23 Dekabr 2024, Bazar ertəsi

Ölkəmizdə meliorasiya və irriqasiya işlərinə keçən əsrin əvvəllərindən başlansa da, onun genişmiqyaslı inkişafına ümummilli liderimiz Heydər Əliyevin respublika rəhbərliyinə gəldiyi 1969-cu ildən başlanılıb. O vaxtdan etibarən respublika iqtisadiyyatının bütün sahələrinin, həmçinin kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında bir neçə tarixi qərar qəbul edilib. Bu qərarlarda nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsini təmin etmək məqsədilə kompleks meliorasiya proqramları hazırlanıb. Bu illər ərzində bir sıra iri irriqasiya və meliorasiya obyektləri – Araz çayı üzərində Araz Su Anbarı və su elektrik stansiyası, Naxçıvan Muxtar Respublikasında 6 min hektar sahəni suvaran “Arpaçay” nasos stansiyası və Naxçıvan suvarma sistemi inşa olunub. Muxtar respublikada Arpaçay üzərində həcmi 150 milyon kubmetr olan Arpaçay və Naxçıvan çayından qidalanan, həcmi 12,7 milyon kubmetr olan Sirab su anbarları tikilib.

Lakin böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, ötən əsrin 80-ci illərinin sonunda meliorasiya və su təsərrüfatının inkişafı, demək olar ki, tamamilə dayandı. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışı isə meliorasiya və su təsərrüfatı sahəsini məhv olmaqdan xilas etdi, mövcud meliorasiya potensialından daha səmərəli istifadə yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Ulu öndərin göstərişləri əsasında respublikaya ayrılan xarici investisiyalar, ilk növbədə, bu sahənin inkişafına yönəldildi. Ölkənin bazar iqtisadiyyatına keçməsi ilə əlaqədar aqrar sahə ilə paralel olaraq, meliorasiya və su təsərrüfatında da islahatların həyata keçirilməsinə başlanıldı, onların normativ-hüquqi bazası yaradıldı.

Bu gün dahi şəxsiyyətin yolu uğurla davam etdirilərək ölkəmizdə, eləcə də muxtar respublikamızda su təsərrüfatı və meliorasiya sahəsinin inkişafına xüsusi diqqət yetirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri bu sahədə həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayaraq demişdir: “Son illər ölkəmizdə, eləcə də muxtar respublikada meliorasiya və su təsərrüfatı sisteminin inkişafı sahəsində həyata keçirilən tədbirlər, yeni hidrotexniki qurğuların tikilməsi, rentabelli suvarma şəbəkələrinin qurulması torpaqların əkin dövriyyəsinə qatılmasına və məhsul istehsalının artmasına səbəb olmuşdur”.
Qeyd edək ki, Babək rayonunda da bu istiqamətdə böyük işlər görülür. Rayonun iqtisadiyyatının əsasını əkinçilik, bağçılıq və heyvandarlıq təşkil edir. Hər il torpaq mülkiyyətçiləri əkin sahələrində tonlarla taxıl, meyvə, tərəvəz, kartof və sair məhsullar yetişdirirlər. Və əlbəttə ki, bu məhsulların əldə edilməsində meliorativ tədbirlərin vaxtında həyata keçirilməsi çox vacibdir.
Həllivacib məsələlər sırasında 2005-ci ilin dekabr ayında istifadəyə verilən, rayonun suvarma suyunun əsasını təşkil edən Heydər Əliyev Su Anbarı əkinçilərə əsl töhfə olub. Məlumat üçün bildirək ki, yüz milyon kubmetr su tutumu olan bu anbarın tikintisinə hələ sovet dönəmində, 1982-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdı. Su anbarı muxtar respublikada 16 min 830 hektar sahənin suvarılmasına imkan verəcəkdi ki, bunun da 6 min 919 hektarı yeni əkin dövriyyəsinə qatılan torpaqlar olacaqdı. Lakin ötən əsrin 80-ci illərinin sonlarında inşaat işləri yarımçıq qaldı. Ulu öndərimizin yenidən siyasi hakimiyyətə qayıdışından sonra bu nəhəng obyektin tikintisi reallaşdırıldı.
Anbar istifadəyə verildikdən sonra Şahbuz, Culfa və Babək rayonlarının suvarma suyuna olan tələbatı xeyli ödənilib. Bu anbarın sayəsində, ümumilikdə, 6919 hektar yeni torpaq sahəsi əkin dövriyyəsinə daxil edilib ki, bunun da 4364 hektarı Babək rayonunun payına düşür. Su anbarından çəkilən kanallar hesabına Babək rayonunun 13869 hektar torpaq sahəsi suvarılır.
Əlbəttə, bu, son deyil. Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən, suvarma sistemlərinin yenidən qurulması və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, mövcud su resurslarından istifadə imkanlarının genişləndirilməsi və suvarma drenaj şəbəkələrinin inkişaf etdirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilir. 2015-ci ilin sonunda daha bir layihə reallaşdırılıb. Babək rayonunda Vayxır sol sahil kanalı üzərində yeni qapalı suvarma və drenaj şəbəkəsi istismara verilib. Böyük iqtisadi əhəmiyyətə malik olan bu layihənin reallaşdırılması nəticəsində Culfa rayonunun Bənəniyar kəndinin 1050 hektar torpaq sahəsi ilə yanaşı, Babək rayonunun ən böyük yaşayış məntəqəsi olan Nehrəm kəndinin 1170 hektar sahəsi daha su sarıdan əziyyət çəkməyəcək. Ümumilikdə, 2220 hektar torpaq sahəsində müasir suvarma sisteminin qurulması artıq bu ərazilərə suyun itkisiz çatdırılmasını, yeraltı suların ərazilərdən uzaqlaşdırılmasını, əvvəllər suvarılması mümkün olmayan sahələrə də su verilməsini təmin edib, eləcə də şoranlaşmanın qarşısının alınmasına, bol məhsul istehsalına şərait yaradıb.
Hazırda isə Kültəpə kəndinin əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə yeni bir layihə həyata keçirilir. Belə ki, 3 min 60 metr uzunluğunda boru xəttinin çəkilişinə başlanılıb. Babək Rayon Suvarma Sistemləri İdarəsinin kollektivi tikintiyə aprel ayının sonunda başlayıb. Mənbəyini Heydər Əliyev Su Anbarından gələn sol sahil kanalından götürən xəttin çəkilişində 720 millimetrlik dəmir borulardan istifadə olunub. Əsas xəttin çəkilişi tamamlanıb, melioratorlar hazırda kanalın qurtaracağında suöldürücü hovuzun inşasını aparırlar. Çünki kanalın mənbəyi 30 metr hündürlükdədir və suyun sürəti hovuzda azaldılaraq köməkçi kanallara buraxılacaq.
Rayon Suvarma Sistemləri İdarəsinin mühəndisi Yavər Məmməd­ovdan öyrəndik ki, hovuzun eni və uzunluğu 4 metr, dərinliyi 3 metrdir. Hovuzun çıxışından hər tərəfə 100 metr beton kanal salınıb. Ümumilikdə, 200 metrlik beton kanala 3 yerdə suburaxıcı qapı qoyulacaq ki, bu qapılardan su aşağı, sağ və sola paylanacaq. Beton kanala düzülən plitələrin aralarına temperatur şovları quraşdırılıb, hazırda inşaatçılar betonlama işi aparırlar. Beton kanaldan sonra su 1 kilometrlik torpaq kanala buraxılaraq əkin sahələrinin daha geniş şəkildə suvarılmasını təmin edəcək. Sözügedən bu torpaq kanala el arasında “Türyan” kanalı deyilir və kanal yenidən qazılaraq bərpa olunur.
Ərazidə qaynar iş gedir. Üç texnikanın gücündən istifadə olunur. Buldozer torpağı hamarlayır, ekskavator qazır və kanalın divarlarına maililik verilərək bərkidir. Öyrənirik ki, torpaq kanala 10 yerdə əraziləri su ilə tam təmin etmək üçün qapı qoyulacaq. Su itkisinin qarşısını almaq üçün tikilən kanalın suyundan Kültəpə kəndi ilə yanaşı, Məmmədrza Dizə, Qaraqala kənd sakinləri də istifadə edəcəklər.
İnşaatçılardan Süleyman Həsən­ov, Dadaş Tarverdiyev, Səftər Həbib­ov və Rövşən Qasımov bildirdilər ki, su həyatdır, güclü iqtisadiyyatdır, təknəmizin bol çörəyidir. Odur ki, dövlət tərəfindən bu sahəyə böyük diqqət göstərilir. Və sudan qənaətlə istifadə edilməlidir. Rayon Suvarma Sistemləri İdarəsinin kollektivi də öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışaraq suvarma suyuna olan tələbatı ödəmək üçün bütün imkanlardan istifadə edir.
İnanırıq ki, bundan sonra sözügedən kəndlərin torpaq mülkiyyətçiləri daha məhsuldar işləyərək torpağın hər qarışından səmərəli istifadə edəcəklər.

Hafizə Əliyeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR