Muxtar respublikamızda aparılan kompleks quruculuq tədbirləri paytaxt Naxçıvan şəhəri ilə bərabər, şəhərətrafı yaşayış məntəqələrini də əhatə edir.
Xüsusilə Naxçıvan şəhər inzibati ərazi vahidinə daxil olan kənd yaşayış məntəqələri son illərdə bu istiqamətdə görülən işlərin mərkəzinə çevrilib. Belə kənd yaşayış məntəqələrindən biri də Bulqan kəndidir.
Kənddə kompleks quruculuq tədbirlərinə ötən ildən başlanılıb. Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları tərəfindən burada yeni kənd və xidmət mərkəzləri tikilir. Ötən dövrdə ikimərtəbəli kənd mərkəzinin inzibati binasında əsas işlər başa çatdırılıb, hazırda binanın daxilində döşəmə vurulur, qapıların salınmasına başlanılıb. Müasir memarlıq üslubunda tikilmiş binanın ətrafında abadlıq işləri görülür, yerə kilid daş döşənir. Digər kənd mərkəzlərində olduğu kimi burada da dövlət qurumlarının fəaliyyəti üçün müasir iş şəraiti yaradılacaq.
Kənd mərkəzinin yaxınlığında yerləşən digər obyekt isə xidmət mərkəzinin binasıdır. Bu obyektdə işlər tamamilə yekunlaşdırılıb, binanın ətrafı abadlaşdırılıb. Burada kənd sakinlərinə xidmət göstərəcək ərzaq və sənaye malları mağazası, kişi bərbəri və qadın gözəllik salonu, ət satışı mağazası yerləşəcək.
Həyata keçirilən tədbirlər bu yaşayış məntəqəsinin də simasını dəyişəcək, sakinlərin rahatlığı təmin olunacaq.
Xəbərlər şöbəsi