Yaxud hər bir məhsul öz qiymətinə satılanda sərfəli olar
Adətən, kəndli ot biçini başa çatandan, qış üçün yem ehtiyatı yaradandan sonra, necə deyərlər, rahat nəfəs alır. Payızın sonunadək həyət-bacada tikinti işləri aparır, səliqə-sahman yaradır. Elə mən də şənbə-bazar günləri kəndə getdiyim zaman bu yazılmamış qanuna riayət edir, kəm-kəsir qalan tikinti işlərini yekunlaşdırmağa çalışıram. Bazar günü idi. Tağı usta və köməkçiləri ilə birlikdə həyətdə işləyirdik. Bir yük maşını dayandı. Ortayaşlı bir kişi: – Yorulmayasınız, Allah qüvvət versin, bilmirsiniz, kimdə bəsləmə cöngə olar? – deyib Tağı ustanın üzünə baxdı.
– İndi bəsləmə cöngə tapmaq çətin olar. Mal-qara yaylaqdadır. Payızda qayıdacaq. Ətlik mallar da elə o vaxt satılacaq. Ancaq kənddə Nizamidə bir bəsləmə cöngə var. Oğlunun toyu üçün saxlamışdı. Eşitdiyimə görə toy gələn ilə qaldığından cöngəni satmaq istəyir, – deyib yolu nişan verdi.
Axşamtərəfi Nizaminin cöngəsini maşında aparan qəssabları görən Tağı usta işarə edib maşını saxlatdı. Elə Nizami də onlarla birlikdə idi.
– Razılaşa bildinizmi? – deyə soruşdum.
–Xeyr. Aparıb qəssabxanada kəsib satacaq, onlara da qəssab haqqı verəcəyəm.
– Bəs kənddə niyə kəsib satmırsan? Xidmət mərkəzində yüksək şəraiti olan ət mağazası da yaradılıb.
– Onu duz deyirsiniz. Ancaq məsələ burasındadır ki, süni mayalanmadan doğulmuş bu cöngənin, təqribən, 350-400 kiloqram əti var. Bu əti də bizim kənddə heç bir aya satıb qurtarmaq olmaz. Zay olar. Ona görə də razılaşdıq ki, şəhərdə sataq.
– Bəs niyə burada kəsib aparmırsınız?
– Ona qəssablar razı olmadı. Həm də cöngə elə qəssabxanada kəsiləndə alıcı da inamlı olur.
– Elədir. Bəs nə vaxt kəsiləcək?
– Allah qoysa, sabah, – deyib yola düşdülər.
Mən də axşamtərəfi işlərimi yekunlaşdırıb döndüm şəhərə. Bazar ertəsi səhər-səhər qəssabxanaya gedib cöngənin ətindən almaq istədim. Bolluq idi. Qoyun əti, quzu əti, inək əti, cöngə əti, – deyə müştəri səsləyən qəssablar satışa çıxarılan əti tərifləyir, müştəri cəlb etməyə çalışırdılar. Bir tərəfdə dayanıb Nizaminin bəsləmə cöngəsinin ətindən almaq üçün növbə gözləməli oldum. Məndən öndə dayanan müştəri ətin üstünə yazılmış 9 rəqəmini görər-görməz hövsələdən çıxdı. Havanın istisindən, bir də piylənmənin təsirindən tər tökən, əl dəsmalı ilə alnını qurulayan müştəri:
– 9 manata ət olar? – deyib qəssaba narazılığını bildirdi.
– Mən əti satanam. Ətin sahibi odur, – deyib Nizamini göstərdi. Nizami müştəriyə yaxınlaşıb soruşdu: – Nədən narazılıq edirsiniz?
– Ətin qiymətindən. Ət 8 manatdır. Siz niyə 9 manata satırsınız?
– Düz deyirsiniz, ət 8 manatdır. Ancaq mənim satdığım isə yay uzunu tövlə şəraitində bəslənən cöngə ətidir. Qiyməti də 9 manatdır.
Nizami həmin müştəriyə qoşulub, hərdənbir narazılıq edən cavan oğlana: – Sən bilirsən, ətlik cöngə necə bəslənilir? Yayın istisində, dağlarda yerləşən təbii biçənəklərdə kərənti çəkir, ot biçir və həmin otu bağ edib dağ cığırları ilə 5-10 kilometr məsafədə daşıyıb qış üçün yem tədarük edirlər. Bu proses 2-3 il davam edir, – deyib onun üzünə baxdı.
– Mən hardan bilim. Mən şəhərdə böyümüşəm.
Bu zaman cib dəsmalını çıxarıb alnının tərini silmək əvəzinə ayaqqabısını parıldayanadək silən, özündən müştəbeh müştəri: – Ay kişi, bizə nə dəxli var, sən necə bəsləmisən, nə qədər xərc çəkmisən? – dedi.
– Sakitcə dayanıb müştəriləri dinləyən Nizami, görürəm cavansan. Kənd həyatından xəbərsizsən. Onda de görüm Bakıya və ya digər şəhərlərə bilet alıb təyyarə ilə getmisən?
– Bəli.
– Təyyarədə uçmaq üçün “ekonom” bilet almısan, yoxsa “biznes klass”?
– Yox, mən ümumi qaydada satılan bilet alıb getmişəm.
– Bəs ümumi qaydada bilet alıb “biznes klass” bölməsində necə, getmisən?
–Yox ora qoymazlar.
– Niyə?
– Çünki o bölmədə gedənlər az qala ikiqat pul ödəyirlər. Həm də orada əyləşənlərə ümumi qaydada bilet alan sərnişinlərdən fərqli olaraq digər xidmətlər də göstərirlər.
– Ay sağ ol. Bax oğul, mən də bu cöngəyə düz 3 il “biznes klass” xidmətləri göstərib, necə deyərlər, bir ətək xərc çəkmişəm ki, ümumi qiymətə satam? Mənim satdığım ət elə “biznes klass” qiymətlərinə layiqdir. Ona görə də siz ünvanı səhv salmısınız. Ümumi qaydada saxlanılıb satışa çıxarılan 8 manatlıq ət qonşuluqdadır, – deyib sırada dayanan digər müştəriləri yola salmaq istədi.
– Yox, biz ünvanı səhv salmamışıq, ağzımızın dadını da yaxşı bilirik. Sadəcə, biz elə düşünürdük ki, bütün çeşiddə olan ət elə 8 manat olmalıdır. Ancaq indi gördük ki, hər ətin öz qiyməti var. – Buyurun, bizə də ət çəkin, – deyən “narazı müştərilər” ət alıb getdilər.
Beləcə, biz də dağların gülü-çiçəyi ilə bəslənmiş cöngə ətini 9 manata alıb döndük evə. Qoy halallıq olsun, – dedik. Axı kəndli 2-3 il bir cöngəyə qulluq edir, yem alır, yem toplayır, əziyyət çəkir. O, zəhmətsiz gəlir yox, alın təri ilə, zəhməti ilə qazanır bu pulu.
Sonda onu da deyək ki, hər bir məhsul öz adı ilə satılanda, həm satan, həm də alan üçün sərfəli olur, heç kəs heç kəsin haqqına toxunmur. Üstəlik də, halallıq olur.
Kərəm Həsənov