23 Dekabr 2024, Bazar ertəsi

Daha bir taxıl tədarükü mövsümü başa çatdı. Payızdan bu isti yay günlərinədək çəkilən zəhmətin şahidi olduq. Muxtar respublika üzrə 31579 hektar taxıl əkini sahəsindən 94117 ton məhsul götürüldü ki, bu da 29,8 sentner məhsuldarlıq deməkdir. Qazanılan bu yüksək nəticənin təməlində dayanan başlıca amil taxılçılıqla məşğul olan torpaq mülkiyyətçilərinə hərtərəfli qayğı göstərilməsidir. Belə qayğını onlar cari ildə də görüblər. Bunu statistik rəqəmlər də təsdiq edir. 

Belə ki, muxtar respublikanın taxıl istehsalçılarına yanacaq və sürtkü yağlarına görə 2016-cı ilin fevral ayında 1 milyon 521 min manat, aprel ayında isə 5124 nəfər sahibkara 2 milyon 392 min manat dəyərində 4905 tondan artıq azot gübrəsi verilib və taxıl zəmilərinə səpilib. Bundan əlavə, cari ilin may ayında 3854 nəfər buğda istehsalçısına becərdikləri 26792 hektar buğda sahəsi üçün 1 milyon 72 min manat, yazlıq əkinlər üçün isə iyul ayında 1877 nəfər sahibkara 26926 hektar sahə üçün 1 milyon 346 min manat dəyərində yardımlar verilib.

Bu dövrdə meliorasiya və irriqasiya tədbirləri davam etdirilib. Məlumat üçün bildirək ki, muxtar respublika ərazisində 303,52 milyon kubmetr sututumuna malik olan sututarlara 278 milyon kubmetr su ehtiyatı toplanılıb. Regionda ikinci suvarma mənbəyi kimi istifadə edilən 102 nasos stansiyasının 100-ü və 887 subartezian quyusunun 820-si istismar olunmaqdadır. 359 sub­artezian quyusunda təmir işi həyata keçirilib. 311 sub­artezian quyusu əsaslı təmir olunub, 12 subartezian quyusuna yeni nasos quraşdırılıb. Uzun müddət işləməyən 3 subartezian quyusu bərpa edilib, 2 subartezian quyusu qazılıb.
Texnika ilə təminat da diqqət mərkəzində saxlanılıb. Taxıl tədarükü kampaniyasında yüzdən artıq kombaynın və digər texnikaların gücündən istifadə edilib. Bu sıraya taxılı qısa və uzun müddətə saxlaya bilən anbarları, yeni tikilən və təmir olunan un dəyirmanlarını, çörəkbişirmə sahələrini əlavə etsək, taxılçılığa marağı artıran amillərin nə qədər çox olduğunu görərik.
Bir neçə gündür ki, bu sahə ilə məşğul olanlarla yanaşı, elə muxtar respublikanın digər sakinləri də sevinc içərisindədirlər. Bu sevincdən, təbii ki, ən çox pay illər əvvəl çörəklə imtahana çəkilənlərə düşüb. Çünki gələn mövsümədək öz taxılımızdan hazırlanan çörək süfrələrimizi bəzəyəcək.
Bu ərəfədə muxtar respublikada taxılçılıqla məşğul olan bir neçə torpaq mülkiyyətçisi ilə həmsöhbət olduq. Onların fikirlərini öyrəndik. İlk olaraq Şərur rayonunun Xanlıqlar kənd sakini Musa Salmanovun söhbətini oxuculara təqdim etmək istərdim:
– Torpaqlarımız taxılçılıq üçün nə qədər əlverişli olsa da, bir neçə il bizə gözdağı olan həmin qiymətli sərvətə baxa-baxa qalmışdıq. Sovetdən qalma texnika dağıdılırdı, su təsərrüfatı özbaşına buraxılmışdı, toxum yox idi. Əl işdən soyumuşdu... Çörək mağazalarının qarşısında dayanan növbələr insanları bezdirmişdi. Süni qiymət artımı da bir tərəfdən. O günləri Ulu Tanrı heç düşmənə də göstərməsin. Nə isə... Haqq-ədalət öz yerini tapdı, zaman hər şeyi yoluna qoydu. Bu gün mən də sevinirəm ki, taxıl tədarükü vaxtında başa çatdırıldı. Əvvəlcədən dövlətimizin həyata keçirdiyi tədbirlər bu məqamda xüsusi vurğulanmalıdır. Kombayna, digər texnikalara, yanacağa olan tələbat vaxtında ödənildi. Yəqin ki, yaxın günlərdə şum qaldırılmasına başlayarıq. Taxıl 2 yay görməlidir. Onda məhsuldarlıq da yüksək olur. Bunu bir neçə dəfə özüm də sınaqdan çıxarmışam. Neçə il əvvəl buna imkan olmurdu. O vaxt muxtar respublikada yeni texnikaların gətirilməsinə təzəcə başlanılmışdı. İndi, maşallah, hansı texnikadan istəsən, varımızdır.
Məlumat üçün bildirək ki, Şərurda cari ildə 7637 hektar taxıl zəmisindən 24117 ton məhsul tədarük edilib. Bu da hər hektardan orta hesabla 31,6 sentner məhsuldarlıq deməkdir. Bölgənin Püsyan, Xanlıqlar, Çomaxtur, Düdəngə, Danyeri, Oğlanqala kəndlərində məhsuldarlıq daha yüksək olub.
Rayonda fəaliyyət göstərən “Aqrotexservis” Səhmdar Cəmiyyətinin sədri Aqil Məmmədov deyir ki, 95 hektar sahədən məhsul tədarük ediblər. Yığım dövrü heç bir çətinliklə üzləşməyiblər. Özlərinə məxsus olan texnikalarla rayonun digər taxılçılarına da kömək ediblər. Çalışıblar ki, elin varı optimal müddətdə tədarük olunsun, necə deyərlər, torpağa düşməsin havayı bir dən.
Muxtar respublika üzrə ən yüksək məhsuldarlığın (32,4 sentner) qeydə alındığı Sədərək rayonu cari ildə də muxtar respublika iqtisadiyyatına öz töhfəsini verib. Bu sərhəd bölgəsində 1947 hektar sahədən 6301 ton məhsul götürülüb.
Sədərək kənd sakini Səməd Əliyev deyir ki, torpağa tər töküb ondan zər götürmək olar. Çörək isə ondan da qiymətlidir. Sədərəklilər də bu həqiqəti dərindən dərk edirlər. Hərtərəfli qayğı ilə əhatə olunan torpaq mülkiyyətçiləri rayonda həyata keçirilən meliorasiya tədbirlərindən, muxtar respublikada yaradılan toxumçuluq təsərrüfatlarının fəaliyyətindən razılıq edir, aqrar sahənin, xüsusilə də taxılçılığın inkişafına yüksək önəm verirlər.
Sədərəklilər qazanılan nəticəni son hədd hesab etmirlər.
Cari ildə daha çox məhsul Babək rayonunda istehsal edilib. Bölgənin taxılçıları 9167 hektar sahədən 28587 ton məhsula sahib olublar. Rayonun Nehrəm, Cəhri, Zeynəddin, Şıxmahmud, Sirab, Yarımca kənd­lərində daha çox taxıl əkilib.
Cəhri kənd sakinləri Nicat Qurbanov 42 hektar, Sənan Novruzov 70 hektar, Nehrəm kənd sakinləri Cəmşid Həsənov 40 hektar, Asəf Məmmədov 25 hektar, Yarımca kənd sakini Arif Səfərov 50 hektar sahədən məhsul toplayıblar. İl uğurlu gəlib, torpaq mülkiyyətçiləri əkin sahələrinə aqrotexniki qaydada qulluq ediblər. Arif Səfərov deyir ki, taxıl tədarükü üçün Babək rayonunda 28 kombayn işlək vəziyyətə gətirilmişdi. Bu da imkan verdi ki, minbir zəhmətlə hasilə gətirilən məhsul itkisiz toplanılsın.
Məlumat üçün bildirək ki, muxtar respublikanın digər rayonlarının göstəriciləri də ürəkaçandır. Belə ki, Ordubad rayonunda 1949 hektar sahədən 5290 ton, Culfa rayonunda 4466 hektar sahədən 12197 ton, Kəngərli rayonunda 3965 hektar sahədən 10782 ton, Şahbuz rayonunda 1337 hektardan 3835 ton, Naxçıvan şəhərinin tabeliyində olan kəndlərdə əkilmiş 1111 hektar sahədən 3008 ton taxıl tədarük edilib.

* * *

Qarşıda taxılçıları daha bir mühüm kampaniya gözləyir: optimal müddətdə şum qaldırılmasına, 2017-ci ilin bol məhsulu üçün əkin kampaniyasına nail olmaq. Taxılçılarımız əmindirlər ki, bu işləri də vaxtında və keyfiyyətlə görə biləcəklər. Çünki muxtar respublikada bunun üçün hərtərəfli şərait yaradılıb.
İşiniz avand olsun!

 Muxtar Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR