23 Dekabr 2024, Bazar ertəsi

Ordubad rayonunda 2016-cı ilin birinci yarısında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 29129,1 min manat investisiya yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın həcmi 3,8 faiz artaraq 27872,6 min manat təşkil edib.
Ordubad Rayon İcra Hakimiyyətindən bildiriblər ki, bəhs olunan dövrdə quruculuq, təmir-bərpa işləri bütün sahələri əhatə edib. Ordubad şəhərində Texniki Peşə və Sürücülük Məktəb kompleksinin istifadəyə verilməsi burada təhsilin keyfiyyətinin yüksəldilməsinə şərait yaradıb. Həmin dövrdə Ordubad dəmir yol vağzalının yeni binasının və “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin İnfrastruktur İdarəsinin Ordubad Yol Sahəsinin inzibati binasının tikintisi davam etdirilib. Ordubad şəhərində M.F.Axundov küçəsində 36 mənzilli yaşayış binasında əsaslı təmir işləri aparılır. Baş Dizə kəndində 156 şagird yerlik yeni məktəb binası, kənd və xidmət mərkəzləri inşa olunur, kənddaxili yollar təmir edilir, kommunikasiya xətləri yenilənir. Ordubad şəhərində içməli su və kanalizasiya sisteminin çəkilişi davam etdirilir.

İlin birinci yarısında Ordubad Rayon Yol Təmir-İstismar İdarəsi də öz üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə səy göstərib. Yol inşaatçıları tərəfindən Ordubad şəhərdaxili, Dəstə-Dırnıs, Ordubad-Nüsnüs, Aza-Biləv, Ordubad-Naxçıvan avtomobil yollarında təmir işləri aparılıb.
Ötən müddətdə əhalinin suya olan tələbatının ödənilməsi də diqqət mərkəzində saxlanılıb. Rayon Suvarma Sistemləri İdarəsinin balansında olan nasos stansiyalarında əsaslı və cari təmir işləri görülüb. Rayonda 15,3 kilometr uzunluğunda beton kanal, 44,6 kilometr uzunluğunda ara arxları lildən təmizlənib. Ordubad şəhərində, Düylün, Vənənd, Aza, Üstüpü kənd­lərində 8,8 kilometr içməli su xətləri təmir edilib, Dəstə kəndinə 0,3 kilometr, Parağa kəndinə isə 2,1 kilometr yeni su xətləri çəkilib. Dəstə kəndi üçün 180 metr, Düylün kəndi üçün 100 metr, Parağa kəndi üçün 70 metr yeni kaptaj tikilib, Ordubad şəhəri, Aza və Düylün kənd­lərində 280 metr kaptaj təmir edilib. Aza, Dəstə, Xanağa və Vənənd kənd­lərində sub­artezian quyularının təmiri başa çatdırılıb.
4,5 kilometr uzunluğunda olan qədim “Zəvvar arxı” bərpa edilib, Ordubad çayının suyu artırılıb, Nüsnüs kəndindən dağların ətəyi ilə 3,4 kilometr uzunluğunda yeni kanal salınaraq Aşağı Əylis kəndində istifadəsiz qalmış 150 hektardan çox torpaq sahəsinin suvarılması üçün şərait yaradılıb.
Tikinti-quruculuq tədbirlərindən rabitə sahəsinə də pay düşüb. Bu dövrdə Gilançay-Biləv, Gənzə, Üstüpü kəndlərinə, ümumilikdə, 12986 metr fiber-optik xətt çəkilib. Kotam kəndində 96 nömrəlik yeni ATS quraşdırılaraq istifadəyə verilib.
Rayon Elektrik Şəbəkəsi də ilin birinci yarısını uğurla başa vurub. Şəbəkə tərəfindən rayonda müxtəlif gücə malik 9 ədəd transformator yarımstansiyasında cari, 10-da isə əsaslı təmir işləri aparılıb. İstifadəyə verilən yeni obyektlərə və köhnəlmiş xətlərin əvəzinə 5222 metr uzunluğunda yeni məftil çəkilib. 10 kilovoltluq hava xəttində 27 ədəd, 0,4 kilovoltluq hava xəttində isə 117 ədəd dayaq basdırılıb.
Ötən müddətdə rayonda aparılan quruculuq tədbirləri ilə əlaqədar Qaz İstismarı İdarəsi tərəfindən 4680 metr qaz xətti yenisi ilə əvəz olunub, magistral və daxili qaz kəmərlərinə texniki baxış keçirilib və 4986 metr qaz xəttində təmir-bərpa işləri aparılıb. İstismar müddətini başa vurmuş 115 ədəd qaz sayğacı yenilənib. 28 mənzilə isə yeni qaz xətti çəkilib.
Tikinti-quruculuq, təmir-bərpa işləri ilin ikinci yarısında da sürətlə davam etdirilir.\

 Muxtar Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR