Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyi tərəfindən bu ilin ötən dövründə elektrik stansiyalarında, yüksək və alçaq gərginlikli elektrik verilişi xətlərində, müxtəlif gərginlikli transformator yarımstansiyalarında qrafik əsasında əsaslı və cari təmir işləri aparılmışdır.
Bu dövrdə Naxçıvan şəhərində və rayon mərkəzlərində mövcud hava elektrik verilişi xətlərinin kabel xətləri ilə əvəz edilməsi sahəsində görülən işlər davam etdirilmiş, muxtar respublikanın şəhər və kəndlərində 20 ədəd yeni transformator yarımstansiyası quraşdırılmış, 19 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik verilişi xətti çəkilmiş, 49 transformator təmir edilərək şəbəkələrə qaytarılmışdır.
Muxtar respublikanın enerji təminatında əsas yeri Günəş və su elektrik stansiyaları tutur. Belə ki, 2016-cı ilin 6 ayında muxtar respublikada elektrik enerjisinə olan tələbatın 70 faizi bu elektrik stansiyalarında istehsal olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamının icrası diqqətdə saxlanılmış, Naxçıvan Dövlət Universitetinin Elektroenergetika mühəndisliyi ixtisası tələbələrinin elektrik stansiyalarında təcrübə keçməsi təmin edilmiş, cari ilin ötən dövründə universiteti bitirən 6 tələbə agentliyin təşkilatlarında işlə təmin olunmuşdur.
Naxçıvan şəhərində smartkarttipli sayğacların qoyulması işləri davam etdirilmiş, 2300 ədəd belə sayğac quraşdırılmışdır. Bundan başqa, muxtar respublikada elektrik enerjisindən sayğacdankənar istifadənin qarşısının alınması diqqətdə saxlanılmış, yaşayış məntəqələrində mütəmadi reydlər keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Dövlət Energetika Agentliyinin mətbuat xidməti