23 Dekabr 2024, Bazar ertəsi

Bu gün iqtisadiyyatın müasirləşməsində, şəffaf idarəetmə sisteminin qurulmasında nağdsız ödəniş sisteminin genişləndirilməsinin rolu danılmazdır. Dünya təcrübəsi sübut edir ki, ölkənin maliyyə və sosial-iqtisadi fəaliyyətində hesabatlığın və şəffaflığın təmin edilməsi sahəsində mühüm tədbirlərdən biri də nağdsız ödəniş sisteminə keçiddir.
“2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”a uyğun olaraq nağdsız ödəniş sisteminin genişləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin əsas məqsədi də iqtisadi subyektlər arasında şəffaflığa nail olunmasından, vergidənyayınma hallarının qarşısının alınmasından ibarətdir.
Vəsaitlərin dövriyyəsinin sürətləndirilməsində, nağd pulların çapı, daşınması, saxlanması və təsərrüfat əməliyyatlarının xərclərinin azalmasında, bütövlükdə, iqtisadiyyatın inkişafında nağdsız ödənişlər əhəmiyyətli rol oynayır. Nağdsız ödəmə aləti kimi POS-terminallar həm ödəniş kartı sahibləri, həm də biznes subyektləri üçün faydalıdır. Çünki ödəniş məbləğlərinin dəqiq olması və hesablaşmaların rahat aparılması, müştərilərin sayının artırılması, nağd vəsaitlərlə aparılan əməliyyatlarda iş yükünün azaldılması, mal və xidmətlər üzrə hesablaşmalar zamanı təhlükəsizliyin artırılması, şəxsi büdcənin düzgün planlaşdırılması baxımından POS-terminallardan istifadə daha məqsədəuyğundur.

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən aldığımız məlumata görə, muxtar respublikada nağdsız ödənişlərin miqyasının genişləndirilməsi, elektron ödəniş xidmətlərindən istifadə aktivliyinin artırılması üçün müvafiq tədbirlər həyata keçirilib, dövlət təşkilatlarında əhaliyə göstərilən xidmətlər üzrə rüsum və xidməthaqlarının nağdsız ödəniş alətləri vasitəsilə ödənilməsi imkanları artırılıb.
Bu ilin 6 ayı ərzində elektron ödəniş alətlərinin və nağdsız hesablaşmaların həcminin artırılması məqsədilə Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin əməkdaşlarının iştirakı ilə ticarət, iaşə və digər xidmət müəssisələrində quraşdırılmış POS-terminallardan müştərilərlə hesablaşmaların ödəniş kartları vasitəsilə aparılmasının monitorinqi keçirilib. Nağdsız əməliyyat aparmadan mal satan və xidmət göstərən sahibkarlarla xüsusi maarifləndirici görüşlər təşkil edilib, müvafiq tövsiyələr verilib.
Əhalinin nağdsız ödənişlərə marağının artırılması məqsədilə bu ilin birinci yarısında Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi ilə birgə mükafatlandırma tədbirləri keçirilib və bu tədbirlərdə muxtar respublika üzrə 221 nəfərə müxtəlif qiymətli hədiyyələr verilib. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyi, “Naxçıvanqaz” İstehsalat Birliyi və “Naxçıvan Su-Kanalizasiya” Açıq Səhmdar Cəmiyyəti tərəfindən vətəndaşların kommunal ödənişlərini POS-terminallarla yanaşı, ödəniş kartlarından istifadə etməklə internet üzərindən həyata keçirmələri də təmin olunub.
Ödəniş sistemlərinin inkişafı, iqtisadi fəaliyyət göstərən şəxslərin və əhalinin elektron ödəniş sistemlərindən daha fəal istifadə etməsi, dövriyyədə olan nağd pul kütləsinin nağdsız dövriyyə ilə əvəzlənməsi, ticarət, iaşə və digər xidmət müəssisələrində müştərilərlə hesablaşmaların ödəniş kartları vasitəsilə aparılması üçün POS-terminalların quraşdırılması daim diqqət mərkəzində saxlanılıb, cari ilin birinci yarısında 112 ədəd POS-terminal quraşdırılaraq onların sayı 1 iyul 2016-cı il tarixə 1156 ədədə çatdırılıb. Keçən ilin müvafiq dövrü ilə müqayisədə onların sayı 159 ədəd artıb. Banklar tərəfindən POS-terminalların quraşdırılması davam etdirilir.
2016-cı ilin 6 ayı ərzində POS-terminallar və digər ödəniş vasitələri ilə aparılan nağdsız əməliyyatların həcmi 14 milyon 305 min manat olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 milyon 175 min manat çoxdur.
Muxtar respublika üzrə əməkhaqqı, pensiya və fərdi ödəniş kartlarının sayı ötən ilin müvafiq dövründə 213 min 95 ədəd təşkil edirdisə, hazırda elektron ödəniş kartlarının ümumi sayı 233 min 395 ədədə çatıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 min 300 ədəd artım qeydə alınıb.

 Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR