23 Dekabr 2024, Bazar ertəsi

Bu tədbirlərdən Babək rayonuna da xeyli pay düşüb

Muxtar respublikamızda istənilən yaşayış məntəqəsinin inkişafı onun ümumi mənzərəsindən bəlli olur. Regionun ildən-ilə inkişaf edən bölgələrinin fonunda bu yeniliyi daha aydın görmək mümkündür. Belə bölgələrdən biri də xalqımızın qəhrəman oğlunun adını daşıyan Babək rayonudur.

Babək rayonu ümummilli lider Heydər Əliyevin təşəbbüsü və xeyir-duası ilə 1978-ci ildə yaradılıb. Ulu öndərin Azərbaycanda hakimiyyətdə olduğu hər iki dövrdə Babək rayonu hərtərəfli inkişaf yolu keçib. Həyata keçirilən tədbirlər nəticəsində rayon özünün yeni inkişaf yoluna qədəm qoyub, xeyli sayda kənd yaşayış məntəqələri abadlaşdırılıb, yerli istehsal müəssisələrinin sayı artırılıb, kənd təsərrüfatı inkişaf etdirilib, rayon mərkəzi olan Babək qəsəbəsi öz simasını tamamilə dəyişib. Son illərdə bölgədə muxtar respublika əhəmiyyətli mühüm layihələr həyata keçirilib. Təkcə ötən il rayonda Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə Naxçıvan Günəş Elektrik Stansiyasının, 7 yaşayış məntəqəsini birləşdirən Şəkər­abad-Babək qəsəbə-Nehrəm-Araz­kənd dairəvi avtomobil yolunun və Nehrəm kənd 2 nömrəli tam orta məktəbin açılışı olub. Babək qəsəbəsində rayon Rabitə İdarəsi və “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin Babək rayon filialı üçün yeni inzibati bina və 5 mərtəbəli 60 mənzilli yaşayış binası istifadəyə verilib, Heydər Əliyev prospektində 500 metr məsafədə hasar çəkilib və müasir arxitektura üslubunda üzlənib ki, bu da qəsəbəyə uzanan avtomobil yoluna xüsusi yaraşıq verir. Bundan əlavə, Xal-xal kəndində məktəb binası, kənd və xidmət mərkəzləri tikilib.

Tikinti-quruculuq və abadlıq tədbirləri 2016-cı ildə də davam etdirilir. Cari ilin ötən dövründə rayonun Xəlilli və Yarımca kəndlərində müasir məktəb binaları, kənd və xidmət mərkəzləri istifadəyə verilib ki, bu obyektlər istər müəllim və şagirdlərin, istərsə də dövlət qurumlarında çalışanların və kənd sakinlərinin rahatlığını təmin edib. Hazırda isə rayonun Məzrə kəndində orta məktəb üçün binanın, kənd və xidmət mərkəzlərinin tikintisi aparılır. Bu tikinti obyektlərində işlərin böyük bir qismi həyata keçirilib. İşlər yekunlaşdıqdan sonra buradakı 3 mərtəbəli 270 şagird yerlik məktəb binası, ikimərtəbəli kənd mərkəzinin binası əraziyə xüsusi gözəllik bəxş edəcək. Bir az aralıda yerləşən xidmət mərkəzinin binası isə kənddə ərzaq və sənaye məhsullarının müasir tələblərə uyğun satışına, o cümlədən sakinlərə müxtəlif xidmətlərin göstərilməsinə lazımi şərait yaradacaq. Yeri düşmüşkən qeyd edək ki, kənddə həyata keçirilən qurucu­luq tədbirləri çərçivəsində kənddaxili yollar da yenidən qurulur. Artıq yuxarıda adıçəkilən ünvanlara gedən yolların yatağı genişləndirilib, yolboyu kənd sakinlərinə məxsus divarlar yenidən tikilərək sahmana salınıb.
Hacıvar kəndində də hazırda kənd və xidmət mərkəzlərinin tikintisi aparılır. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin inşaatçıları tərəfindən ötən müddətdə hər iki obyektdə hörgü işləri başa çatdırılıb, binaların dam örtüyü vurulub, kommunikasiya xətlərinin çəkilişi yekunlaşıb. Hazırda binaların daxilində suvaq işləri görülür, fasad hissədə müasir memarlıq üslubunda dizayn işləri aparılır. İşlər yekunlaşdıqdan sonra bu binaların yerləşdiyi ərazilər abadlaşdırılacaq, ətrafda yaşıllıq sahələri və gülkarlıqlar yaradılacaqdır.
Rayonun Badaşqan kəndində yeni tikilən xidmət mərkəzinin binası isə Hacıvar-Yarımca avtomobil yolunun kənarında yerləşir və artıq burada son tamamlama işləri görülür. Yeni xidmət mərkəzi kənd sakinləri ilə bərabər, bu yoldan istifadə edənlər üçün də müvafiq xidmətlər göstərəcək.
Babək qəsəbəsində isə rayon İcra Hakimiyyətinin inzibati binasında əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Babək Rayon İdarəsinin inşaatçılarına həvalə olunan obyektdə yenidənqurma işləri çərçivəsində binaya bir mərtəbə əlavə olunacaq, burada çalışanlar üçün müasir iş şəraiti yaradılacaq. Müasir dizaynda yenidən qurulan binanın ətrafında isə abadlıq tədbirləri həyata keçiriləcək. Hazırda burada söküntü işləri aparılır.
Qeyd edək ki, son illərdə Babək rayonunda aparılan quruculuq tədbirlərinin əsas hissəsini yeni yol infrastrukturunun yaradılması təşkil edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müxtəlif illərdə imzaladığı sərəncamlarla avtomobil yollarının yenidən qurulması tədbirləri çərçivəsində Babək rayonunda da xeyli iş görülüb. Belə ki, ölkə başçısının “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 5 mart tarixli Sərəncamına əsasən, 13 kənd yaşayış məntəqəsini əhatə edən və ümumi uzunluğu 26 kilometr olan Hacıvar-Vayxır-Sirab avtomobil yolunun, 2014-cü il 27 avqust tarixli Sərəncamına əsasən, 31 min nəfər sakinin yaşadığı və 7 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 35 kilometr olan Şəkər­abad-Babək qəsəbə-Nehrəm-Araz­kənd dairəvi avtomobil yolunun yenidən qurulması təkcə Babək rayonunun deyil, ümumilikdə, muxtar respublikanın yol-nəqliyyat infra­strukturunun yenilənməsində mühüm rol oynayıb. Ölkə rəhbərinin 20 may 2016-cı il tarixdə imzaladığı “Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Şəkərabad-Babək qəsəbə-Nehrəm-Araz­kənd dairəvi avtomobil yolunun yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı isə rayonun daxili avtomobil yollarının yeniləşməsinə daha bir töhfədir. Hazırda sərəncamın icrasına uyğun olaraq, Nehrəm kəndini Naxçıvan-Culfa magistral avtomobil yolu ilə birləşdirən və uzunluğu 4300 metr olan avtomobil yolunda yenidənqurma işləri aparılır. Yenidənqurma işlərinə başlanmasından ötən bir ay ərzində inşaatçılar tərəfindən yol yatağı 9 metrədək genişləndirilib, yolboyu su keçidləri qoyulub. Hazırda ərazidə torpaqbərkitmə işləri aparılır.
Nehrəm kəndindən rayonun Çeşməbasar kəndi istiqamətində uzanaraq Naxçıvan-Culfa magistral avtomobil yoluna birləşən digər avtomobil yolunun uzunluğu isə 4000 metrə yaxındır. Burada yol yatağının 7 metrədək genişləndirilməsi nəzərdə tutulub. Culfa Rayon Yol Təmir-İstismar İdarəsinin inşaatçıları tərəfindən magistral yoldan başlayaraq yola ilk asfalt örtüyünün verilməsinə başlanılıb. Ərazidə yolboyu 4 yerdə su keçidi qoyulub. Adıçəkilən istiqamətlərdə avtomobil yollarının yenidən qurulması Nehrəm kəndinə daxil olan hər üç istiqamətdə sürücü və sərnişinlərin rahatlığını təmin edəcək.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR