23 Dekabr 2024, Bazar ertəsi

Yayın isti günlərində torpaq mülkiyyətçilərinin qayğıları daha da artır. Bu sırada taxılçılıqla məşğul olanları xüsusi vurğulamaq lazımdır. Ötən ilin payızından cari ilin məhsulu üçün sahələrə çıxan, taxıl əkini kampaniyasını vaxtında və keyfiyyətlə başa çatdırmağa, aqrotexniki qaydalara lazımınca əməl etməyə çalışan belə insanlar yetişdirdikləri məhsulu optimal müddətdə toplamağa səy göstərirlər. Son illər dövlətimizin taxılçılığın inkişafına, torpaq mülkiyyətçilərinin qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasına göstərdiyi qayğı bu sahədə böyük uğurlar qazanılmasına stimul olub.

Cari ilin məhsulu üçün muxtar respublikamızda 31 min 579 hektar sahədə taxıl əkilib. Taxıl istehsalçılarına əvvəlki illərdə olduğu kimi kreditlər verilib, bu vəsaitin təyinatı üzrə xərclənməsi diqqət mərkəzində saxlanılıb. Mineral gübrələrlə təminata da xüsusi diqqət yetirilib, sahələr vaxtlı-vaxtında suvarılıb. Çəkilən zəhmət hədər getməyib, sahələrdə bol məhsul yetişdirilib. Bir aydan çoxdur ki, sahələrdən kombaynların səsi gəlir. Yetişdirilmiş məhsulu vaxtında toplamaq üçün aidiyyəti qurumlar, torpaq mülkiyyətçiləri səfərbər olunublar.

Muxtar respublikanın dağlıq zonası olan Şahbuz rayonunda da taxıl tədarükünə ciddi hazırlıq görülüb. Bu mövsümü mütəşəkkilliklə başa vurmaq üçün məqsədyönlü tədbirlər həyata keçirilib. Rayonda 1337 hektar sahədə taxıl əkilib. Artıq taxıl tədarükünə start verilib. Sahələrdə hələlik 9 kombayn işləyir.
Taxıl biçininin gedişi ilə tanış olmaq üçün rayonun bir neçə kəndinə baş çəkdik. Öyrəndik ki, Türkeş, Badamlı, Sələsüz, Şahbuzkənd yaşayış məntəqələrində daha çox taxıl əkilib. Məsələn, Türkeş kəndində bu il 105 hektar sahədən məhsul tədarük olunacaq. Kənd sakinləri Bayraməli Həşimov, Arif Hüseynov hər biri 7 hektar sahədə taxıl əkiblər. Onlar bildirdilər ki, taxılçılıq üçün dövlət tərəfindən müəyyən olunmuş bütün güzəştlərdən istifadə ediblər. Bol məhsul toplayacaqlarına əmindirlər.
Digər yaşayış məntəqələrində də mütəşəkkillik təmin edilib. Badamlı kənd sakini Şəmsi Əsgərov 30 hektar sahədə taxıl əkib. O həm də mexanizatordur. Taxıl biçinində rayonun digər taxılçılarına öz köməyini göstərir.
Onun dediklərindən:
– Tarixən yurdumuzda taxıl yetişdirmək müqəddəs bir iş sayılıb. Çünki bu məhsuldan süfrələrin şahı olan çörək hazırlanır. Çörək isə ən müqəddəs nemətdir. Yaşlı və orta nəsil çörəklə imtahana çəkildiyimiz vaxtları yaxşı xatırlayır. Odur ki, bu gün dövlətimizin taxılçılığı inkişaf etdirmək üçün bizə yaratdığı şəraitdən səmərəli istifadə olunmalıdır. Torpağımız var, suyumuz bol, gübrə, texnika, dəyirman sarıdan heç bir çətinliyimiz yoxdur. Qalır, zəhmətə qatlaşasan, əziyyət çəkəsən ki, süfrən də bol olsun. Kim ki zəhmətə qatlaşmağı, canına cəfa verməyi bacarır, özünə yaxşı gün-güzəran qura bilir.
Sələsüz kəndində yaşayan Arzu Mehdiyev 7 hektar sahədən məhsul tədarük edəcək. O deyir ki, Şahbuzun məhsuldar torpaqları, sərin havası burada daha keyfiyyətli taxıl istehsalına imkan verir. Sovet dönəmində belə bir fikir yaratmışdılar ki, dağlıq zonada taxıl əkib-becərmək mümkün deyil. Lakin son illər şahbuzlular onlara bu sahədə də göstərilən qayğı hesabına sübut etdilər ki, bu fikir yanlış bir fikirdir və ilbəil taxılçılığa marağın artması, məhsuldarlığın yüksəldilməsi buna sübutdur.
Şahbuzda da bir daha gördük ki, son illər bəhs olunan sahədə qazanılan nailiyyətlər təbiidir. Nailiyyətlərin arxasında düzgün müəyyənləşdirilmiş siyasət, bu siyasətin həyata keçirilməsində əzmkarlıq dayanıb, üzləşilən çətinliklər dəf edilib.
Taxılçılıqda əldə olunan nailiyyətlər dövlət qayğısı ilə yanaşı, yurd, torpaq qədri bilən şahbuzluların fəallığının nəticəsidir. Bu da onunla bağlıdır ki, qədim diyarımızın sakinləri halallığa söykənən və onu hər şeydən üstün tutan insanlardır. Bu səbəbdəndir ki, şahbuzluların da süfrələrinin ruzi-bərəkəti ildən-ilə artır.

 Muxtar Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR