Hərtərəfli inkişafın göstəricilərindən biri dünya ölkələri ilə yaradılmış iqtisadi-mədəni əlaqələrdir. Tarix boyu xalqların iqtisadi və elmi-mədəni nailiyyətləri bölüşdürülərək dövlətlər arasında ticarət əlaqələri yaradılmış, beynəlxalq iqtisadi əlaqələrin ilk təməli atılmışdır. Bu gün də xarici iqtisadi əlaqələrin səviyyəsi ölkələrin iqtisadi gücünün və beynəlxalq aləmdəki nüfuzunun əsas göstəricilərindən biri hesab olunur.
Xarici iqtisadi əlaqələr cəmiyyətə nə qazandırır? İlk olaraq onu qeyd edək ki, bu, ayrı-ayrı ölkələrin milli iqtisadiyyatının beynəlxalq inteqrasiya yolunda əsas şərtdir. Belə ki, dünya ölkələri öz əhalisinin ümumi rifah halını yüksəltmək üçün beynəlxalq əmək bölgüsünün üstünlüklərindən maksimum yararlanmağa çalışır, bunun üçün xarici iqtisadi əlaqələrə girirlər. Bu gün qarşılıqlı mənfəət əsasında elmi-texniki, iqtisadi, mədəni, turizm, ticarət, nəqliyyat, rabitə və sair sahələrdəki idxal-ixrac əməliyyatları beynəlxalq bazarın canlandırılmasına və eyni zamanda yeni həyat tərzinin formalaşmasına səbəb olur ki, bu da cəmiyyətin ümumi inkişafına öz töhfəsini verir.
Xarici iqtisadi əlaqələr çox mühüm humanitar və siyasi əhəmiyyətə də malikdir. Belə ki, ölkələr arasında yalnız sıx siyasi dialoq olduqda birbaşa iqtisadi əlaqələr yaranır. Ona görə də xarici iqtisadi əlaqələr dostluq əlaqələrinin məhsulu olduğu kimi, həm də onun möhkəmləndirilməsinin əsas səbəblərindən biridir. Bu gün beynəlxalq aləmdə bir-biri ilə sıx dost və qardaşlıq əlaqələri olan ölkələrin xarici ticarət dövriyyəsindəki qabarıq rəqəmlər də bunu təsdiq edir. Bu həm də həmin ölkələrin beynəlxalq aləmdəki nüfuzunun bir göstəricisidir. Ona görə də inkişaf etməkdə olan ölkələrdə həyata keçirilən xarici iqtisadi əlaqələr məhz bu istiqamətdə formalaşaraq onların dünya bazarındakı yerinin möhkəmləndirilməsinə yönəldilir.
Xarici iqtisadi əlaqələr eyni zamanda müstəqil iqtisadi siyasətə aparan yoldur. Müstəqilliyin ilk illərindən başlayaraq Azərbaycanın ixrac potensialının artması ilə xarici ticarət dövriyyəsində artıq müsbət saldo yaranmağa başlamışdır. İndi Azərbaycan əksər dünya ölkələri ilə fəal iqtisadi əməkdaşlıq aparmaq gücü qazanmış, ixrac və idxal əməliyyatlarının həcmi artmış, onların struktur tərkibi ölkəmizin xeyrinə dəyişilmişdir. Xarici iqtisadi siyasət xəttini özü müəyyən edən ölkəmizin Asiya və Avropanın kəsişməsində çox əlverişli coğrafi mövqe tutması, xammal ixracından hazır məhsul ixracına keçid bu siyasətin uğurla həyata keçirilməsinə müsbət təsirini göstərmişdir.
Ötən dövrdə xarici iqtisadi əlaqələr sahəsində Naxçıvan Muxtar Respublikası özünəməxsus yol keçmişdir. Belə ki, Azərbaycanın əsas hissəsindən ayrı düşən muxtar respublikanın iki qonşu ölkə – Türkiyə və İran vasitəsilə birbaşa olaraq dünyaya çıxış imkanları vardır. Bu, həmin ölkələrlə aparılan ikitərəfli ticarət iqtisadi əməkdaşlığı da genişləndirmişdir. İndi Naxçıvan Muxtar Respublikası Avropa, Amerika və Asiyanın bir çox ölkəsi ilə iqtisadi əlaqələr qurmuşdur. Bu əlaqələrin məzmununa gəldikdə, əvvəlki illərdən fərqli olaraq əhalinin vacib ehtiyaclarının ödənilməsi məqsədilə mənfi saldo ilə nəticələnən idxala üstünlük verilirdisə, müasir mənzərə əvvəlkinə görə tamamilə fərqlidir. Belə ki, 2016-cı ilin yanvar-iyun aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsinin həcmi 207 milyon 98 min ABŞ dollarına çatmış, bir il öncəyə nisbətdə ixracın həcmi 2,1 faiz artaraq 188 milyon 250 min 600 ABŞ dolları həcmində olmuşdur. Aparılan ixrac-idxal əməliyyatları nəticəsində 169 milyon 403 min 200 ABŞ dolları həcmində müsbət saldo yaranmışdır.
Xarici ticarət əməliyyatlarının keyfiyyət göstəriciləri də bizim xeyrimizə dəyişilməkdədir. İndi hər gün müasir şəraitli gömrük-keçid məntəqələrindən Naxçıvana texnoloji avadanlıqlar, lüks avtomobillər, bahalı məişət əşyaları daşınır və Naxçıvandan dünyanın bir sıra ölkələrinə müxtəlif növdə hazır ixrac məhsulları aparılır. Naxçıvan Beynəlxalq Hava Limanından və muxtar respublikadakı digər gömrük-keçid məntəqələrindən keçərək xaricdən regionumuza səfər edən əcnəbi turistlərin xərcləmələri isə “gözəgörünməz ixrac” kimi regiona daxil olan xarici valyutanın həcmində mühüm yer tutur.
Naxçıvanın malik olduğu iqtisadi potensial, yeniləşən infrastruktur iş dünyasının diyarımıza olan marağını artırmışdır. Naxçıvanlı sahibkarlar indi artıq Türkiyə və İranla yanaşı, Avropa ölkələrinin, Amerika, Yaponiya, Çin, Rusiya kimi iri ölkələrin sahibkarlarının iştirakı ilə keçirilən iqtisadi forumlarda fəal iştirak edirlər. Dünyanın iş adamları Naxçıvanda aparılan iri sənaye, infrastruktur, turizm layihələrinə qoşulmağa can atırlar. Naxçıvanın tarixi İpək Yolu üzərindəki mühüm mövqeyi, regionun tranzit imkanları və ölkəmizdə sahibkarlığa verilən dövlət zəmanəti bütün fəaliyyət növləri kimi, xarici iqtisadi əlaqələrə də öz təsirini göstərmişdir. Bütün bunlar isə genişlənən xarici iqtisadi əlaqələr kimi muxtar respublikamızın uğurudur.
Əli Cabbarov