23 Dekabr 2024, Bazar ertəsi

Bu bulağın suyu “Darıdağ” əmtəə nişanı ilə satışa çıxarılacaq

Mobil telefonuma zəng vurub, iş vaxtından sonra onlara gəlməyi xahiş edən Rüstəm: – Dostun Qurban da gəlib, elə bağçada, meyvə ağaclarının altında sizə gözəl bir çay süfrəsi açmışam, – dedi.
İş vaxtından sonra onlara getdim. Çoxdandır görüşmədiyimiz Qurbanla hal-əhval tutduq. Nə var, nə yox? Nə yaxşı bizləri yada salmısınız? – deyə soruşdum.
Yanında əyləşən qonaqları göstərib: – Səhhətlərində bir az problem var. Fikirləşdim ki, cavanlıqda xəstə­likdən əziyyət çəkdiyim zaman köməyimə çatan Əlincəçay vadisindəki müalicəvi sudan istifadə etsinlər. Bəlkə, bunların da dərdinə əlac olar. Ağızlarda yeni dad, cavanlığa bir qanaddır Darıdağ mineral müalicəvi süfrə suyu, – deyən dostum Qurban xeyli fikrə getdi. Sonra da söhbətini davam etdirdi:
– Gənc yaşlarımda mədə-bağırsaq xəstəliyindən çox əziyyət çəkir, atamla birlikdə o xəstəxana sənin, bu xəstəxana mənim deyib aylarla müalicə kursu keçir, nisbətən rahatlanan kimi, şükür, deyəsən, sağaldım, – deyib dönürdük evə. Təqribən, bir neçə aydan sonra başlanan ağrılar yenidən xəstəxanaya, özü də digər xəstəxanalara müraciət etməyə məcbur edir, sağalmaq ümidimi kəsmirdim. Amma düzünü deyim ki, kimyəvi dərmanları qəbul etməkdən də bezmişdim. Hətta xəstəxanaların birində həkimin atama:

– Ağsaqqal, biz nə lazımdırsa etdik, aparın uşaq bir az evdə dincəlsin. Onun qəbul etdiyi kimyəvi dərmanlar daxili orqanların birinə xeyir edirsə, digərinə də zərər verir, – dediyi sözləri də eşitdim.
Dərdimə əlac olmayacağını düşündüm. Bir azdan palataya dönən atam: – Oğul, yığış gedək, artıq müalicən başa çatıb. Həkim dedi ki, İnşallah yaxşı olacaq, – deyib göz yaşlarını məndən gizlətməyə çalışdı.
Qəriblikdə ata-oğul nə çəkdik, onu bir Allah bilir. Kor-peşman döndük evə. Məni yoluxmağa gələn qonum-qonşu, qohum-əqrəba solmuş bənizimə baxıb, – İnşallah yaxşı olar, müalicədən yenicə qayıtmısan, dərmanlar öz təsirini göstərdikcə gümrahlaşacaqsan, – deyib ürək-dirək verirdilər.
Ertəsi gün bizə gələn nurani bir qoca atama: – Oğul, bu uşağı çox yorma, dədə-babadan bu xəstəlikdən əziyyət çəkənləri Gülüstan kəndinin yaxınlığında yerdən çıxan bulaq suyu ilə müalicə edərdilər. Get o sudan gətir, yeməkdən əvvəl ver bu uşağa içsin. Bir ay keçər-keçməz uşaqda irəliləyiş olar.
– Ağrı imkan verir ki, uşaq yemək yesin, – deyən atamın sözünü kəsən qoca, – o suyu içəndən sonra həm yemək yeyəcək, həm də inşallah xəstəliyindən əsər-əlamət qalmayacaq, – deyib getdi.
Növbəti gün atamın motosikleti ilə yollandıq nurani qocanın dediyi ünvana. Magistral yoldan şəfa bulağınadək avtomobil yolu yox idi. Dərəlik körpüsündən Əlincəçay vadisi ilə, təqribən, 3 kilometr yol getdik. Nəhayət, şəfa bulağına çatdıq. Baxımsız vəziyyətdə idi. Öz axarı ilə quyudan fontan vuran sudan iki butulka doldurub içdim. Özümüzlə götürdüyümüz qabları da doldurub döndük evə. Beləcə, günaşırı bu ümid yolunu gedir, həmin su ilə müalicəni davam etdirirdik. Ayrı yolumuz da yox idi. Uzun illər atamın topladığı pullar da xəstəxanalarda tükənmişdi. Atalar yaxşı deyib: “Allahdan ümid kəsilməz”. Elə bizim də ümidimiz xeyirxah insanların vasitəsilə kəsilmədi.
Bir müddətdən sonra həmin xəstə­likdən əsər-əlamət belə, qalmadı. Hətta atam tam arxayın olsun deyə, təqribən, iki ildən sonra müalicə aldığım xəstəxanaları bir-bir gəzdirib məni müayinə etdirdi. Nəticələri görən həkimlər: – Ağsaqqal, bu inanılmazdır. Uşağı harada müalicə etdirmisiniz? – deyib təəccüblə üzümüzə baxdılar.
– Heç, rayonda bulaq var, onun suyu ilə müalicə olunub, – deyən atamı sorğu-suala tutdular. Hətta həmin həkimlərdən və onlara müraciət edən xəstələrdən gəlib müalicə alanlar, şəfa tapanlar da oldu. İndi zaman dəyişib. Eşitdiyimə görə, həmin şəfa bulağında müasir tələblərə cavab verən müəssisə qurulur, – deyən Qurbanın üzünə baxdım.
– Harada? – deyə soruşdum.
– Əlincəçay vadisində.
– Nə vaxtdan başlanılıb? – deyə sualı sualın ardınca verdiyimi görən Qurbanın qardaşı Rüstəm:
– Qardaş, bu jurnalistlərə də söz deməyə peşman olursan, adamı tuturlar sorğu-suala, – deyib xeyli güldü və söhbətinə davam etdi.
– Bakıda yaşayan, böyrək xəstəliyindən əziyyət çəkən qaynım da ötən ildən şəfa bulağının suyundan mütəmadi olaraq istifadə edir. Bu il də gəlmişdi. Birlikdə getdik şəfa bulağına. Orada gördüm ki şəfa bulağında artıq müasir bir müəssisə qurulub.
– Aydındır, arxayın olun, daha heç nə soruşmayacağam, çayınızı rahat için, – dedim.
Beləcə, ertəsi gün dostum Qurbanı və bir çox insanları düçar olduğu ağır xəstəlikdən xilas edən şəfa bulağı və orada aparılan quruculuq tədbirləri barədə ətraflı məlumat almaq üçün Naxçıvan-Culfa magistral avtomobil yolu ilə üz tutduq “Darıdağ” təbii mineral müalicəvi süfrə suyu istehsal edilən müəssisəyə.
Rahat yolla irəliləyən avtomobildə ətrafdakı quruculuq ərməğanlarını seyr edən Qurban dedi:
– Bu cür tikililəri, avtomobil yollarını yalnız röyalarımızda görüb, xəyallarımızda qura bilərdik. Ancaq şükürlər olsun ki, bütün bunları həyatımızda yaşamaq bizə nəsib oldu.
Naxçıvan-Culfa magistral avtomobil yolundan sağa dönüb Əlincəçay vadisinə endik. Təqribən, 3 kilometr getmişdik ki, quruculuq ərməğanlarının təbiət mənzərələri ilə həmahənglik təşkil etdiyi ecazkar bir mənzərə ilə qarşılaşdıq. Darıdağ silsiləsindən olan qırmızı-qonur dağların sinəsində, Əlincəçay vadisində seldən sonra qalan qonur daşların üzərində “yaşıl ada”nı xatırladan sənaye müəssisəsinin qurulduğunun, ətrafında abadlıq işləri aparıldığının, yaşıllıqlar salındığının şahidi olduq. Elə buradaca mütəxəssislərlə görüşdük.
– Əlincəçay vadisində yerləşən şəfa bulağında qurduğunuz yeni istehsal müəssisəsi insanların sağlamlığının bərpasında və qorunmasında mühüm rol oynayan bu qiymətli təbii sərvətimizdən təkcə muxtar respublika sakinləri deyil, ölkəmizin paytaxtı Bakı şəhərində və digər regionlarda, həmçinin xarici ölkələrdə yaşayan, “Darıdağ” təbii mineral müalicəvi süfrə suyuna ehtiyacı olan insanların da istifadəsinə geniş imkanlar açacaq, – deyən mütəxəssisdən yeni istehsal müəssisəsi ilə tanış ola bilərikmi? – deyə soruşdum.
– Əlbəttə, buyurun keçin, – deyə bizi müəssisəyə dəvət etdilər. Mütəxəssislərin dediklərindən:
– “Mineral suların təbii muzeyi” adlandırılan Naxçıvan Muxtar Respublikasında 200-dən çox mineral su mənbəyi mövcuddur. Onlardan biri də Culfa rayonunun Gülüstan kəndi ərazisində çağlayan, Darıdağ silsiləsindən süzülüb gələn mineral sudur ki, bu təbiət möcüzəsi bir çox xüsusiyyətləri ilə qiymətlidir. İlk növbədə, əvəzsiz süfrə suyu olan “Darıdağ” həm də müalicəvi əhəmiyyətə malikdir. Belə ki, mədə-bağırsaq, qaraciyər, öd yollarının xroniki xəstəlikləri, kolit, diabet, böyrək xəstəlikləri, eyni zamanda maddələr mübadiləsinin pozulması və sair xəstəliklər zamanı müalicə məqsədilə istifadə edilir. Bu, elmi əsaslarla sübut olunub və “Darıdağ” təbii mineral müalicəvi süfrə suyunun analizləri aparılan Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun Kurort sərvətlərinin öyrənilməsi şöbəsinin hazırladığı və həmin institutun direktoru, tanınmış alim, professor Əlişir Musayevin təsdiq etdiyi rəydə də öz əksini tapıb.
“Darıdağ” mineral bulağı ötən əsrin 60-cı illərində aşkar edilib. 1961-1962-ci illərdə geologiya-minerologiya elmləri doktoru Əziz Əsgərovun rəhbərliyi altında bu ərazidə elmi-tədqiqat işləri aparılaraq müxtəlif kimyəvi tərkibli mineral sular sırasında bu bulaqdan istifadə olunması məqsədəuyğun hesab edilib. Dərinliyi 135 metr, sutkalıq debiti 1 milyon 500 min litr olan quyudan fontan vuran, zəif turş mühitə malik minerallaşdırılmış, kimyəvi tərkibinə görə hidrokarbonatlı, maqneziumlu, kalsiumlu, natriumlu, orqonoleptik göstəricilərinə görə rəngsiz, iysiz, şəffaf və çöküntüsüz, quyuda temperaturu 21 dərəcə olan, “Narzan” su qrupuna aid edilən bu sudan qədim zamanlardan bu günədək ayrı-ayrı xəstəliklərin müalicəsində istifadə olunub.
Özəl bölməyə, sahibkarlıq fəaliyyətinə göstərilən dövlət qayğısı bu sahədə də öz bəhrəsini verib, şəfa bulağının yerləşdiyi ərazidə ötən ildən yeni istehsal müəssisəsinin inşasına başlanılıb. Artıq burada istehsal sahəsi, xammal və hazır məhsulların saxlanılması üçün anbar, yeməkxana, laboratoriya və kompressor yarım­stansiyası olan yeni istehsal müəssisəsi qurulub. Müəssisədə Almaniya, Polşa və Rusiya istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılıb. İstehsal gücü saatda 3 ton olan tam avtomatlaşdırılmış istehsal xətti istifadəyə verilib. Müəssisə şəfa bulağının üzərində qurulduğundan əlavə xətt çəkməyə ehtiyac olmayıb. Hazır­da “Darıdağ” təbii mineral müalicəvi süfrə suyu istehsalı müəssisəsində sınaq-yoxlama işləri aparılır. İlkin olaraq 0,5, 1 litrlik plastik taralarda “Darıdağ” tanıtım nişanı ilə muxtar respublikamızda satışa çıxarılacaq bu təbii mineral müalicəvi süfrə suyunun yaxın vaxtlarda ölkəmizin paytaxtı Bakı şəhərində və digər regionlarda da alıcılara təqdim olunması nəzərdə tutulur. Onu da qeyd edək ki, mineral müalicəvi süfrə suyunun müəssisədən kənarda istifadə olunması üçün yeni su xətti çəkilib ki, bu da muxtar respublika sakinlərinin, həmçinin regionumuza gələn qonaqların bu sudan sərbəst şəkildə istifadə etməsinə əlverişli şərait yaradıb. Elə orada olduğumuz müddətdə biz də bunun şahidi olduq. Şəfa bulağına üz tutanlar arasında ölkəmizin ayrı-ayrı regionlarından, hətta xarici ölkə­lərdə müalicə alan və həmin səhiyyə müəssisələrinin verdiyi təyinata uyğun olaraq bu şəfa bulağına üz tutanlar, “Darıdağ” təbii mineral müalicəvi süfrə suyundan istifadə edib sağlamlığına qovuşanlar və ya onların bələdçiliyi ilə bu ünvana yenicə müraciət edənlər də var idi.
Biz də şəfa bulağının başına toplaşan insanların hər birinə Allahdan şəfa diləyib üz tutduq redaksiyaya. Məqaləni hazırlayarkən iş yoldaşım: – Mənim də qohumum bu şəfa bulağının suyu ilə müalicə olundu. Öd kisəsində olan daşdan xilas olub sağlamlığına qovuşdu, – dedi.
İnanırıq ki, Naxçıvana gəlmək imkanı olmayan xarici ölkə vətəndaşları da yaxın vaxtlarda şəfa bulağının suyundan istifadə etmək imkanı qazanacaq. Dünya bazarının mühüm mərkəzlərindən biri olan Dubayı fəth edən “Badamlı”, mineral sular ixracatçısı Rusiya və Türkiyə bazarında özünəməxsus yer tutan “Sirab” kimi, “Darıdağ” təbii mineral müalicəvi süfrə suyunu da, necə deyərlər, elə qapılarının ağzında alacaqlar.

 Kərəm Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR