23 Dekabr 2024, Bazar ertəsi

2016-cı ilin ötən dövrü ərzində muxtar respublikada sahibkarlığın inkişafı iqtisadi siyasətin əsas istiqamətlərindən olub, əhalinin maddi rifah halı yüksəlib. Cari ilin fevral ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sahibkarlarla görüşü, onlara göstərilən dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı verdiyi tapşırıqlar daha yüksək nailiyyətlərin əldə olunmasına şərait yaradıb, ümumi daxili məhsul istehsalında özəl bölmənin payı 87 faizə çatıb.

Bu fikirlər Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində keçirilən kollegiya iclasında səsləndirilib. İclasda məruzə ilə çıxış edən iqtisadiyyat naziri Famil Seyidov bildirib ki, cari ilin birinci yarısında muxtar respublikada ümumi daxili məhsul istehsalının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artaraq 1 milyard 144 milyon manatı ötüb, sənaye məhsulunun həcmi 511 milyon 840 min manatdan çox olub. Vurğulanıb ki, cari ilin müvafiq dövründə kənd təsərrüfatı məhsulları istehsalı və emal sənayesini əhatə etməklə, 13 yeni istehsal və xidmət sahəsi istifadəyə verilib, 21 sahənin yaradılması davam etdirilib. Yaradılması başa çatdırılan sahələrdə 50 yeni iş yeri açılıb.

Bildirilib ki, muxtar respublikamızda mövsümi kənd təsərrüfatı məhsullarına olan tələbatın ödənilməsi, qiymətlərin tənzimlənməsi və idxaldan asılılığın azaldılması məqsədilə 2016-cı ilin ötən dövrü ərzində soyuducu anbarlara 2455 ton məhsul tədarük edilib, istixana komplekslərində yetişdirilən 939 ton məhsul istehlak bazarına çıxarılıb.
Sahibkarların güzəştli kreditlərlə maliyyə təminatının yaxşılaşdırılmasına da toxunan nazir bildirib ki, ötən dövrdə bu məsələ diqqətdə saxlanılıb, iqtisadi fəaliyyətin müxtəlif sahələri üzrə 17 layihənin maliyyələşdirilməsinə 4 milyon 736 min 700 manat olmaqla, ümumilikdə, 2000-ci ildən ötən müddət ərzində 1213 layihənin maliyyələşdirilməsinə 123 milyon 872 min 282 manat həcmində güzəştli kreditlər verilib.
Qeyd olunub ki, muxtar respublikamızda ixrac və investisiya imkanlarının təşviqi, sahibkarların biznes əlaqələrinin genişləndirilməsi məqsədilə 2016-cı ilin birinci yarısında Almaniya, Rusiya, İspaniya, Yaponiya kimi ölkələrdə və respublika daxilində keçirilmiş biznes-forum, konfrans və digər tədbirlərdə 46 sahibkarın iştirakı təmin edilib. Hazırda muxtar respublikada fəaliyyət göstərən ixrac potensiallı 49 müəssisədə istehsal olunan məhsullar Türkiyə, Ukrayna, Yaponiya, Gürcüstan, Belarus, Litva, Rusiya və İran İslam Respublikasına ixrac edilməkdədir. Nəticədə, əldə edilən iqtisadi nailiyyətlər xarici ticarət əlaqələrinin də genişlənməsinə, istehsal olunan məhsulların ixracının artmasına geniş imkanlar açıb, 2016-cı ilin 6 ayı ərzində xarici ticarət dövriyyəsinin həcmi 207 milyon 98 min ABŞ dolları təşkil edib. Bu dövrdə ticarət əməliyyatlarının 91 faizi ixracın, 9 faizi isə idxalın payına düşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında investisiyaların təşviqi ilə bağlı tədbirlər haqqında” 21 yanvar 2016-cı il tarixli Fərmanına müvafiq olaraq, qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində “İnvestisiya təşviqi sənədi”nin muxtar respublikada müvafiq layihələrə tətbiqi imkanları barədə araşdırmalar aparılıb və investisiya güzəştlərinin tətbiq edilməsi məqsədəmüvafiq hesab edilən 5 layihə istiqamətində müvafiq işlər həyata keçirilib.
Sonda hesabat dövründə görülmüş işlərlə əlaqədar nazirliyin struktur bölmələrinin əməkdaşlarının hesabatları dinlənilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR