İyulun 27-də İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayətinin Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatası üzvlərindən ibarət nümayəndə heyəti Naxçıvana gəlib. Qonaqlar əvvəlcə Naxçıvan şəhərinin baş meydanında ulu öndər Heydər Əliyevin əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Həmin gün Naxçıvan Biznes Mərkəzində palatanın üzvləri ilə muxtar respublikanın sahibkarları arasında işgüzar görüş keçirilib. Tədbirdən əvvəl iranlı sahibkarlar mərkəzdə muxtar respublikada istehsal olunan məhsullardan ibarət sərgiyə baxıblar.
Naxçıvan Biznes Mərkəzinin iclas zalında keçirilən tədbiri Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov açaraq bildirib ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının muxtar respublikada uğurla davam etdirilməsi nəticəsində ötən dövrdə mühüm iqtisadi nailiyyətlər qazanılıb. Ötən əsrin sonlarından blokada vəziyyətinə salınmasına baxmayaraq, muxtar respublikamız bütün çətinliklərə sinə gərərək sürətli inkişaf yolu keçib və hazırda ölkəmizin hərtərəfli inkişaf edən regionlarından birinə çevrilib. Sahibkarlığın inkişaf etdirilməsinə göstərilən dövlət qayğısı ötən müddətdə sahibkarlar təbəqəsinin yaranmasına imkan verib, muxtar respublikada yerli xammala əsaslanan yüzlərlə istehsal müəssisələri yaradılıb. Həyata keçirilən tədbirlər Naxçıvanı məhsul idxal edən regiondan ixrac edən regiona çevirib.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasında əlaqələr daha da genişlənərək özünün yeni inkişaf mərhələsinə qədəm qoyub.
Şərqi Azərbaycan Vilayəti valisinin iqtisadiyyat məsələləri üzrə müavini Əli Nəvadad, Şərqi Azərbaycan Vilayətinin iqtisadiyyat və maliyyə məsələləri üzrə baş direktoru Rza Hüseyni, kafel-seramika istehsalçısı və sənaye maşınlarının idxal və ixracatçısı Səməd Həsənzadə çıxış edərək Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayəti arasında iqtisadi əlaqələrin inkişafından danışıb, qarşılıqlı investisiya layihələrinin həyata keçirilməsi üçün münbit şəraitin olduğunu bildiriblər.
Sonra iranlı iş adamları ilə yerli sahibkarlar arasında müzakirələr aparılıb.
Tədbirdən sonra qonaqlar muxtar respublikada fəaliyyət göstərən bir neçə istehsal müəssisəsi ilə tanış olublar.
Xəbərlər şöbəsi