Müasir dövrdə enerji təhlükəsizliyinin təmin olunması istənilən ölkənin və ya regionun iqtisadi uğuru kimi qiymətləndirilir. Çünki iqtisadiyyatın inkişafı enerji təhlükəsizliyinin təmin olunması, enerji təhlükəsizliyinin təminatı isə iqtisadiyyatın inkişafı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin inkişaf konsepsiyasında da bu iki xətt strateji istiqamət kimi qarşıya qoyulub.
Qeyd edək ki, ötən əsrin 90-cı illərində məlum ictimai-siyasi hadisələr Azərbaycan iqtisadiyyatının tənəzzülə uğraması ilə bərabər, enerji təsərrüfatının iflic vəziyyətə düşməsinə də səbəb olmuşdu. Ölkəmizdə bu sahənin, demək olar ki, iflasa uğraması Naxçıvan Muxtar Respublikasında daha acınacaqlı şəkildə özünü göstərib. Blokada şəraitində yaşamağa məcbur edilmiş Naxçıvanda enerji böhranı yalnız ulu öndər Heydər Əliyevin bu qədim Azərbaycan diyarında yaşayıb fəaliyyət göstərdiyi dövrdə aradan qaldırılıb. Həmin dövrdə idxal olunan elektrik enerjisi muxtar respublikanın düşdüyü enerji blokadasının yarılmasında əhəmiyyətli rol oynayıb. O dövrdən başlayaraq muxtar respublikada müxtəlif gücə malik olan transformator yarımstansiyaları quraşdırılıb, yüksəkgərginlikli elektrik verilişi xətləri çəkilib, idxal olunan elektrik enerjisinin itkisiz paylanması, avadanlıqların yüklənməsinin qarşısının alınması və enerji təchizatının etibarlılığının yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülüb. Ölkə başçısının “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2005-ci il 2 may tarixli Sərəncamına uyğun olaraq, 2006-cı ildə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasında dizel yanacağı ilə işləyən enerji turbinləri təbii qaz ilə işləmə rejiminə keçirilib.
Sərəncama uyğun olaraq, həmin il ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası və Heydər Əliyev Su Anbarı üzərində 4,5 meqavat gücündə yeni su elektrik stansiyası istismara verilib. 2010-cu ildə 22 meqavat gücündə Biləv Su Elektrik Stansiyasının, 2014-cü ildə isə Arpaçay Su Anbarı üzərində 20,5 və 1,4 meqavat gücündə 2 su elektrik stansiyasının tikilib istifadəyə verilməsi Naxçıvanın enerji təhlükəsizliyini təmin edib.
Bütün bunların nəticəsidir ki, bir zamanlar yalnız idxal hesabına elektrik enerjisinə olan tələbatını qismən ödəyən Naxçıvanda bu gün daxili istehsal hesabına ən ucqar dağ kəndi belə, fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunur, muxtar respublikamız enerji ixrac edir.
Qeyd edək ki, Naxçıvanın əlverişli iqlimi və coğrafi şəraiti alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. Xüsusilə ekoloji təmiz enerji mənbələrindən istifadə olunaraq muxtar respublikamızın təbii sərvətlərinin iqtisadi dövriyyəyə cəlb olunması bu sahədə həyata keçirilən tədbirlərin davamı kimi dəyərləndirilə bilər. Son illər bu sahədə həyata keçirilmiş mühüm layihələrdən biri muxtar respublikada regionun ən böyük Günəş elektrik stansiyasının istifadəyə verilməsidir. Babək rayonunun Xal-xal kəndi yaxınlığında 35 hektar ərazidə tikilmiş stansiyanın gücü 20 meqavatdır. Hazırda bu stansiya muxtar respublikanın enerji təhlükəsizliyinə öz töhfəsini verməkdədir.
Muxtar respublikada istehsal olunan elektrik enerjisinin həcmində alternativ və bərpa olunan enerji mənbələrinin payını müəyyən etmək üçün statistik rəqəmlərə nəzər yetirək. Belə ki, 2016-cı ilin birinci yarısının yekunlarına görə bu dövrdə muxtar respublikanın elektrik stansiyalarında 199 969 000 kilovat-saat elektrik enerjisi, o cümlədən su elektrik stansiyalarında 121 489 000 kilovat-saat, istilik elektrik stansiyalarında 63 427 000 kilovat-saat, Günəş elektrik stansiyasında 15 053 000 kilovat-saat elektrik enerjisi istehsal edilərək elektrik şəbəkələrinə ötürülüb. Su elektrik stansiyalarında ümumi elektrik enerjisi istehsalının 60,75 faizi, istilik elektrik stansiyalarında 31,72 faizi, Günəş elektrik stansiyasında isə 7,52 faizi qədər elektrik enerjisi istehsal edilib.
Göründüyü kimi, muxtar respublikanın elektrik enerjisinə olan tələbatının 70 faizə yaxını alternativ və bərpa olunan enerji mənbələri hesabına əldə edilib ki, bu da çox nadir göstərici hesab edilir.
Səbuhi Həsənov