə etməyə səy göstərir.

Kərəm HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR