Muxtar respublikamızda sosial-iqtisadi inkişafın bəhrələri olan yeni quruculuq ünvanlarının sayı getdikcə artır. Bu, region sakinlərinə göstərilən qayğının ifadəsi kimi diqqəti çəkir. Qədim diyarımızın ən böyük bölgələrindən biri olan Babək rayonunun quruculuq xəritəsi də hərtərəfli dövlət qayğısı hesabına ildən-ilə genişlənir. Cari ildə də quruculuq tədbirləri bu bölgənin bir neçə kənd yaşayış məntəqəsində davam etdirilir.
Belə ki, hazırda rayonun Hacıvar kəndində yeni kənd və xidmət mərkəzlərinin tikintisi aparılır. Tikinti işlərinə cari ilin aprel ayından başlanılıb. Ötən müddətdə ikimərtəbəli kənd mərkəzinin binasında hörgü işləri başa çatdırılıb, binanın dam örtüyü vurulub, kommunikasiya xətlərinin çəkilişi yekunlaşıb. Eyni zamanda fasad hissədə suvaq işləri də başa çatdırılıb. Hazırda pəncərə kənarlarına və binanın künc hissələrinə üzlük travertin daşlar vurulur, daxildə isə ağartma-suvaq işləri görülür. Kənd mərkəzi binasının birinci mərtəbəsində həkim ambulatoriyası, kitabxana, poçt, polis sahə və baytarlıq məntəqələri, qazanxana və ATS yerləşəcək. İkinci mərtəbədə isə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, arxiv, klub, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı üçün otaqlar istifadəyə veriləcək.
Yaxınlıqda yerləşən xidmət mərkəzinin binasında da artıq işlər yekunlaşdırılıb. Burada kənd sakinlərinə xidmət göstərəcək ərzaq və sənaye malları mağazası, kişi bərbəri və qadın gözəllik salonu, ət satışı mağazası yerləşəcək.
Rayonun Badaşqan kəndində yeni tikilən xidmət mərkəzinin binasında da son tamamlama işləri görülür. Burada da kənd sakinlərinə müvafiq xidmətlər göstəriləcək.
Qeyd edək ki, hər iki kənddə tikinti işləri Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin inşaatçıları tərəfindən aparılır.
Babək rayonunun Məzrə kəndi də cari ildə kompleks quruculuq işlərinin aparıldığı yaşayış məntəqəsinə çevrilib. 2016-cı ilin aprel ayından burada kənd və xidmət mərkəzlərinin, eləcə də kənd tam orta məktəbi üçün binanın tikintisinə başlanılıb.
Yeni məktəb binası üçmərtəbəlidir. 270 yerlik məktəb binasında qısa müddətdə hörgü və suvaq işləri yekunlaşıb, binanın dam örtüyü vurulub. Hazırda pəncərələrin salınmasına başlanılıb, eyni zamanda pəncərə kənarlarına və binanın fasad hissəsinə üzlük travertin daş vurulur. Məktəb binası hazır olduqdan sonra birinci mərtəbədə şahmat sinfi, idman zalı, kitabxana, fənn laboratoriyaları, hərbi kabinə, ikinci mərtəbədə sinif otaqları, üçüncü mərtəbədə isə sinif otaqları ilə yanaşı, müəllimlər otağı, 2 elektron lövhəli sinif və kompüter otağı yerləşəcək. Məktəbin arxasında isə hazırda qazanxana və yeməkxana üçün ayrı bina tikilir.
Kənddə yeni tikilən kənd mərkəzinin binası da məktəb binasının yerləşdiyi ərazidədir. Burada inşaat işlərinin böyük bir qismi yekunlaşdırılıb. Ötən dövrdə binanın tikintisi tamamlanıb, dam örtüyü vurulub, kommunikasiya xətlərinin çəkilişi başa çatdırılıb, pəncərələr salınıb. İşlər tam yekunlaşdıqdan sonra kənd mərkəzi binasının birinci mərtəbəsində feldşer-mama məntəqəsi, poçt, ATS, kitabxana, ikinci mərtəbədə isə icra nümayəndəliyi, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı üçün otaqlar və 42 yerlik zal yerləşəcək.
Məzrə kəndindəki xidmət mərkəzinin binasında da işlər yekunlaşdırılıb. Ərzaq və sənaye malları, ət satışı mağazalarının, dərzi, kişi bərbəri və qadın gözəllik salonlarının fəaliyyət göstərəcəyi mərkəzin binasının ətrafında abadlıq işləri aparılır.
Yeni obyektlərin tikintisində Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Babək Rayon İdarəsinin inşaatçıları çalışırlar. İnşaatçılar tərəfindən işin keyfiyyətlə görülməsinə və təhlükəsizlik qaydalarına əməl olunmasına ciddi fikir verilir.
Yeni quruculuq ünvanları kənddə yaşayan sakinlərin və burada fəaliyyət göstərən dövlət qurumlarının rahatlığını təmin edəcək, bu yaşayış məntəqələrinin simasını daha da gözəlləşdirəcək.
Səbuhi Həsənov