23 Dekabr 2024, Bazar ertəsi

Şərur rayonunda meliorasiya-irriqasiya tədbirlərinin həyata keçirilməsi diqqətdə saxlanılır. Arpa­çay dəryaçası əsaslı şəkildə təmir olunub, mövcud su qovşaqları yenilənib.
Rayonda əkin sahələri, əsasən, Arpaçay dəryaçası, həmçinin “Şərur”, “Löhmə”, “İbadulla” və “Çərçiboğan” kanalları, Araz çayından sudartan nasos stansiyaları və subartezian quyuları vasitəsilə suvarılır. Şərur Rayon Suvarma Sistemləri İdarəsi tərəfindən bu ilin ilk 6 ayında nasos stansiyalarının, kanal və arxların, içməli su xətlərinin, subartezian quyularının, hidrotexniki qurğuların əsaslı təmiri diqqət mərkəzində saxlanılıb. 125 kilometrə yaxın məsafədə beton və torpaq məcralı kanallar, drenaj şəbəkələri lildən təmizlənib.
Püsyan, Tumaslı, Ərəbyengicə, Kürçülü su toplayıcılarında, Şərur və Zeyvə kanallarında, ara arxlarda, Tumaslı kollektorunda lildən təmizləmə işləri başa çatdırılıb. Ələkli və Vərməziyar kəndləri arasındakı 3 kilometr uzunluğunda olan suvarma boru xəttinin çəkilişi tamamlanıb, Arpaçay-Tənənəm-Püsyan selovunda selə qarşı mübarizə tədbirləri həyata keçirilib.
Əhalinin içməli su təchizatı da diqqət mərkəzindədir. Aralıq kəndində hər biri 4 min kubmetr su tutan 2 anbar fəaliyyət göstərir. Rayonun 14 kəndinə, həmçinin Kəngərli rayonunun Qıvraq qəsəbəsinə, Qabıllı və Xok kəndlərinə bu anbarlardan nasoslarla içməli su çatdırılır.
Kollektivin gücü ilə ötən müddət ərzində 172 subartezian quyusunda əsaslı və cari təmir işləri aparılıb, o cümlədən 25 quyuya yeni nasos qoyulub, 2 quyu bərpa edilib, 2 quyu isə yenidən qazılıb istifadəyə verilib.

Elman MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR