Bir ay əvvəl Naxçıvana gələrkən Duzdağ yolundan doğma şəhərimizi, gözoxşayan, sayrışan ulduzları xatırladan elektrik lampalarının bərq vurduğu ecazkar bir mənzərəni seyr edərək, – mən bura gələndə gördüyüm zülmətə qərq olmuş, ümidi çıraq işığına qalmış Naxçıvan indi dünyanın ən gözəl şəhərlərinə bənzəyir. Bu, inanılmazdır. Gərək mən də ata yurdunda bu gözəlliyə yaraşan bir fərdi ev tikdirəm, – deyən, uzun illərdir, Avropada yaşayan, biznes fəaliyyəti ilə məşğul olan dostum Tahir Naxçıvanda olduğu iki gün ərzində vaxt tapıb fərdi yaşayış evlərinin tikintisi ilə məşğul olan briqada ilə görüşdü və evin layihəsini də onlara verib getdi. Amma Tahirin getməsindən bir ay vaxt keçməsinə baxmayaraq, heç bir əlaqəmiz yox idi.
Sübh tezdən mobil telefonuma gələn zəng məni erkən qalxmağa məcbur etdi.
– Xeyirdir inşallah. Erkən zəng vuran kimdir görəsən? – deyə fikirləşə-fikirləşə telefonu götürüb ekrana baxdım. Tanımadığım nömrədən gələn zəng idi, açdım.
– Axşamınız xeyir, narahat etmədim ki? – deyən dostum Tahiri səsindən tanıdım.
– Hər vaxtın xeyir. Qardaş, haradan zəng vurmusan? Burada axşam yox, sübh tezdəndir.
– Güldü. Rusiyanın Naxodka şəhərindəyəm. Yaponiyadan malımız gəlir. Doğrusu, zamanı da dəyişik salmışam. Unutmuşam ki, burda axşam olanda Naxçıvanda səhər olur. Üzr istəyirəm.
– Narahat olma. Üzr istəməli bir iş yoxdur. Xeyir ola. Nə yaxşı zəng vurmuşdun? – deyə soruşdum.
– Qardaş, məni yola salmağa gələrkən Duzdağın ətəyində ucaldılan sement zavoddan başqa daha hansı zavodları göstərdiniz?
– Əhəng, gips, gips lövhələr və məsaməli beton zavodlarını.
– Hə, elə odur. Onlar çox qiymətli və keyfiyyətli inşaat materiallarıdır. Xahiş edirəm bizim məhəlləyə gedib ata yurdumda tikdirdiyim evə baxarsan. Ustalar mənə zəng vurub dedilər ki, artıq dəmir-beton işləri başa çatıb. Hörgü və suvaq üçün lazım olan inşaat materiallarını birlikdə alın. Özü də binanın daşıyıcı divarları həmin o məsaməli betonla, daxili arakəsmələr isə tuğla kərpici ilə hörülsün. Gips, gips lövhələr də elə həmin zavodun məhsullarından olsun. Allah qismət etsə, payızda gələcəyəm. Özü də Naxodkada yaşayan – gölməçə iyindən burunları tutulan dostlarımla birlikdə. Atalar yaxşı deyib: “Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır”. Qurulub-yaradılanlar haqqında mən çox danışdım. Ancaq baxdım ki, olanları olduğu kimi çatdıra bilmədim. Qoy bunlar da gəlib Naxçıvanın möhtəşəmliyindən zövq alsınlar. Biz gələnə qədər də tikinti işləri yekunlaşar. Elə həyətdəcə sizə gözəl bir ziyafət verərəm.
Güldüm. Nə deyəcəyimi yaxşı bilən Tahir:
– Yox, yox, bu dəfə sözdə yox, əməldə olacaq. Özü də əməlli-başlı, – deyib xudahafizləşdi.
İşdən sonra, axşamçağı Tahirgilin məhəlləsinə getdim. Gənclik dövrümüzün keçdiyi məhəlləni tanımadım. Sıralanan, bir-birindən yaraşıqlı iki-üç mərtəbəli fərdi yaşayış evləri məhəlləyə yeni görkəm verib.
Tahirin ata yurdunda gördüyüm evin yerində isə ucaldılan üçmərtəbəli fərdi yaşayış evində inşaat işləri davam edirdi.
– Yorulmayasınız. Allah qüvvət versin, – dedim.
– Xoş gəlmisiniz, – deyən ortayaşlı bir kişi mənə yaxınlaşıb, – nə lazımdır? – deyə soruşdu.
– Heç. Mən Tahirin dostuyam. Xahiş etdi ki, inşaat materialları alarkən sizə köməklik edəm.
– Qardaş, neçə illərdir ki, bu sənətin çörəyini yeyirik. Əmanətə xəyanət olmaz, – deyiblər. Sahibkar hansı inşaat materialı deyibsə, ondan almışıq. Yaxınlıqdakı “Naxçıvan Sement” kisələrini, örtü yaradılmış anbardakı gips, gips lövhələri, binanın içinə yığılmış məsaməli betonu və tuğla kərpiclərini göstərib – biz vaxt itirə bilmərik. Tikinti mövsümüdür. Başqa sifarişlərimiz də var – dedi.
– Tahir müəllim dedi ki, payızda bu evdə yüngülvarı bir ziyafət verəcək, – deyib ustanın üzünə baxdım.
– Əlbəttə. Ona şübhəniz olmasın. Əvvəlki vaxtlar deyil ki, o döngə sənin, bu döngə mənim deyib hər bir inşaat materialının dalınca on dəfə gedəsən. Get sabah gəl, get birisi gün gəl, narahat olma malımız yoldadır, üç gündən sonra gəl, – deyələr. Gələn inşaat materialları da, necə deyərlər, “od qiymətinə”. İndi başqa zamandır. Topdansatış mağazalarında nə lazımdırsa var. Özü də əsas inşaat materialları yerli istehsaldır. Münasib qiymətinə, keyfiyyətinə də söz ola bilməz. Elə bu işimizdən götürün. Mənzilin sahibinin getdiyi gündən bir ay vaxt ötüb. Demək olar ki, beton-qəlib işləri başa çatıb. Hörgü, suvaq işlərinə başlanılıb. Dam örtüyünün vurulmasına hazırlıq görülüb. Ondan sonra hasar çəkiləcək, həyətdə abadlıq işləri aparılacaq, hovuz tikilib, çardaq qurulacaq. Bina daxilinə gipslə sığal çəkiləcək, gipsdən hazırlanmış müxtəlif füqurlarla bəzək-düzək veriləcək. Bütün bunlar üçün bizə bir ay kifayət edər, – deyən inşaatçı qardaşlarımızla xudahafizləşdik.
Ertəsi gün aparılan abadlıq-quruculuq tədbirlərində öz payı olan, münasib qiyməti, yüksək keyfiyyəti ilə seçilən inşaat materialları istehsal edən müəssisələrdən biri, Duzdağın ətəyində ucaldılan, dörd zavodun bir ünvanı – Naxçıvan Sənaye Kompleksinə yollandıq. Görüşdüyümüz ayrı-ayrı mütəxəssislərin dediklərindən:
– Son illər muxtar respublika iqtisadiyyatında yüksək templə inkişaf edən sahələrdən birinə çevrilən və yerli istehsalın stimullaşdırılmasında mühüm əhəmiyyətə malik olan sənaye sektorunda həyata keçirilən tədbirlər nəticəsində Naxçıvanda idxaləvəzləyici və ixracyönümlü məhsullar istehsal edən rəqabətqabiliyyətli müəssisələr fəaliyyətə başlayıb.
Yeraltı və yerüstü sərvətlərlə zəngin muxtar respublikamızın təbii resurslarından səmərəli istifadə olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər öz bəhrəsini verib, “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının mütəxəssisləri tərəfindən inşaat materialları istehsalı üçün xammal mənbələrinin müəyyən olunması məqsədilə geoloji axtarışlar aparılıb. Yataqlarda lazımi xammal aşkar olunduqdan sonra onun tərkibi Türkiyənin və Çin Xalq Respublikasının bu sahə üzrə ixtisaslaşmış laboratoriyalarında yoxlamadan keçirilib.
Laboratoriyalardan müsbət rəylər alındıqdan sonra qədim Duzdağın ətəyində 2012-ci ildə sement zavodu tikilib istifadəyə verilib, 2014-cü ildə isə digər inşaat materialları istehsal ediləcək yeni zavodların tikintisinə başlanılıb. Yeni layihələrin reallaşması üçün Sahibkarlığa Kömək Fondundan dövlət maliyyə dəstəyi göstərilib. Layihəyə uyğun olaraq, gips lövhələr, gips, əhəng və məsaməli beton istehsal olunacaq kompleksdə dünyada sement zavodları və onun bazasında digər inşaat materialları istehsal edən müəssisələri qurmaq sahəsində qabaqcıl təcrübəyə malik Almaniyanın “KHO”, “Polysims”, Danimarkanın “Flsm.dth” firmalarını soba, daşqırıcılar və üyüdücülərlə təmin edən Çin Xalq Respublikasının “Jiangsu Pengfei Group Co.LTD” və digər şirkətlərindən müasir texnoloji avadanlıqlar alınıb gətirilib. İdxal olunan avadanlıqlar həmin şirkətlərin mütəxəssisləri tərəfindən quraşdırılıb.
Naxçıvan Sənaye Kompleksinin inşası “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının təcrübəli mütəxəssisləri və inşaatçıları tərəfindən həyata keçirilib. Burada istehsal sahələri, xammal və hazır məhsulların saxlanılması üçün anbar, inzibati və iaşə xidməti binaları tikilib, yüksəkkeyfiyyətli məhsul istehsalı ilə yanaşı, hazır məhsulun daşınmasına da hərtərəfli şərait yaradılıb.
2015-ci il dekabrın 1-də muxtar respublikamızda səfərdə olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvan Sənaye Kompleksinin açılış mərasimində iştirak edib.
Sənaye kompleksində müasir avadanlıqlarla təmin olunmuş laboratoriya fəaliyyət göstərir. İstehsal olunan məhsulların laborator müayinələri aparılır.
Ümumi sahəsi 9 hektar olan kompleksdə ildə 40 min ton gips, 2 milyon kvadratmetr gips lövhələr, 36 min ton əhəng və 150 min ton məsaməli beton istehsal etmək gücünə malik zavodlar fəaliyyət göstərir. Müasir avadanlıqların quraşdırıldığı zavodlarda istehsal prosesini avtomatik idarəetmə və təhlükəsizliyə videonəzarət sistemləri yaradılıb. Kompleksin istifadəyə verilməsi ilə muxtar respublikada müvafiq tikinti materiallarına tələbatın yerli istehsal hesabına ödənilməsi təmin olunub. Bu zavodların fəaliyyətə başlaması daxili tələbatın ödənilməsi ilə yanaşı, yerli inşaat materiallarının ixracına da imkan yaradır.
Məsaməli beton istehsal edən zavodda yüksəkkeyfiyyətli məhsul istehsal olunur. Burada xammal kimi daş qumundan, əhəng, gips, sement və alüminium tozundan istifadə edilir. İnşaat sektorunda ən çox istifadə edilən bu tikinti materialları istənilən ölçüdə asanlıqla kəsilir, yüksək səviyyədə səs və istilik izolyasiyasına malikdir. Bundan əlavə, yüngül və zəlzələyə davamlı olan bu materiallar yanmaya qarşı beynəlxalq standartlara uyğundur.
Kompleksə daxil olan digər zavodlarda da yüksək şərait yaradılıb. Əhəng zavodunda istifadə olunan yerli xammal Qarabağlar mədənindən gətirilir. Burada hazırlanan məhsullardan inşaat sektorunda, kənd təsərrüfatında, kağız və şüşə istehsalında istifadə edilir.
Gips zavodunda istifadə olunan xammal isə Çalxanqala, Çeşməbasar, Xıncab və Böyükdüz zonalarından gətirilir. Burada istehsal olunan məhsullar məsaməli beton blokların, suvaq və üzləmə gipsinin, gips lövhələrin hazırlanmasında istifadə edilir.
Gips lövhə zavodunda da yüksək şərait yaradılıb. Xammal kimi nişasta, gips, üzləmə kağızı və yapışqandan istifadə olunur. Müəssisədə istehsal olunan məhsullara inşaat sektorunda tələbat böyükdür.
Müəssisə muxtar respublikamızda həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri nəticəsində inşaat materiallarına artan tələbatın yerli istehsal hesabına ödənilməsi zərurətindən yaradılıb. Kompleksdə istehsal edilən məhsullar daxili bazarın tələbatını tamamilə ödəməklə yanaşı, bu yerli inşaat materiallarının xarici bazarlara çıxarılmasına da imkan verir. Əvvəllər bu inşaat materiallarına olan tələbat xaricdən idxal olunan məhsullar hesabına ödənilir, əlavə daşınma xərci çəkilirdisə, yeni layihənin reallaşması ilə bu problem aradan qaldırılıb.
Yeni istehsal müəssisələri əhalinin məşğulluğunun təmin olunmasında da mühüm rol oynayıb. Müasir texnoloji avadanlıqlardan səmərəli istifadə etməyi bacaran ixtisaslı mütəxəssislərin hazırlanması da diqqət mərkəzində saxlanılıb, müəssisədə çalışan işçilərin ixtisasartırma kurslarında iştirakı təmin olunub. Bu da imkan verir ki, istehsal prosesi yerli mütəxəssislər tərəfindən həyata keçirilsin.
Kərəm Həsənov