23 Dekabr 2024, Bazar ertəsi

Cəmiyyətin rahat və təhlükəsiz həyatının mühüm şərtlərindən biri etibarlı ərzaq təminatıdır. Ölkə əhalisinin keyfiyyətli ərzaq təminatını özündə ehtiva edən ərzaq təhlükəsizliyi bu baxımdan dövlətin üzərinə düşən mühüm vəzifələrdəndir. Çünki ilin bütün fəsillərində və istənilən şəraitdə əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminat məsələsini yalnız dövlət həll edə bilər.
Ərzaq təhlükəsizliyi çox geniş anlayışdır. O təkcə hansısa mənbələr hesabına müəyyən vacib ərzaq məhsulları ehtiyatının yaradılması deyil, həm də bu ehtiyatların formalaşdırılmasının dayanıqlılığının təmin olunması üçün zəruri şəraitin, habelə bunun üçün maddi stimulların və sosial zəmanətlərin yaradılmasıdır. Ona görə də ərzaq təhlükəsizliyi dedikdə torpaqlardan səmərəli istifadə, mütərəqqi suvarma, məhsuldar toxum sortlarının əldə olunması və yetişdirilməsi, istehsal olunmuş məhsulların saxlanılması və emalı, ticarət infrastrukturunun yaradılması və aqrar sahədə iqtisadi mənafelərin əlaqələndirilməsi kimi vacib məsələlərə baxmaq lazımdır. Xüsusən çörək və digər taxıl məhsullarının istehsalı tarixboyu cəmiyyətin əsas qayğılarından biri olsa da, tarixən aqrar sahənin üzərinə düşən bu vəzifə dövlətin ümumi iqtisadi təhlükəsizlik siyasətinin mühüm bir parçası olub.

Muxtar respublikamızda bu sahədə görülmüş işlərə nəzər saldıqda, ilk dövrdə, regionda istehsalı mümkün olmayan ərzaq məhsullarının sərfəli qiymətlərlə idxalı ilə bərabər, eyni zamanda daxili bazarı rəqabətdən qorumaqla mühüm ərzaq məhsulları üzrə yerli istehsalın təşkil olunduğunu, bu məqsədlə səmərəli kreditləşmənin təminini, aqrar bazarın mövsümilikdən asılılığını aradan qaldıran soyuducu anbar və digər infrastruktur şəbəkəsinin yaradılmasını, modern kənd təsərrüfatı texnikalarının alınıb gətirilməsini və onların lizinq yolu ilə kənd təsərrüfatı sahibkarlarına verilməsini, kəndliyə güzəştli qiymətlərlə gübrə, yanacağın verilməsi kimi genişmiqyaslı işləri görürük. Bu vəzifələrin uğurla həll edilməsi, öz növbəsində, regionda ərzaq təhlükəsizliyinin uzunmüddətli dövr üçün həllinə şərait yaradır.
Ərzaq təhlükəsizliyinin təmin olunması təkcə ölkəmiz və muxtar respublikamız üçün aktual olmayıb, bütün dünyanı düşündürən bir problemdir. Belə ki, bu gün dünyada yüz milyonlarla insan aclıq həddində yaşadığı halda, iri ərzaq məhsulları istehsalçıları olan ölkələrdə hazır məhsulun satışı problemi özünü göstərir. Yaxud geniş əkin sahələrinə malik olan və texnoloji cəhətdən inkişaf etmiş ölkələrdə taxılın ərzaq məhsulu kimi deyil, texniki məqsədlər üçün xammal və ya yem məqsədilə istifadəsinə üstünlük verdiyi də məlumdur. Yəni burada təkcə mühüm ərzaq məhsullarının sırf istehsalı problemi ilə yanaşı, iqtisadi mənafe və etibarlı əməkdaşlıq məsələləri də ön plana çıxır. Bundan əlavə, müasir dünyada ekoloji problemlərin kəskinləşməsini, əkinəyararlı münbit torpaq sahələrinin sürətlə azaldığını və bütün bunların əksinə, planetin əhalisinin get-gedə artmasını nəzərə alsaq, hər bir ölkədə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı məsələsinin gələcəkdə də öz ciddiliyini qoruyacağı göz qabağındadır. Belə bir vacib məsələ dünyada bir çox beynəlxalq və regional təşkilatların diqqət mərkəzində olsa da, əslində, bu problem ölkələr və onların kiçik regionları səviyyəsində həll olunduqda daha çox uğur qazanıldığını görürük. Buna görə də artıq tam əminliklə deyə bilərik ki, Naxçıvan Muxtar Respublikasında bir vaxtlar kəskin problem kimi özünü göstərmiş bu məsələnin uğurlu həlli ərzaq təhlükəsizliyinə tam nail olunmasının mühüm bir modelidir.
1990-cı illərin əvvəllərində, müstəqilliyin ilk illərində muxtar respublikamızda ərzağa olan tələbat idxal, o cümlədən bir sıra yardımlar hesabına ödənilirdi. O dövrdə ulu öndərimizin rəhbərliyi ilə ölkəmizdə ilk dəfə Naxçıvanda başlanılmış aqrar islahatlara uyğun olaraq, sonrakı illərdə muxtar respublikamızın aqrar potensialının hərəkətə gətirilməsi üçün kompleks tədbirlərə başlanıldı. Bu sahə üzrə müxtəlif dövlət pro-qramlarında qarşıya qoyulmuş vəzifələrin uğurla icra edilməsi bu məsələnin kompleks həllinə imkan verdi. Naxçıvan Muxtar Respublikasında biznes mühitinin yaxşılaşdırılması, ərzaq məhsullarının istehsalı üzrə sahibkarlığın inkişafı və sağlam rəqabətin qorunması, dövlət investisiyalarının aqrar bölməyə, onun infrastruktur təminatının yaxşılaşdırılmasına yönəldilməsi, suvarılan torpaq sahələrinin genişləndirilməsi, meliora­siya və irriqasiya sistemlərinin müasirləşdirilməsi və potensialının gücləndirilməsi, su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsi, ərzaq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarət, ərzaq məhsullarının satış-tədarük bazalarının və satış mərkəzlərinin, soyuducu anbar­ların, qablaşdırma müəssisələrinin yaradılmasının dəstəklənməsi kimi bir çox məsələlərin uğurlu həlli öz bəhrəsini verməkdədir. Muxtar respublikada bank-kredit qurumlarının, Sahibkarlığa Kömək Fondunun və digər təşkilatların vəsaitləri hesabına sahibkarlara, o cümlədən kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı ilə məşğul olan iş adamlarına güzəştli kreditlərin verilməsi davam etdirilməkdədir. Belə ki, təkcə cari ilin ötən dövründə kənd təsərrüfatı ilə məşğul olan təsərrüfat subyektlərinə, ümumilikdə, 7 milyon 233 min 500 manat məbləğində kreditlərin verilməsi təmin olunub.
Naxçıvanda builki taxıl biçini də artıq uğurla başa çatıb. Bu ilin məhsulu üçün muxtar respublikamızda 31579 hektar sahədə taxıl əkilmişdi və cari ildə taxıl zəmilərindən 94117 ton taxıl yığılıb.
Kartof ikinci çörəkdir. Buna görə də muxtar respublikada tələbata uyğun olaraq kartofçuluğun inkişafında da müsbət dinamika saxlanılaraq 2016-cı ildə 3053 hektar sahədə kartof əkini aparılıb ki, bu da 2015-ci ildə əkilmiş sahədən 86 hektar çoxdur. Hazırda Naxçıvan bazarında kartofun pərakəndə satış qiyməti bu sahədə qazanılmış konkret uğurdan xəbər verir. Cari ilin ilk altı ayında 2015-ci ilin yanvar-iyun ayları ilə müqayisədə muxtar respublikada diri çəkidə 1,6 faiz çox, yəni 11300 tona yaxın ət və ya 1,7 faiz çox, yəni 47100 tona yaxın südün istehsal olunması heyvandarlıq məhsulları istehsalı sahəsindəki artımdan xəbər verir. Ümumiyyətlə isə muxtar respublikamızda 2016-cı ilin yanvar-iyun aylarında ötən ilə nisbətən 5,6 faiz çox, yəni 117 milyon 545 min manata yaxın həcmdə kənd təsərrüfatı məhsulunun istehsalı ərzaq təhlükəsizliyi məsələsinin tam təmin olunduğunu göstərir.

 Əli Cabbarov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR