23 Dekabr 2024, Bazar ertəsi

Yaxud “Qaragül” tanıtım nişanı ilə xarici bazara çıxarılan Naxçıvan məhsulu

Yay fəsli, yaylaq dövrü heyvandarlıqla məşğul olan fermerlərin istirahət vaxtıdır. Əvvəlcədən razılaşdığımız kimi Şərur Rayon Baytarlıq İdarəsinin rəisi Cəlal Kamalovla görüşərək onun “Niva” markalı avtomobilinə əyləşib üz tutduq fermerlərin məskən saldığı ünvana – Şahbuz rayonundakı Salvartı yaylağına. Enişli-yoxuşlu avtomobil yolu ilə yaşıl örpəyə bürünmüş, dağların sinəsinə sancılmış, ağ yapıncını xatırladan obaların, güllərin, çiçəklərin, ətrafa səpələnmiş qoyun-quzuların, sıldırım qayaların yaratdığı ecazkar mənzərəni seyr edə-edə qalxdıq yüksəkliyə. Təmiz havası, diş göynədən bulaqları, süfrəsindən yağı, pendiri, qatığı, qaymağı əskik olmayan, sanki yanaqlarından qan daman zəhmət adamlarının yanına. Fermerlər Xudaverdi İsmayılov, Xosrov Əsədov, Mikayıl Cəfərov, Abdulla Heydərovla görüşdük. Cəlal həkim mütəmadi olaraq yaylağa baş çəkdiyindən onu yaxşı tanıyırdılar. Hal-əhval tutduqdan sonra:

– Ay həkim, bu qonaq kimdir? – deyə soruşdular.
– Jurnalist dostumuzdur. Fikirləşdik ki, bu dəfə birlikdə qalxaq yaylağa.
– Lap əcəb etmisiniz. Qonaq Allah qonağıdır, – deyib mənə yaxınlaşdılar.

Artıq yaylaq adamları ilə ünsiyyət qurmaq üçün, necə deyərlər, bir “körpü” salınmışdı. Mən də bu “körpü”dən istifadə etdim.
– Vəziyyətiniz necədir? – deyə soruşdum.
– Necə olacaq. Səssiz-küysüz, rahat bir məkanda təsərrüfatla məşğul oluruq. Çörəyimizi qazanırıq.
– Həm çörək qazanır, həm də istirahət edirsiniz.
– Əlbəttə, – deyib yaxınlıqdakı “UAZ” markalı avtomobili göstərərək, – hər gün olmasa da, günaşırı rayon mərkəzinə baş çəkir, bazarlığımızı edirik.
– Bəs məlumat almaqda necə, çətinliyiniz yoxdur ki?
– Xeyr.
Çadırın yaxınlığındakı elektrik mühərrikini, bir az aralıda olan çanaq antenasını göstərərək:
– Plazma televizorunadək nə lazımdırsa, varımızdır. Allah qoysa, payızın son günlərinədək burdayıq.
– Ay ata, çay hazırdır, – deyən uşağın səsi söhbətimizə ara verməyə səbəb oldu.
– Buyurun süfrə başına, – deyib yaşıl çəmənliyə açılmış süfrədəki nemətləri göstərərək, – narahat olmayın pul verməmişik, hamısı öz məhsullarımızdır, – deyib zarafat etdilər.
Bir qismət çörək kəsdik. Bir stəkan çay içib süfrədən qalxan həkim – İşçi iş başında gərək. Profilaktik tədbir aparmalıyıq, – dedi.
Həkimlər öz işlərini icra etməyə başladılar. Mən də zəhmət adam­ları ilə söhbətləşmək üçün zaman qazandım.
– Deyəsən, il yaxşı gəlib, ətlik heyvanlarınız çoxdur. Satış sarıdan probleminiz yoxdur ki?
Fermer Xudaverdi İsmayılov cavab verdi.
– Xeyr. Uzun illərdir, təsərrüfatla məşğul olduğumuzdan daimi müştərilərimiz var. Qalan ətlik mallarımızı isə payızda – yaylaqdan arana dönərkən, qış mövsümündə izafi xərc çəkməmək üçün çıxdaş edir, “Bərəkət” Ət Məhsulları Kompleksinə təhvil veririk. Bir də ki, – ətrafı göstərərək, – minbir dərdin dərmanı olan gül-çiçəklə qidalanan heyvanların əti də, südü də dərmandır. Bu məhsulların alıcısı da başının üstündədir. Elə bu təsərrüfatdan əldə etdiyimiz gəlirlə özümüzə yaxşı gün-güzəran qurmuşuq.
– Qış üçün yem tədarükü necə, etmisinizmi?
– Bəli, yem tədarükü üçün əkin sahələrimiz var. O işlərlə başqa qrup məşğul olur. Amma məlumatımız var ki, kifayət qədər yem tədarük olunub. Çardaqlar dolmaq üzrədir. Qaldı ki, qüvvəli yemə, o da Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksində həmişə var. İstədiyimiz vaxt alırıq.
Beləcə, yaylaqda zəhmət adamları ilə keçirdiyimiz bir gün sona çatdı. Maşına əyləşərkən un kisəsinə bükülü nə isə maşının yük yerinə qoyan fermer Mikayıl Cəfərov:
– Həkim, toy üçün verdiyimiz heyvanların dəriləridir. Yolda Şakir sizdən götürəcək.
– Şakir kimdir?
– Şakir dəri emalı müəssisəsinin rayonda olan nümayəndəsidir. Fermer və fərdi sahibkarlardan heyvan dərilərini tədarük edib, vaxtında çatdırır emal müəssisəsinə.
Babək rayonunun Araz kəndi ərazisində fəаliyyət göstərən dəri emalı müəssisəsindən çoxdan idi ki, yazı hazırlamırdıq. Yaylaqdakı fermerlərlə söhbətlərdən bizə aydın oldu ki, müəssisə öz fəaliyyətini xeyli genişləndirib. Növbəti gün həmin müəssisə barədə oxucularımıza ətraflı məlumat vermək üçün üz tutduq Babək rayonunun Araz kəndinə. Sаhibkаr Arzu Dünyamalıyev bildirdi ki, 2011-ci ildən fəaliyyətə başlayan müəssisədə yüksəkkeyfiyyətli məhsul istehsalı və xammal ehtiyatı üçün hərtərəfli şərait yaradılıb. Müəssisənin daha müasir texnoloji avadanlıqlarla təmin olunması diqqət mərkəzində saxlanılıb, İtaliya istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılıb. Beləliklə, dəri emalı prosesində daha bir mərhələnin – müəyyən olunmuş təzyiqlə sıxılıb preslənərək dərinin tərkibində olan suyun kənarlaşdırılması prosesinin müəssisədə həyata keçirilməsinə başlanılıb.
Sahibkar onu da qeyd etdi ki, son illər muxtar respublikamızda həyata keçirilən kompleks tədbirlər digər sahələrdə olduğu kimi, heyvandarlığın da inkişafına öz müsbət təsirini göstərib, fermer və fərdi təsərrüfatlarda iribuynuzlu və xırdabuynuzlu heyvanların baş sayı artıb. Nəticədə, daxili bazarın keyfiyyətli ət-süd məhsulları ilə təmin olunmasına əlverişli şərait yaradılıb. Ancaq kəsilən heyvanların dərilərinin tədarük edilib emal olunması problem olaraq qalırdı. Dəri emalı müəssisəsinin fəaliyyətə başlaması ilə kəsim zamanı iribuynuzlu və xırdabuynuzlu heyvan dərilərinin tədarük olunması problemi aradan qaldırıldı. Əvvəllər kəsilən heyvanların dəriləri tədarük olunmur, hara gəldi atılıb həmin ərazidə antisanitariya vəziyyəti yaradırdısa, indi bu müəssisənin özündə və hər bir rayonda təyin olunmuş nümayəndələri tərəfindən heyvan dəriləri tədarük olunur. Bu da hər bir sahibkarın büdcəsinin artmasına imkan verir. Eyni zamanda ətin maya dəyərinin aşağı düşməsinə səbəb olur, bazarlarda ucuzluq yaranır. Nəticədə həm istehsalçı, həm də istehlakçı qazanır.
Muxtar respublikamızda müasir texnoloji avadanlıqlarla təmin olunmuş “Bərəkət Ət Məhsulları Kompleksi” MMC-nin fəaliyyətə başlaması dəri emalı müəssisəsinin də daha keyfiyyətli xammalla təmin olunmasına geniş imkanlar açıb. Primitiv üsullarla kəsimi həyata keçirilən heyvanların dərilərində kəsiklərin olması emal prosesində problemlər yaradır. “Bərəkət Ət Məhsulları Kompleksi” MMC-də isə kəsim prosesindən ətin təhvil verilməsinədək bütün proseslər avtomatlaşdırılmış sistemlə aparıldığından dərilərdə heç bir kəsik aşkar olunmur, emal prosesi yüksək səviyyədə aparılır.
Dəri emalı müəssisəsinin aylıq istehsal gücü 75-80 ton iribuynuzlu, 12-15 min ədəd xırdabuynuzlu heyvan dərisindən ibarətdir. Hazırda ay ərzində 55 tondan artıq iribuynuzlu, 4500-4600 ədəd xırdabuynuzlu heyvan dəriləri emal olunur.
Kollektiv yüksəkkeyfiyyətli məhsul istehsal etmək əzmi ilə çalışır. Muxtar respublikamızdan və ölkəmizin digər regionlarından tədarük edilən iribuynuzlu və xırdabuynuzlu heyvan dəriləri emal olunaraq “Qaragül” tanıtım nişanı ilə Türkiyə Respublikasında fəaliyyət göstərən, bu sahə üzrə qabaqcıl təcrübəyə malik sifarişçi şirkətlərin ünvanlarına göndərilir. Müəssisənin tam gücü ilə işləməsi və əlavə işçi qüvvəsinin cəlb edilməsi istiqamətində işlər davam etdirilir, dəri emalı sahəsində qabaqcıl təcrübəyə malik xarici şirkətlərlə əlaqələr genişləndirilir, təcrübə mübadiləsi aparılır.
Yeni istehsal müəssisəsinin fəaliyyət göstərməsi dərilərin emal olunaraq yarımfabrikat halında ixrac olunmasına əlverişli şərait yaratmaqla bərabər, əhalinin məşğulluğunun təmin olunmasına da geniş imkanlar açıb. Hazırda müəssisədə dəri emalı sahəsində müasir texnologiyanı mənimsəyən, yüksək əməkhaqqı və xüsusi geyim formaları ilə təmin olunan mütəxəssislər çalışırlar. Ayrı-ayrı rayonlarda isə fiziki şəxslərlə müqavilə bağlanılıb. Bu isə, öz növbəsində, heyvan dərilərinin vaxtında tədarük olunub müəssisəyə gətirilməsinə imkan verir.

 Kərəm Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR