Regional inkişaf, hər şeydən əvvəl, ərazidə mövcud olan təbii, əmək və istehsal resurslarının uğurlu biznes layihələri hesabına səmərəli istifadəsi ilə iqtisadi artıma nail olunması, yeni iş yerləri yaradılmaqla daimi məşğulluğun təmin edilməsi və bununla da, əksər sosial məsələlərin həlli deməkdir. Bazar iqtisadiyyatına xas qanunauyğunluqlarla yaşayıb işləyən, öz fərdi biznesi ilə rəqabətə qoşulan hər bir biznes mənsubu – sahibkar girişdiyi işin motivləri ilə cəmiyyətin iqtisadi həyatında aparıcı qüvvə, sosial-siyasi həyatda isə ən dayanıqlı orta təbəqə təmsilçisi kimi çıxış edir.
Biznesin cəlbedici xüsusiyyətləri çoxlarına tanışdır. Xüsusən azad bazar iqtisadiyyatı şəraitində bizneslə məşğul olub iş sahibi olmağın məsuliyyətini ayrıca qeyd etmək lazımdır. Ancaq bəziləri biznesi, sadəcə, sahibkar üçün gəlir mənbəyi kimi düşünsə də, əslində, sahibkarlıq fəaliyyəti hər bir regionda yüz minlərlə yeni iş yerləri açan, insanların rifah halını yaxşılaşdıran, eyni zamanda dövlət büdcəsinə də külli miqdarda vergi ödəyən bir təsərrüfatçılıq formasıdır. Beləliklə, tarixən azad sahibkarlıq yolu ilə uzun bir təkamül mərhələsi keçmiş bir sıra ölkələr sonrakı dövrlərdə müxtəlif mexanizmlərlə tənzimlənən, sosialyönümlü azad bazar iqtisadiyyatı yolu tutaraq insan inkişafına xidmət edən model bir ölkə halına gəlmiş, ictimai həyatın bütün sahələrində yüksəliş əldə etmişlər.
Müstəqil Azərbaycanın müasir inkişaf yolu əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və ölkədə azad sahibkarlığın inkişafına şərait yaradan sosial-iqtisadi inkişaf konsepsiyasına əsaslanır. Ölkənin bütün ərazisində, ən ucqar regionlarda belə, insanların rifah içində yaşamasını təmin edən normal həyat səviyyəsinin bərqərar edilməsi, şəhərlə kənd arasında fərqin aradan qaldırılması və Azərbaycanın bərabərhüquqlu partnyor kimi dünya iqtisadi sisteminə inteqrasiyası qarşıya qoyulmuş ilk vəzifələrdən olmuşdur. Yaxın tarixə baxsaq, görərik ki, ölkəmizdə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi, əhali tələbatlarını ödəməyə yönəldilmiş hər cür istehsal və xidmət sahələrinin istifadəyə verilməsi müstəqilliyin əsas şərtlərindən biri olan iqtisadi təhlükəsizliyin təmin olunmasına gətirib çıxarmışdır. Uzun müddət ərzində inzibati-komanda sistemində yaşamağa vərdiş etmiş insanların sərbəst sahibkarlıq-biznes və rəqabət mühitinə alışması müəyyən qədər vaxt tələb etsə də, uzaqgörən siyasət nəticəsində həyata keçirilmiş iqtisadi islahatlar, regionların sosial-iqtisadi inkişafına dair qəbul edilmiş Dövlət proqramlarının müvəffəqiyyətli icrası qısa müddət ərzində ölkəmizdə iqtisadiyyatda özəl sektorun xüsusi çəkisinin artırılmasına səbəb olmuşdur.
İqtisadi inkişaf üçün zəruri resurslar mövcud olduqda biznesə başlamaq üçün ən vacib şərt yeni reallaşdırılacaq layihənin ideyasıdır. Başqa sözlə, yeni ideya yoxdursa, sadəcə, iş xatirinə cəlb olunmuş əmək, maliyyə və istehsal resurslarından lazımi fayda götürmək mümkün olmayacaqdır. Ona görə də biznesi asan qazanc hesab edənlərin əksinə olaraq, bu sferada görülən hər bir işin, əslində, yaradıcı, dərin analizlərə və proqnozlara əsaslanan, bir az da risk və cəsarət tələb edən bir fəaliyyət olduğunu bilən insanlar daha çox uğur qazanırlar. Artıq uğurlu sahibkar dedikdə təkcə nəyisə ucuz qiymətə alıb, baha qiymətə satan tüccar deyil, bazarı dərindən araşdıra bilən, mütərəqqi idarəçilik məharətinə sahib, iqtisadi fəaliyyətin tənzimlənməsi ilə əlaqədar mövcud qanunları yaxşı öyrənən, özünün iş profili üzrə dünya təcrübəsinə və mütərəqqi texnologiyaya bələd olan innovativ düşüncəli və eyni zamanda şəxsi mənafeləri ilə bərabər, dövlətinin maraqlarını da hər şeydən üstün tutmağı bacaran bir şəxs başa düşülür. Bu günün reallıqlarına baxdıqda görürük ki, bu, başqa cür ola da bilməz, çünki iş görüb uğur qazanan sahibkarlara bu fürsətləri və imkanları dövlət yaratmışdır.
Biznes rəngarəng sahələrdən ibarətdir. Müasir dünyada özəl sektorun əhatə dairəsinə baxsaq, bir sıra strateji sahələr istisna olmaqla, əksər fəaliyyət növləri üzrə sahibkarların aktiv rolunu görmək mümkündür. Bir sıra ölkələrdə isə özəl sektor hətta müdafiə və kosmik sənayenin sifarişləri üzrə də fəaliyyət göstərir. Müstəqillik illərində ölkəmizdə və Naxçıvan Muxtar Respublikasında həyata keçirilən iqtisadi islahatların nəticəsi olaraq, sahibkarlıq fəaliyyəti də sürətlə genişlənmiş, insanlar iqtisadiyyatın müxtəlif sahələri üzrə öz fərdi biznesini qurmuş, regionun ən ucqar yerlərində müxtəlif istehsal və xidmət sahələri yaradılmışdır. Əvvəlki dövrlərdən fərqli olaraq, sahibkarlıq subyektlərinin qeydiyyatdan keçməsi və lisenziya sistemi sadələşdirilərək “vahid pəncərə” prinsipi tətbiq olunmağa başlanılmış, yeni, vacib sahələr üzrə fəaliyyətə başlamaq istəyən sahibkarlara güzəştli kreditlər verilmiş, kənd təsərrüfatı sahəsində fermerlər bir çox vergilərdən azad edilmişlər. Muxtar respublikamızın təbii və əmək resurslarının iqtisadi dövriyyəyə cəlb olunması, yüksək texnologiya tətbiq edilən istehsal sahələrinin istifadəyə verilməsi ilə xammal ixracını getdikcə daha çox əməktutumlu hazır məhsul ixracı əvəz etməyə başlamışdır. Artıq Naxçıvanda istehsal olunmuş hazır məhsullar ölkəmizin bütün regionları ilə yanaşı, qonşu ölkələrin bazarlarında da özünə xeyli alıcı toplamışdır. Naxçıvan Muxtar Respublikasında özəl sektora göstərilən dövlət qayğısı, sahibkar-işçi münasibətlərində mövcud qanunvericilik tələblərinə ciddi əməl edilməsi, işçilərin sosial müdafiəsinin, iş-məişət şəraitinin, əməyin təhlükəsizliyinin və sığorta münasibətləri sisteminin təkmilləşdirilməsi də müxtəlif biznes sahələrinin uğuruna təkan verən amillərdəndir. İndi artıq naxçıvanlı iş adamı biznes haqqında düşünərkən 20 il əvvəlki kimi hardansa minbir əziyyətlə mal alıb, eyni əziyyətlə haradasa satmaq planları tutmur. İqtisadi inkişaf sürətləndikcə daha çox və daha geniş investisiya imkanları yaranır ki, bu da işə başlamaq istəyən hər kəs üçün geniş meydan deməkdir.
Qeyd edək ki, sərbəst biznes hər bir sahibkara geniş meydan açmaqla bərabər, onların qarşısında işgüzar mühitin özü ilə birgə gətirdiyi çoxlu suallar da yaradır. Bu baxımdan sahibkarlara biznes məsləhətlərin verilməsi, onların vaxtaşırı keçirilən birgə görüşləri vasitəsilə fəaliyyətlərində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi də vacib məsələdir. Bu il martın 29-da Naxçıvan Biznes Mərkəzində sahibkarlarla işgüzar görüşdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: “Müvafiq sahə üzrə işin təşkili üçün beynəlxalq təcrübəyə əsaslanan biznes-planların tutulması da vacibdir. Bu baxımdan İqtisadi İnkişaf Nazirliyi sahibkarlıqla məşğul olmaq istəyən fiziki və hüquqi şəxslərə biznes-planlarının tərtibində müvafiq köməklik göstərməli, fiziki şəxslərin iqtisadi biliklərə yiyələnmələri üçün kurs və seminarların təşkilinə diqqəti artırmalıdır. Yerli istehsalçıların xarici ölkələrdəki mövcud təcrübəni mənimsəməsi, bu sahədəki ən son texnoloji nailiyyətlərlə tanış olması, eyni zamanda istehsal etdikləri məhsulların xaricdə təbliği və tanıdılması məqsədilə onların vaxtaşırı muxtar respublikadan kənarda təşkil olunan sərgi, biznes-forum və konfranslarda iştirakı diqqət mərkəzində saxlanmalıdır. Naxçıvan şəhərində yeni Biznes Mərkəzinin istifadəyə verilməsi gələcəkdə bu cür sərgi və biznes-forumların muxtar respublikamızda da yüksək səviyyədə təşkili üçün geniş imkanlar yaradır. Bu imkandan səmərəli istifadə olunmalıdır”.
Muxtar respublikamızda özəl sektorun inkişafı üçün atılan belə addımlar onu deməyə əsas verir ki, Naxçıvan yerləşdiyi regionda işgüzar mərkəz olmaq yolundadır.
Əli CABBAROV