Yeni iqtisadi şəraitdə ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər arasında bölgələrə məxsus yerli istehsal-əmək ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb olunması hesabına daha çox emalyönümlü müəssisələrin işə salınması, çox sadə texnologiya ilə başa gələn istehsal sahələrinin yaradılması ön planda durur. Muxtar respublikamızın müxtəlif rayonlarının bu sahədəki potensialının və mövcud vəziyyətin təhlili istiqamətində apardığımız araşdırmaların növbəti ünvanı Culfa rayonu idi. Culfada apardığımız təhlillər burada emal sənayesinin inkişaf mərhələsində olduğunu deməyə əsas verir.
Culfa rayonu Naxçıvan Muxtar Respublikasının geniş əhali və torpaq ehtiyatlarına sahib, əlverişli iqlimə və mineral sərvətlərə, müasir yol-nəqliyyat infrastrukturuna malik olan ərazi vahidlərindəndir. Rayonda 1 şəhər, 22 kənd və 40 mindən artıq əhali vardır. Culfalılar əkinçilik, bağçılıq, bostançılıq və heyvandarlıqla məşğul olub yüksəkkeyfiyyətli məhsul istehsal edirlər. Naxçıvan bazarında hamının seçmədən bəyənib aldığı Bənəniyar üzümü, Milax pomidoru, Yaycı soğanı, Ləkətağ balı, Ərəfsə pendiri və daha çox sayda Naxçıvan nemətləri məhz Culfa kəndlisinin məhsuludur. Bunlardan başqa, Culfanın təbii-mineral sərvətləri hesabına istehsal olunan kərpic və üzlük daş, qazlı suların və dondurmaların istehsalında mühüm şərt olan bərk karbon qazı da bu rayonda emal olunub istehsalçılara çatdırılır.
İqtisadiyyatda emal sənayesinin əhəmiyyəti haqqında çox deyilib. Təkrarçılıq olmasın deyə, bunlar haqqında bir daha söhbət açmağa ehtiyac duymuruq. Ancaq bir reallıq var ki, bu gün muxtar respublikaya idxal olunan bəzi məhsulları digər rayonlarımız kimi, Culfada da istehsal edib daxili bazarı təmin etmək və hətta ixracata da göndərmək olar. Bu baxımdan muxtar respublikamızda istehsal oluna biləcək bəzi məhsulların hələ də xaricdən və ölkəmizin başqa yerlərindən gətirilməsi qarşıda çox işlərin olduğunu göstərir. Elə Culfada da ilk araşdırmalarımız bu qənaəti formalaşdırır. Belə ki, Culfa rayonunda 200-ə yaxın qeyri-istehsalyönümlü sahibkarlıq sahəsi olduğu halda, cəmi 44 emal-istehsal sahəsi vardır. Bu müəssisələrə profilləri üzrə nəzər saldıqda onların 23-nün çörəkbişirmə üzrə istehsal sahələri olduğu görünür. Bundan başqa, rayonun Darıdağ massivində karbon qazı istehsalı, Kırna kəndində broyler, Yaycı kəndində kərpic və üzlük daş, Bənəniyar kəndində torba və kəpək, Əbrəqunus kəndində meyvə şirələri, Culfa şəhərində göbələk, Camaldın kəndində un istehsalı sahələri vardır. Bunlardan başqa, rayonda 4 mebel və 4 plastik qapı-pəncərə istehsalı sahəsi də fəaliyyət göstərir. Rayonun Kırna, Camaldın və Saltaq kəndlərindəki su dəyirmanları da əhalinin yetişdirdiyi taxılın emal olunmasında əhəmiyyət daşıyır. Ümumilikdə, bu müəssisələrdə təqribən 200 nəfər işlə təmin olunub. Emal müəssisələrinin, əsasən, Culfa şəhərində və rayonun Yaycı, Bənəniyar, Əbrəqunus kimi iri kəndlərində daha çox olduğu görünür. Ancaq halbuki rayonun bir-birinə çox yaxın olan Əlincə, Xoşkeşin, Saltaq və Xanəgah kəndlərinin də aşıb-daşan meyvəsinin, yaxud ət-süd məhsullarının emal olunaraq ilboyu daxili bazarda satılması mümkündür. Doğrudur, indi muxtar respublikamızın hər yerində kəndlinin vaxt itirib şəhərə və rayon mərkəzinə gəlmədən ona lazım olan əksər ticarət, məişət və işgüzar xidmətləri kənddəcə alması imkanları yaradılıb. Ancaq kənddə yaradılan hər yeni istehsal sahəsi, burada işləyən hər bir nəfər işçi bu qədər sayda ailənin gəlirlərlə təmin olunması və deməli, həyat səviyyəsinin yüksəlməsi, sosial problemlərin həlli deməkdir. Ona görə də ucqarlarda çox deyil, cəmi beş nəfərin işlə təmin olunduğu kiçik bir emal müəssisəsi öz iqtisadi əhəmiyyətinə görə şəhərlərdəki ortaölçülü müəssisələrlə müqayisə olunmasa da, regional inkişaf və sosial məsələlərin həlli baxımından onlardan heç də geri qalmır. Bu baxımdan muxtar respublikamızın hər yerində olduğu kimi, Culfa rayonunun kəndlərində də fəaliyyət göstərən hər bir kiçik istehsal müəssisəsi dövlətimizin xüsusi fikir verdiyi regional inkişaf prioritetlərinə xidmət edən addımdır. Odur ki, Culfa rayonunda da bir vaxtlar kifayət qədər geniş həcmdə fəaliyyət göstərmiş ət və üzüm emalı, şərab istehsalı sahələrinin yenidən dirçəldilməsi üçün layihələr hazırlanması iqtisadiyyat məsələləri üzrə aidiyyəti qurumları düşündürməlidir.
“Əylis” Məhdud Məsuliyyətli Cəmiyyəti un istehsalı və çörək bişirilməsi üzrə ixtisaslaşıb. Camaldın kəndinin ərazisində yerləşir. Sahibkar Nazim Fətəliyev deyir ki, dəyirmançılıq işi ilə 2003-cü ildən məşğul olur. Gündəlik istehsal gücü 50 ton olan dəyirmanda müasir avadanlıq quraşdırılıb. “Nuranə” əmtəə nişanı ilə istehsal olunan una tələbat böyükdür. Elə onun özünün də lavaşbişirmə sahəsi vardır. Beş nəfərin daimi işlə təmin olunduğu müəssisədə işçilərin normal fəaliyyəti üçün hər cür şərait yaradılıb. Culfa muxtar respublikamızın iri taxıl istehsalçısıdır. Ona görə də dəyirman xammal qıtlığı hiss etmir.
Muxtar respublikamızda Saltaq lavaşını hamı tanıyır. Bu kənddə üç lavaşbişirmə müəssisəsi fəaliyyət göstərir. İbrahim Abdullayevə məxsus lavaşbişirmə müəssisəsi 2011-ci ildən fəaliyyət göstərir. Sahibkar öz vəsaiti hesabına bu işi qurduğunu deyir. Beş nəfərin işlə təmin olunduğu müəssisədə gün ərzində 500 kiloqram dadlı, ətirli Saltaq lavaşı bişirilir. Alıcı problemi də yoxdur. Hər gün alınan sifarişləri yerinə yetirmək üçün servis maşını ilə Naxçıvan şəhərində və Culfa kəndlərindəki daimi müştərilərə təzə lavaş çatdırılır. Sahibkar yaşadığı kənddə, öz həyətində qurduğu biznesdən çox razı qaldığını bildirdi, dövlətin yaratdığı bu imkanlara görə minnətdarlıq etdi. Söhbət əsnasında gələcəkdə şirniyyat məhsulları istehsal etməyi də planlaşdırdığını dedi.
Yaycılı Nadir Vəlixanovun sahibkarı olduğu kərpic və üzlük daş istehsalı müəssisəsi artıq 10 ilə yaxındır ki, fəaliyyət göstərir. Bu istehsal sahəsində 8 nəfər daimi işlə təmin olunub. Sədərəyin qumu, Kəngərlinin sementi və Yaycının suyu ilə hasilə gəlib, həyətləri, yolları bəzəyən yüksəkkeyfiyyətli üzlük daş və kərpiclərə tələbat böyükdür. Hər gün istehsal olunan 40 kvadratmetrə yaxın üzlük daş və 500-dən artıq kərpicin Culfa ilə yanaşı, Ordubad, Babək və Naxçıvan şəhərindən də alıcıları vardır.
Görürük ki, Culfadakı sahibkarlar işlərindən məmnundurlar. Niyə də olmasın? Muxtar respublikamızda sərbəst biznes üçün hər cür şərait yaradılıb. Xammal, fasiləsiz elektrik enerjisi, su, təbii qaz var. Yol-nəqliyyat infrastrukturu heç zaman belə rahat olmayıb. Əgər daxili bazar da qorunursa, onda nəyə görə qolları çırmayıb özümüz iş görməyək? Doğrudan da, misal üçün, gözəl qablaşdırılmış kərə yağı istehsalı zeytun yağı istehsal etmək deyildir ki, bizdə onun xammalı olmasın. Elə isə Culfa kəndlisinin təsərrüfatlarındakı 100 mindən artıq xırdabuynuzlu heyvanın, 15 mindən artıq iribuynuzlu mal-qaranın məhsulunu da gələcəkdə emal edəcək bir sahibkara indidən uğurlar arzulayırıq.
Əli Cabbarov