23 Dekabr 2024, Bazar ertəsi

Qurub-yaratmaq təbiətən yaradıcı insanlara verilmiş bir vergidir. İnsan elə bir varlıqdır ki, o, heç vaxt dünən gördüyü işlə bu gün kifayətlənməyib, öz ağıl və bacarığına arxalanaraq sabah daha yüksək zirvəyə ucalmağa can atır. Bu mənada, müasir quruculuğumuzun bəzəyi olan və insanları heyrətləndirən milli memarlıq nümunələrimizin yaşadıldığı hər yeni bina, park və xiyaban özünün xarici görkəmi ilə insanlara rahatlıq gətirir, şəhərimizə xüsusi yaraşıq verir. Memarlıq şəhər mədəniyyətinin əsas atributlarından biridir. Şübhə yox ki, qədimdə köçərilikdən oturaq həyata qədəm qoyan insan əvvəlcə özünün həyati ehtiyaclarını, daha sonra isə estetik və mədəni tələbatlarını ödəmək üçün müxtəlif binalar tikmiş, sonra bunları daha gözəl və möhtəşəm edə bilmək üçün arxitektura elementləri tapmağa çalışmışdır. 

Əslində isə bizə zövq verən memarlığın ilhamçısı təbiətdir desək, yerinə düşər. Təbiət ən böyük memardır. Təbiətdəki mükəmməl simmetriya, göy cisimlərinin qüsursuz düzülüşü, mineralların, ağacların, çiçəklərin, otların, hətta kiçik qar dənəciklərinin ecazkar formaları zaman içərisində insanların diqqətini cəlb etmiş və bu daha sonralar əsərlərə çevrilərək əbədiləşmişdir. Beləcə, dünya mədəniyyətinin inciləri sayılan məşhur memarlıq abidələri belə yaranmış və bu gün yeni texnologiya ilə yaradılan əsərlərin, bir növ, ilham mənbəyinə çevrilmişdir.

Naxçıvan Azərbaycan memarlıq məktəbinin beşiyidir. Naxçıvanın memarlıq ənənələri Azərbaycan memarlığına böyük töhfələr vermiş bir məktəbdir. Naxçıvan memarlıq mühiti tək Azərbaycanda deyil, bütün yaxın coğrafiyada, Şərq memarlığında sayılıb seçilmiş, Yaxın və Orta Şərqdə təsir dairəsinə malik olmuşdur. İslam dövrü memarlığının monumental nümunələri, əsasən, XII-XIV əsrlərdə özünün inkişaf zirvəsinə çatdığından bu dövr memarlığın, eləcə də incəsənətin intibah dövrü adlanır. Orta əsrlər memarlıq sənətinin şah əsərləri olan Möminə xatın, Qarabağlar, Gülüstan türbələri kimi abidələr özünün memarlıq şərhi, daş üzərində nəqqaşlığı, konstruktiv xüsusiyyətləri baxımından orta əsr Azərbaycan və Naxçıvan memarlığının ümumi üslub sistemini formalaşdırır. Bu mənada, orta əsr Azərbaycan memarlığının inkişafında mühüm mövqe tutmuş Naxçıvan memarlıq məktəbi inşaat sənətinin yüksək inkişaf səviyyəsi ilə digər yerlərdən seçilmişdir.
İnşaat-arxitektura işləri iqtisadi inkişafın nəticəsidir. Tarixdə də bu, belə olmuşdur. Dövrümüzdə isə ölkə­mizin və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasının iqtisadi-sosial inkişafının bəhrələri sürətlə tikilib istifadəyə verilən yeni binaların, yolların, körpülərin, istirahət parklarının, meydanların timsalında aydın görünür. Muxtar respublikamızın paytaxtı Naxçıvan şəhəri başda olmaqla, bütün digər yaşayış məntəqələrimiz sürətlə öz simasını dəyişir, yeni üslubda tikilmiş tikililər göz oxşayır. Bu gün Naxçıvanda tikilib istifadəyə verilən yeni universitet və məktəb binaları, səhiyyə obyektləri, kənd mərkəzləri, inzibati binalar, yaşayış kompleksləri, park və əyləncə mərkəzləri, otel və qonaq evləri kimi bir çox funksional təyinatlı tikililərin inşa edilməsində istifadə olunan müasir inşaat materialları vasitəsilə milli memarlıq elementlərinin necə ustalıqla tətbiq olunduğunu görürük. Müasirliyə qovuşmaqla bərabər, milliliyimizin qorunması istiqamətində də aparılan uğurlu siyasətin nəticəsində muxtar respublikada tikilən binalar, salınan parklar müasir memarlıq tendensiyaları ilə yanaşı, qədim memarlıq ənənələrinin nəzərə alınması ilə inşa olunmaqdadır. Artıq Naxçıvanda yerli ənənələrin, üsulların ümumi Azərbaycan və dünya memarlığına xas olan cəhətləri ilə birləşməsindən özünəməxsus siması olan bir memarlıq mühiti yaranır. Nəticədə, Naxçıvan memarları memarlıq-inşaat problemlərini müvəffəqiyyətlə həll edərək gözəl memarlıq əsərləri yaradır, memarlıq mühitinə öz töhfələrini verirlər.
Naxçıvan həm də tətbiqi-dekorativ sənət növlərinin yüksək səviyyədə inkişaf etdirildiyi bir məkandır. Bu barədə fikirlərini öyrənmək üçün müraciət etdiyim Naxçıvan şəhərinin baş memarı Nicat İsayev bildirdi ki, müasir dövrümüzdə inşa olunan binalar və digər memarlıq qurğularında Naxçıvana xas olan tətbiqi-dekorativ sənətinin izlərinə tez-tez rast gəlmək mümkündür. Kərpic işləmələr, müxtəlif dekorativ naxışlar, daş nəqqaşlığı yeni tikililərdə geniş istifadə olunur. Bundan əlavə, binaların, parkların layihələndirilməsində milli ornament­lərdən olan səkkizguşəli ulduz, hilal ay, aypara, Günəş, habelə buta, qoç və digər milli memarlıq atributları uğurla tətbiq olunur. Bunlara şəhərimizdəki yeni salınmış parklardakı kilid daşlardan tutmuş Şərq hamamı və yeni bərpa olunmuş Əlincəqalayadək hər yerdə rast gəlmək mümkündür. Özünün uğurlu tətbiqinə və miqyasına görə Naxçıvan şəhərindəki Bayraq Meydanında tətbiq olunmuş landşaft memarlığı isə şəhərimizə gəlmiş qonaqların diqqətini xüsusilə cəlb edir. Ümumiyyətlə, Naxçıvan şəhərində istər yeni tikilən, istərsə də əsaslı təmir olunan binalarda milli memarlıq üslubunun tətbiq olunması həmişə diqqət mərkəzindədir.
Müasir Naxçıvanın quruculuq xəritəsi çox genişdir. Muxtar respublikanın paytaxtından tutmuş ucqar kəndlərədək hər yerdə tikilən və əsaslı təmir olunan yeni obyektlər bu torpaqda iqtisadi və sosial həyatın dinamikasından, insanların məskunlaşma arzularından xəbər verir. İstər Naxçıvan şəhərində tikilən çoxmərtəbəli bina, istər yol üzərində inşa olunmuş bulaq-abidə, istər ucqar bir dağ kəndindəki kənd mərkəzi binası, istərsə də yenicə bərpa olunmuş Gülüstan türbəsi olsun. Bütün bunların hamısı bizim, Azərbaycan xalqının, naxçıvanlılarındır. Bu tikililərdə yaşadılan milli memarlıq elementləri isə xalqımızın minillik keçmişi, bu günü və gələcəyi arasında inşa olunan mənəvi körpünün dayaqları, mədəniyyətlərarası dialoqun etibarlı ünsürləridirlər. Bunlar əbədiyaşardırlar. Çünki xalqımızın uca Tanrı sevgisi, bütün millətlərə və xalqlara qarşı tolerantlığı, təbiətə qayğısı və insana məhəbbəti bu əsərlərdə daşların dili ilə yaşadılır. Yaşadılır ki, dünyəvi dəyərlər də yaşadılsın.

Əli Cabbarov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR