Muxtar respublikada iqtisadi və sosial sahələrin inkişafı üzrə həyata keçirilən tədbirlər cari ilin ilk altı ayı ərzində də davam etdirilmiş, dinamik inkişaf qorunub saxlanılmışdır.
2016-cı ilin yanvar-iyun aylarında ümumi inkişafın əsas göstəricisi olan ümumi daxili məhsul istehsalının həcmi 1 milyard 144 milyon 207 min manatdan artıq olmuşdur ki, bu da bir il öncəki müvafiq göstəricidən 2 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi ötən ilin müvafiq dövrünə nisbətən 4,2 faiz artaraq 2568 manatı ötmüşdür. Ümumi daxili məhsulun tərkibində ilk yeri 31,8 faizlik payla sənaye sahəsi tutmuş və maddi istehsalın payı 59,5 faiz təşkil etmişdir.
2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ilin yanvar-iyun aylarında sənaye məhsulunun həcmi 3 faiz, əsas kapitala yönəldilən investisiyalar 0,3 faiz, kənd təsərrüfatının ümumi məhsulu 5,6 faiz, nəqliyyat sektorunda yük daşınması 2,2 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 3,6 faiz, o cümlədən mobil rabitə xidməti 1,7 faiz, pərakəndə əmtəə dövriyyəsi 2,6 faiz, əhaliyə göstərilən pullu xidmətlər 3,9 faiz, ixracın həcmi 2,1 faiz, əhalinin gəlirləri 2,1 faiz, hər bir nəfərə düşən gəlirlər 1 faiz artmışdır.
Makroiqtisadi göstəricilər
*) müqayisəli qiymətlər üzrə
**) yanvar-may ayları
Sənaye
Yeni məhsul növlərinin istehsalı sənaye məhsulu istehsalının dinamik artımını təmin etməkdədir.
2016-cı ilin yanvar-iyun aylarında muxtar respublikada 511 milyon 840 min 500 manat həcmində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövründəki göstəricini 3 faiz üstələmişdir.
Sənaye məhsulu istehsalının 96,6 faizi malların, 3,4 faizi isə xidmətlərin payına düşmüşdür. Sənayenin dövlət sektorunda 18 milyon 510 min 800 manatlıq, qeyri-dövlət sektorunda isə 493 milyon 329 min 700 manatlıq məhsul istehsal olunmuşdur. İstehsal olunan sənaye məhsulunun 96,4 faizi özəl sektorun payına düşmüşdür.
Sənaye məhsulu istehsalının
dinamikası, min manat
2016-cı ilin ötən dövrü ərzində muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 20 layihə üzrə istehsal və xidmət obyektləri yaradılmış, 32 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması hazırda davam etdirilir.
Sənaye sahəsinin inkişafı istiqamətində bank və kredit təşkilatları tərəfindən 2016-cı ilin yanvar-iyun ayları ərzində təsərrüfat subyektlərinə 370 min manat həcmində kreditin verilməsi təmin olunmuşdur.
Sənayedə istehsalın genişlənməsi ixracın da həcminə müsbət təsir göstərmiş, cari ilin ilk altı ayı ərzində 148 milyon 950 min 100 ABŞ dolları dəyərində sənaye məhsulları ixrac olunmuşdur.
Hərbi quruculuq
Muxtar respublikada ordu quruculuğu istiqamətində tədbirlər davam etdirilir.
2016-cı ilin yanvar-iyun aylarında Naxçıvan şəhərində doqquz zabit ailəsinə xidməti mənzillər verilmiş, hərbi şəhərcikdə istirahət parkı yaradılmışdır.
Naxçıvan şəhərində mərkəzi hərbi xəstəxananın, təlim-tədris mərkəzinin, əsgər yataqxanasının, əsgər yeməkxanasının, anqarın, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında və Şərur rayonunda “N” hərbi hissədə infrastruktur obyektlərinin, Kəngərli rayonunda anbarın tikintisi davam etdirilmişdir.
Tikinti-quruculuq və su təchizatı tədbirləri
Muxtar respublikada infrastruktur quruculuğu tədbirləri çərçivəsində 2016-cı ilin yanvar-iyun ayları ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 529 milyon 511 min 600 manat həcmində investisiya yönəldilmişdir. İnvestisiya qoyuluşlarının 499 milyon 130 min manatı və ya 94,3 faizi tikinti-quraşdırma işlərində istifadə edilmişdir.
2016-cı ilin ilk yarımilində muxtar respublikada 95 müxtəlif təyinatlı obyekt tikilmiş və ya yenidən qurulmuş, 130 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri hazırda davam etdirilir.
Cari ilin ötən dövrü ərzində yaşayış məntəqələrində kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılması məqsədilə muxtar respublikaya 4 ədəd sanitar-kommunal xidmət avtomobili və 120 ədəd konteyner gətirilmişdir.
Yaşayış məntəqələrinin abadlaşdırılması, səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi üzrə tədbirlər cari ilin ilk altı ayı ərzində də davam etdirilmiş, 6 kənd mərkəzi istifadəyə verilmiş, 10 kənd mərkəzinin inşası hazırda davam etdirilir.
Muxtar respublikada bir yaşayış binasının tikintisi başa çatdırılmış, bir yaşayış binasının tikintisi, üç yaşayış binasının yenidən qurulması, üç yaşayış binasının əsaslı təmiri davam etdirilir. Bundan əlavə, Naxçıvan şəhərində “Gənclər şəhərciyi” yaşayış kompleksinin tikintisi davam etdirilməkdədir.
Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərmişdir. 2016-cı ilin ilk altı ayı ərzində muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 232 min 833 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir ki, bu da 2015-ci ilin müvafiq dövründəki göstəricidən 0,9 faiz çoxdur.
Ötən dövr ərzində Naxçıvan şəhərində çirkab sutəmizləyici qurğunun, Tumbul, Qaraçuq, Bulqan, Qaraxanbəyli kəndlərində içməli su və kanalizasiya xətlərinin tikintisi davam etdirilmişdir.
Şərur, Babək, Ordubad, Kəngərli və Sədərək rayonlarında içməli su və kanalizasiya xətlərinin tikintisi hazırda davam etdirilir.
Kənd təsərrüfatı və yaşıllaşdırma tədbirləri
Muxtar respublikada əhalinin ərzaq məhsullarına olan tələbatının yerli məhsullar hesabına ödənilməsi istiqamətində aparılan tədbirlər uğurlu olmuş, məhsul istehsalının həcmi artmış, daxili bazarda məhsul bolluğu yaradılmışdır.
2016-cı ilin məhsulu üçün muxtar respublikada 61 min 526 hektar sahədə əkin aparılmışdır ki, bu da 2015-ci ilin məhsulu üçün əkilmiş sahədən 112 hektar çoxdur.
Cəmi əkin sahəsi, hektarla
Muxtar respublikada məhsuldar və keyfiyyətli toxum növləri istehsalının stimullaşdırılması məqsədilə toxumçuluq təsərrüfatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilir. Naxçıvan şəhərində toxumçuluq təsərrüfatı üçün yeni kompleks inşa olunur. Muxtar respublikanın əsas toxumçuluq bazası olacaq bu kompleksdə taxılla yanaşı, digər bitki toxumlarının satışının da həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hazırda muxtar respublikada 5 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir.
Ötən dövr ərzində muxtar respublikada taxılçılıq üstün istiqamət kimi saxlanılmış və 2016-cı ilin məhsulu üçün 31579 hektar sahədə taxıl əkilmişdir ki, bunun da 30298 hektarı payızlıq, 1281 hektarı isə yazlıq taxıldır. Taxıl zəmilərinin 26795 hektarında buğda, 4784 hektarında isə arpa əkilmişdir.
Taxılla yanaşı, qarğıdalı əkini üzrə də maarifləndirici tədbirlər həyata keçirilmiş, məhsulun vaxtında toplanılması üçün müvafiq texnikalar alınaraq muxtar respublikaya gətirilmişdir. 2016-cı ilin məhsulu üçün muxtar respublikada 1758 hektar sahədə qarğıdalı əkini aparılmışdır ki, bu da bir il öncəki göstəricidən 676 hektar çoxdur. Qarğıdalı əkininin genişlənməsi muxtar respublikada dən ehtiyatlarının, həm də mal-qara üçün yaxşı yem bazasının yaradılmasına təkan verməkdədir.
Tələbata uyğun olaraq kartofçuluğun inkişafında da müsbət dinamika saxlanılmış və 2016-cı ildə 3053 hektar sahədə kartof əkini aparılmışdır ki, bu da 2015-ci ildə əkilmiş sahədən 86 hektar çoxdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası da muxtar respublika əhalisinin meyvə və tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına təmin edilməsinə və tələbatdan artıq mövsümi məhsulların ixracına geniş imkanlar yaradır. Meyvəçiliyin inkişafını stimullaşdırmaq məqsədilə ilk dəfə 2016-cı ildə muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində Göycə festivalı keçirilmişdir. 2016-cı ilin yanvar-iyun aylarında meyvə istehsalının həcmi bir il öncəyə nisbətən 1 faiz, tərəvəz istehsalı isə 2,7 faiz artmışdır. Hazırda meyvə və tərəvəz yığımı davam edir.
Muxtar respublikada əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə cari ilin ötən dövrü ərzində 1 istixana təsərrüfatı yaradılmış, 1 istixana təsərrüfatının genişləndirilməsi başa çatdırılmışdır. Tutumu 400 ton olan 2 soyuducu anbarın yaradılması və 1 istixana təsərrüfatının genişləndirilməsi hazırda davam etdirilir.
Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı davamlı olaraq yaxşılaşdırılmaqdadır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 57 ədədi 2016-cı ilin yanvar-iyun aylarında olmaqla, cəmi 1742 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və avadanlıq muxtar respublikaya gətirilmişdir. 2016-cı ilin yanvar-iyun ayları ərzində 72 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və avadanlıq lizinq yolu ilə məhsul istehsalçılarına verilmiş, 11 ədədi isə nağd yolla satılmışdır. Bu dövr ərzində məhsul istehsalçıları 4905,3 ton gübrə ilə təmin olunmuşdur.
Cari ilin ötən dövrü ərzində kənd təsərrüfatının əsas sahələrindən biri olan heyvandarlığın inkişafı istiqamətində tədbirlər davam etdirilmiş, 6 heyvandarlıq təsərrüfatı yaradılmış, ümumilikdə, bank və kredit təşkilatları tərəfindən bu sahəyə 6 milyon 96 min 100 manat həcmində kreditlərin verilməsi təmin olunmuşdur.
Heyvandarlıq təsərrüfatlarında 4526 baş inək, düyə və camış süni yolla mayalandırılmış, əvvəlki dövrdə mayalandırılmış inək, düyə və camışlardan 2031 baş sağlam bala alınmışdır.
1 iyul 2016-cı il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 118 min 152 baş, qoyun və keçilərin sayı 740 min 497 baş olmuşdur ki, bu da 1 iyul 2015-ci il tarixə olan göstəriciləri müvafiq olaraq 1,7 və 2,4 faiz üstələmişdir.
Muxtar respublikada diri çəkidə 11294,8 ton ət, 47097,5 ton süd istehsal olunmuşdur ki, bu da 2015-ci ilin yanvar-iyun ayları ilə müqayisədə müvafiq olaraq 1,6 və 1,7 faiz çoxdur.
Daxili bazarda tələbatın yerli istehsal hesabına ödənilməsi məqsədilə 3 quşçuluq təsərrüfatının yaradılması hazırda davam etdirilir.
Cari ilin ötən dövründə kənd təsərrüfatı ilə məşğul olan təsərrüfat subyektlərinə, ümumilikdə, 7 milyon 233 min 500 manat məbləğində kreditlərin verilməsi təmin olunmuşdur.
2016-cı ilin yanvar-iyun aylarında bir il öncəyə nisbətən 5,6 faiz çox, yəni 117 milyon 544 min 900 manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur.
Kənd təsərrüfatının ümumi
məhsulu, min manat
Etibarlı ərzaq təminatı sisteminin qurulması daxili bazarda tələbatın ödənilməsi ilə yanaşı, ixrac potensialını da gücləndirmiş, cari ilin ötən dövrü ərzində muxtar respublikadan kənara 39 milyon ABŞ dollarından artıq həcmdə kənd təsərrüfatı məhsulları, xüsusilə də meyvə və tərəvəz ixrac olunmuşdur.
Cari ilin ötən dövrü ərzində meliorasiya-irriqasiya sistemlərinin yeniləşdirilməsi diqqət mərkəzində saxlanılmış, Babək rayonunun Badaşqan kəndində nasos stansiyasının tikintisi, Nehrəm kəndində kollektorun təmizlənməsi başa çatdırılmış, Şərur rayonunda kollektor-drenaj şəbəkələrinin, Naxçıvan şəhərinin Qaraçuq, Babək rayonunun Çeşməbasar kəndlərində kollektorların təmizlənməsi davam etdirilir.
Babək rayonunun Sirab, Kəngərli rayonunun Böyükdüz və Xok kəndləri ərazisində qapalı suvarma şəbəkəsinin tikintisi hazırda davam etdirilir.
Şərur rayonunun Ələkli kəndində suvarma xəttinin çəkilişi başa çatdırılmış, Babək rayonunun Kültəpə kəndində suvarma xəttinin çəkilişi davam etdirilir.
Araz çayında sahilbərkitmə işləri başa çatdırılmış, Babək rayonunun Vayxır kəndi ərazisində, “Qahab” selovunda, Naxçıvançayda və Şərur rayonunda Arpaçayda istiqamətləndirici bəndlərin tikintisi davam etdirilir.
Babək rayonunda Uzunoba Su Anbarına sugətirici kanalın təmiri, Sədərək rayonunda kollektor və drenajların bərpası, Araz çayından sugətirici kanalın təmizlənməsi hazırda davam etdirilir.
Muxtar respublikada 3 subartezian quyusunun tikintisi, 3 subartezian quyusunun bərpası, 8 kəhrizin təmiri başa çatdırılmış, 5 kəhrizin təmiri isə hazırda davam etdirilir.
Meşə fondunun mühafizə olunması, bərpası, yeni meşəliklərin salınması istiqamətində ilin əvvəlindən 246,2 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 216 mindən artıq ağac və bəzək kolları əkilmişdir.
Nəqliyyat, informasiya və rabitə, energetika
Muxtar respublikada artan əhali tələbatına uyğun olaraq müasir yol-nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması istiqamətində tədbirlər davam etdirilməkdədir.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 may tarixli Sərəncamına əsasən, Babək rayonunda Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunda yenidənqurma işləri davam etdirilir.
Cari ilin ilk altı ayı ərzində Şərur rayonunun Oğlanqala, Babək rayonunun Xəlilli və Yarımca, Culfa rayonunun Saltaq, Şahbuz rayonunun Daylaqlı kəndlərində avtomobil yollarının yenidən qurulması başa çatdırılmış, Şərur rayonunun Çəmənli və Arbatan, Babək rayonunun Gərməçataq və Məzrə, Culfa rayonunun Gülüstan, Şahbuz rayonunun Kiçikoba kəndlərində avtomobil yollarının yenidən qurulması hazırda davam etdirilir.
Culfa rayonunun Saltaq kəndində körpünün yenidən qurulması başa çatdırılmış, Gülüstan kəndində körpünün tikintisi, Culfa şəhərinə giriş avtomobil yolunun və həmin yolda körpünün yenidən qurulması davam etdirilir.
Şahbuz rayonunun Yuxarı Qışlaq və Külüs kəndlərinin avtomobil yollarında istinad divarlarının tikintisi başa çatdırılmış, Ordubad şəhərində daxili avtomobil yolunun yenidən qurulması hazırda davam etdirilir.
Naxçıvan şəhərində 400 yerlik avtomobil parkının tikintisi davam etdirilməkdədir.
Əhaliyə göstərilən nəqliyyat xidmətlərinin səviyyəsini yüksəltmək məqsədilə cari ilin ötən dövrü ərzində Naxçıvan-Batumi-Naxçıvan beynəlxalq avtobus marşrutu fəaliyyətə başlamışdır.
Ordubad dəmir yolu sərnişin vağzalı binasının və Ordubad Yol Sahəsinin inzibati binasının tikintisi, Ordubad Stansiya İdarəetmə Mərkəzinin əsaslı təmiri davam etdirilməkdədir.
Naxçıvan Beynəlxalq Hava Limanının “Qərb Terminalı”nda yenidənqurma işləri hazırda davam etdirilir.
2016-cı ilin yanvar-iyun aylarında muxtar respublikada nəqliyyat sektorunda 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 2,2 faiz, sərnişin daşınması 2,8 faiz artmışdır. Yük və sərnişin daşınmasından, bütövlükdə, 25 milyon 22 min 400 manat gəlir əldə edilmişdir ki, bu da bir il öncəki müvafiq göstəricidən 10,5 faiz çoxdur.
Muxtar respublikada informasiya və rabitə sahəsində yeni texnologiyaların tətbiqi bu sahə üzrə göstərilən xidmətlərin əhatə dairəsini genişləndirmişdir.
Cari ilin ötən dövrü ərzində muxtar respublikada Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemləri istifadəyə verilmişdir. Hər iki sistem üçün proqram təminatı hazırlanmış, server və digər avadanlıqlar quraşdırılmışdır ki, bu da vətəndaşlarla dövlət qurumları arasında münasibətlərin sadələşdirilməsinə, vaxt itkisinə yol verilmədən daxil olan müraciətlərə baxılmasına və cavablandırılmasına, mərkəzi və yerli icra hakimiyyəti orqanları arasında elektron sənəd dövriyyəsinin daha operativ təşkil olunmasına imkan yaratmışdır.
Muxtar respublikada telekommunikasiya və poçt xidmətlərinin çeşidinin və keyfiyyətinin artırılması istiqamətində “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin kompüter şəbəkəsinin Azərbaycan Respublikası Mərkəzi Bankının Hökumət Ödəniş Portalına qoşulması prosesi başa çatdırılmışdır ki, bu da poçt məntəqələrində əhaliyə yeni xidmətlərin göstərilməsinə şərait yaratmışdır.
Şərur rayonunun Oğlanqala, Babək rayonunun Xəlilli, Culfa rayonunun Saltaq, Kəngərli rayonunun Yurdçu və Şahbuz rayonunun Daylaqlı kəndlərində yeni poçt bölmələri istifadəyə verilmişdir.
Şərur rayonunda Cəlilkənddə və Qorçulu kəndində, Babək rayonunun Babək qəsəbəsində və Şəkərabad kəndində mövcud karel tipli avtomat telefon stansiyaları yeni nəsil avtomat telefon stansiyaları ilə əvəz olunmuşdur.
Şərur rayonunun Yuxarı Yaycı və Axaməd kəndlərinin hər birində 160, Babək rayonunun Nehrəm və Xəlilli kəndlərinin hər birində 384, Xal-xal kəndində 176, Gərməçataq kəndində 64, Ordubad rayonunun Kotam kəndində 96 nömrə tutumlu avtomat telefon stansiyaları quraşdırılmış, Kəngərli rayonunun Yurdçu kəndində 384 nömrə tutumlu avtomat telefon stansiyası yeni binaya köçürülmüş, Xok və Qarabağlar kəndlərindəki avtomat telefon stansiyalarına əlavə avadanlıqlar quraşdırılaraq nömrə tutumları artırılmışdır.
Ordubad rayonunun mərkəzi avtomat telefon stansiyasında, Şərur rayonunun Qarxun, Mahmudkənd, Yuxarı Yaycı və Xanlıqlar, Babək rayonunun Sirab və Yarımca, Ordubad rayonunun Dəstə və Vənənd, Culfa rayonunun Saltaq kəndlərindəki avtomat telefon stansiyalarının hər birində 1 ədəd 48 portluq DSLAM avadanlığı quraşdırılaraq əhalinin genişzolaqlı internet xidmətindən istifadəsi təmin edilmişdir.
Muxtar respublikada “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 4-cü nəsil LTE şəbəkə sisteminin yaradılması başa çatdırılmışdır.
Naxçıvan şəhərində “Evədək optika” layihəsinin icrası istiqamətində 43 fərdi mənzilə fiber-optik kabel xətti çəkilmişdir. Ümumilikdə, hesabat dövründə muxtar respublikada 62 kilometr məsafədə fiber-optik kabel xətti çəkilmişdir.
Muxtar respublika üzrə 1439 ədəd yeni telefon şəbəkəyə qoşulmuş, 1 iyul 2016-cı il tarixə hər yüz ailəyə düşən telefon aparatlarının sayı 73-ə çatmışdır. Bu dövr ərzində hər yüz nəfərə düşən mobil telefonların sayı isə 104 ədəd təşkil etmişdir.
2016-cı ilin yanvar-iyun aylarında muxtar respublikada informasiya və rabitə xidmətlərinin həcmi 2015-ci ilin müvafiq dövründəki göstəricini 3,6 faiz üstələyərək 24 milyon 660 min 400 manat olmuşdur. Ümumi xidmətlərin 82,5 faizi mobil rabitə xidmətinin payına düşmüşdür. Mobil rabitə xidmətlərinin həcmi 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz artmışdır.
Elektroenergetika sektorunda davamlı olaraq yeni güclərin yaradılması, infrastrukturun müasir standartlar səviyyəsində yenilənməsi istiqamətində Ordubad rayonunda Ordubad Su Elektrik Stansiyasının tikintisi davam etdirilmişdir.
Muxtar respublikada 19 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik verilişi xətləri çəkilmiş, 20 ədəd müxtəlif güclü transformator yarımstansiyası quraşdırılmışdır.
1 iyul 2016-cı il tarixə muxtar respublikada 84 min 325 əhali abonenti mavi yanacaqla təmin olunmuşdur.
Naxçıvan şəhərində smartkarttipli elektrik və qaz sayğaclarının quraşdırılması davam etdirilir.
Sahibkarlıq fəaliyyəti, əhalinin gəlirləri
və məşğulluq məsələləri
Dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edən sahibkarlığın inkişafı sahəsində tədbirlər davam etdirilir.
Cari ilin yanvar-iyun ayları ərzində muxtar respublikada sahibkarlıq fəaliyyəti üçün verilən kreditlərin həcmi 13 milyon 32 min 600 manat təşkil etmişdir. Bu kreditlərdən 9 milyon 414 min 600 manatı fərdi sahibkarlığın inkişafına, 3 milyon 618 min manatı isə yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə sərf olunmuşdur. Ümumilikdə, ötən dövr ərzində muxtar respublikada bank və kredit təşkilatları tərəfindən 20 milyon 410 min 900 manat həcmində kreditlərin verilməsi təmin edilmişdir.
2016-cı ilin ötən dövründə muxtar respublikada 12 hüquqi və 1223 fiziki şəxs qeydiyyata alınmışdır.
Yerli istehsal sahələrinin inkişafının nəticəsidir ki, bu gün muxtar respublikada 365 növdə məhsul istehsal olunur. Bu məhsulların 120 növü ərzaq, 245 növü qeyri-ərzaq məhsullarıdır. 107-si ərzaq, 236-sı qeyri-ərzaq olmaqla, 343 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilmişdir.
Muxtar respublikada əhalinin gəlirləri bir il öncəyə nisbətən 2,1 faiz artaraq 811 milyon 66 min 400 manata, onun hər bir nəfərə düşən həcmi isə 1 faizlik artımla 1820,6 manata çatmışdır. Cari ilin yanvar-may ayları ərzində orta aylıq əməkhaqqının məbləği 403,9 manat təşkil etmişdir ki, bu da 2015-ci ilin müvafiq dövründəki göstəricidən 2,9 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası muxtar respublikada işaxtaranların sosial müdafiəsinin gücləndirilməsinə, səmərəli məşğulluğun və özünüməşğulluğun təmin edilməsinə, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə geniş imkanlar yaratmaqdadır.
2016-cı ilin ilk altı ayı ərzində muxtar respublikada 1811 yeni iş yeri yaradılmışdır ki, bunun da 1768-i və ya 97,6 faizi daimi iş yerləridir. Əmək bazarının tələblərinə uyğun olaraq cari ilin ötən dövrü ərzində Naxçıvan Regional Peşə Tədris Mərkəzində qazanxana maşinisti, traktorçu-maşınçı, xalçaçı, aşpaz köməkçisi peşələri və digər peşələr olmaqla, ümumilikdə, 164 nəfər peşə kurslarına, 24 nəfər isə ixtisasartırma kurslarına cəlb edilmişdir. Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisəsində 12 məhkum qazanxana maşinisti, 10 məhkum isə daş üzərində oyma peşələri üzrə kurslara cəlb olunmuşdur. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə ixtisas təhsili müəssisələrində cari ilin ötən dövrü ərzində 1167 nəfər müxtəlif peşələrə yiyələnmişdir.
İstehlak bazarı
Səmərəli məşğulluq imkanlarının yaradılması əhalinin alıcılıq qabiliyyətini yüksəltmiş, əmtəə dövriyyəsinin həcmini genişləndirmişdir.
2016-cı ilin yanvar-iyun aylarında muxtar respublikanın istehlak bazarında əhaliyə 662 milyon 77 min 900 manat həcmində istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çoxdur.
Əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi məqsədilə Naxçıvan şəhərində Avtomobil və Ehtiyat Hissələrinin Satış Mərkəzi və yeraltı qaraj istifadəyə verilmişdir.
Şərur rayonunun Oğlanqala, Babək rayonunun Xəlilli və Yarımca, Culfa rayonunun Saltaq, Kəngərli rayonunun Yurdçu kəndlərində xidmət mərkəzlərinin tikintisi, Şahbuz rayonunun Daylaqlı kəndində xidmət mərkəzinin yenidən qurulması başa çatdırılmış, Naxçıvan şəhərinin Bulqan və Tumbul, Şərur rayonunun Arpaçay, Arbatan və Çəmənli, Babək rayonunun Hacıvar, Məzrə və Badaşqan, Ordubad rayonunun Baş Dizə, Culfa rayonunun Gülüstan, Şahbuz rayonunun Kiçikoba kəndlərində xidmət mərkəzlərinin tikintisi hazırda davam etdirilir.
Xarici ticarət, bank işi və sığorta fəaliyyəti
Muxtar respublikanın dinamik inkişafı, ən əsası yerli istehsalın şaxələnməsi xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaratmışdır.
2016-cı ilin yanvar-iyun aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsinin həcmi 207 milyon 98 min ABŞ dolları təşkil etmişdir. Bir il öncəyə nisbətdə ixracın həcmi 2,1 faiz artaraq 188 milyon 250 min 600 ABŞ dolları, idxalın həcmi 21 faiz azalaraq 18 milyon 847 min 400 ABŞ dolları təşkil etmiş, 169 milyon 403 min 200 ABŞ dolları həcmində müsbət saldo yaranmışdır.
Bank sektorunun inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilməkdədir. 1 iyul 2016-cı il tarixə muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1156-ya çatdırılmışdır ki, bu da vəsaitlərin dövriyyəsinin sürətləndirilməsinə, nağd pulların daşınması, saxlanması və təsərrüfat əməliyyatları xərclərinin azaldılmasına müsbət təsir göstərmişdir.
1 iyul 2016-cı il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 57774-ə çatmışdır ki, bunun da 51436-sı və ya 89 faizi aktiv hesablardır. 2016-cı ilin yanvar-iyun aylarında açılmış 9654 bank hesabı aktiv hesablar olmuşdur.
Səmərəli sığorta sisteminin formalaşdırılması istiqamətində tədbirlər davam etdirilməkdədir. 2016-cı ilin yanvar-iyun ayları ərzində muxtar respublikada sığorta növləri üzrə daxilolmalar 2922,3 min manat olmuşdur.
Təhsil, səhiyyə, sosial təminat,
mədəniyyət və turizm
Təhsil sahəsi üzrə infrastruktur quruculuğu tədbirləri çərçivəsində Ordubad Texniki Peşə və Sürücülük Məktəb Kompleksinin yenidən qurulması başa çatdırılmış, Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin, Naxçıvan Müəllimlər İnstitutunun binalarının tikintisi, Naxçıvan Dövlət Texniki Kollecinin binasının yenidən qurulması davam etdirilir.
Muxtar respublikada təhsilin səviyyəsinin daha da yüksəldilməsi, texniki fənlər üzrə şagirdlərin istedad və bacarıqlarının aşkara çıxarılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 aprel tarixli Sərəncamı ilə yaradılmış Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyində hazırda inşaat işləri davam etdirilir.
Babək rayonunun Xəlilli kəndində 144, Culfa rayonunun Saltaq kəndində 306, Şahbuz rayonunun Daylaqlı kəndində 168 şagird yerlik tam orta məktəb binalarının tikintisi, Şərur rayonunun Oğlanqala kəndində 576, Babək rayonunun Yarımca kəndində 342, Kəngərli rayonunun Yurdçu kəndində 270 şagird yerlik tam orta məktəb binalarının yenidən qurulması başa çatdırılmışdır.
Naxçıvan şəhərinin Tumbul, Şərur rayonunun Çəmənli, Babək rayonunun Məzrə, Ordubad rayonunun Baş Dizə, Culfa rayonunun Gülüstan, Şahbuz rayonunun Kolanı kəndlərində məktəb binalarının və Şərur şəhərində 2 nömrəli məktəb binasının tikintisi, Naxçıvan şəhərində 3 nömrəli və Şərur rayonunun Arbatan kəndində məktəb binalarının yenidən qurulması hazırda davam etdirilir.
Kəngərli rayonunun Qıvraq qəsəbəsində uşaq bağçası binasının tikintisi davam etdirilir.
Əhaliyə göstərilən səhiyyə xidmətlərinin daha da yaxşılaşdırılması istiqamətində Babək rayonunun Xəlilli və Şahbuz rayonunun Daylaqlı kəndlərində feldşer-mama məntəqələrinin tikintisi, Kəngərli rayonunun Yurdçu kəndində feldşer-mama məntəqəsinin yenidən qurulması başa çatdırılmışdır.
Babək rayonunun Yarımca kəndində həkim ambulatoriyası binasının tikintisi, Şərur rayonunun Oğlanqala, Culfa rayonunun Saltaq kəndlərində həkim ambulatoriyası binalarının yenidən qurulması başa çatdırılmış, Culfa rayonunun Xanəgah kəndində həkim ambulatoriyası binasının tikintisi hazırda davam etdirilir.
Sosial layihələr çərçivəsində cari ilin ilk altı ayında yüksəkixtisaslı həkim heyəti tərəfindən, ümumilikdə, 235 cərrahi əməliyyat, o cümlədən 48 nəfər xəstədə açıq ürək, 6 nəfər xəstədə göz, 181 nəfər xəstədə digər müxtəlif əməliyyatlar aparılmışdır.
2016-cı ilin yanvar-iyun ayları ərzində muxtar respublikada hər bir nəfərə düşən aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə 1 milyon 448 min 306 manat həcmində ünvanlı dövlət sosial yardımı ödənilmişdir.
Bu dövr ərzində 460 tənha ahıl və sağlamlıq imkanları məhdud şəxslərə evlərində sosial-məişət xidmətləri göstərilmiş, Naxçıvan Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 159 nəfərin, Naxçıvan Uşaq Bərpa Mərkəzində isə 176 uşağın müalicəsi təşkil edilmişdir. Sağlamlıq imkanları məhdud 132 nəfər sanatoriya və müalicə pansionatlarına yollayışlarla təmin edilmiş, 170 nəfərə protez-ortopedik xidməti göstərilmiş, 148 nəfər texniki reabilitasiya vasitələri ilə təmin olunmuşdur.
Sağlamlıq imkanları məhdud 6 nəfərin xaricdə, 25 nəfərin ölkə daxilində müalicəsinə, 54 nəfərin isə sosial-məişət şəraitinin yaxşılaşdırılmasına köməklik göstərilmişdir.
Sağlamlıq imkanları məhdud şəxslərin reabilitasiyası və asudə vaxtlarının səmərəli təşkili məqsədilə boccia idman növü üzrə bölmə fəaliyyətə başlamış, 6 uşaq məşğələlərə cəlb edilmişdir. Bu dövr ərzində sağlamlıq imkanları məhdud və aztəminatlı ailələri təmsil edən 90 uşağın Ağbulaq İstirahət Mərkəzində istirahətləri təmin olunmuşdur.
Sosial qayğıya ehtiyacı olan 4 şəhid ailəsinə və 2 sağlamlıq imkanı məhdud şəxsə yeni mənzillər verilmiş, bu istiqamətdə 4 fərdi yaşayış evinin inşası hazırda davam etdirilir.
Əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, öz növbəsində, demoqrafik vəziyyətə müsbət təsir göstərmiş, bir il öncəyə nisbətdə doğulanların sayı 3,7 faiz artmış, ölənlərin sayı isə 4,2 faiz azalmışdır. Muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 4,9 min nəfər artaraq 1 iyun 2016-cı il tarixə 446,3 min nəfərə çatmışdır.
Muxtar respublikada pensiya və müavinətlərin dayanıqlı maliyyə təminatı formalaşdırılmışdır. Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2016-cı ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin ödənilməsinə bir il öncəyə nisbətdə 8,9 faiz çox, yəni 62 milyon 71 min manatdan artıq vəsait yönəldilmişdir.
Muxtar respublikada bədən tərbiyəsi və idmanın inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilmiş, bu sahədə infrastrukturun yenilənməsi istiqamətində Şərur rayonunda Mahmudkənddə və Aşağı Yaycı kəndində hər birində bir stadion yenidən qurulmuş, Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin idman zalının tikintisi davam etdirilir.
Milli dəyərlərimizin təbliği, onun daha da zənginləşdirilərək gələcək nəsillərə ötürülməsi diqqətdə saxlanılmış, Şərur rayonunun Xanlıqlar kəndində “İmamzadə” tarixi abidəsinin, Culfa rayonunda Gülüstan türbəsinin bərpası başa çatdırılmışdır.
“Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində təmir-bərpa işləri aparılmış, Naxçıvan şəhərində məscidin tikintisi, Kəngərli rayonunda Qarabağlar Türbə Kompleksinin bərpası, Sədərək rayonunda mədəniyyət evinin yenidən qurulması hazırda davam etdirilir.
Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkının tikintisi başa çatdırılmış, “Naxçıvan – bəşəriyyətin beşiyi” III Beynəlxalq Rəsm Festivalı keçirilmişdir.
Muxtar respublikada kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi, onların fəaliyyətinin səmərəli təşkili diqqətdə saxlanılmış, Naxçıvan televiziyasının internetdə canlı yayımının təmini üçün server avadanlığı qurulmuş, xüsusi proqram təminatı hazırlanmış, internet saytı yaradılmışdır.
Turizmin kompleks şəkildə inkişafını təmin etmək məqsədilə həyata keçirilən mühüm tədbirlər cari ilin ötən dövrü ərzində də davam etdirilmiş, dünya əhəmiyyətli tarixi abidələrimiz bərpa olunmuş, Naxçıvan şəhərdaxili turist marşrutu fəaliyyətə başlamışdır. 2016-cı ilin yanvar-iyun aylarında muxtar respublikamıza ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 187 mindən artıq turist gəlmişdir ki, bu da 2015-ci ilin müvafiq dövründəki göstəricidən 4,1 faiz çoxdur.
Hüquq-mühafizə orqanları ilə iş
Muxtar respublikada hüquq-mühafizə orqanlarının maddi-texniki bazasının və bu sahədə çalışanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər görülür.
Sədərək rayonunda Sədərək sərhəd gömrük-buraxılış məntəqəsinin, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin zabitləri üçün yataqxana binasının tikintisi davam etdirilir.
Aparılan təhlillər göstərir ki, bu gün muxtar respublikada bütün sahələrdə əldə olunmuş uğurlar səmərəli məşğulluğu təmin etməklə əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yüksəltmiş, gələcək inkişafımız üçün ciddi əsaslar yaratmışdır.
Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsi