2016-cı ilin ötən dövründə muxtar respublikada nəqliyyatın inkişafı təmin edilmiş, əhaliyə göstərilən xidmətin səviyyəsi yüksəldilmişdir. Bu dövrdə Naxçıvan-Bakı-Naxçıvan marşrutu üzrə sərnişinlərin rahat gediş-gəlişi təmin edilmişdir.
Cari ilin birinci yarısında 4 avtobus vasitəsilə Bakıya 426 reys edilmiş, 12 min 889 sərnişin daşınmış, Bakıdan Naxçıvana gələn sərnişinlərin sayı isə 14 min 636 nəfər olmuşdur. Həmçinin bu ildən etibarən Naxçıvan-Batumi-Naxçıvan marşrutu da fəaliyyətə başlamışdır.
Şəhərdaxili və rayonlararası nəqliyyatın intensiv və təhlükəsiz fəaliyyətini təmin etmək məqsədilə xətlərdə olan avtobusların texniki sazlığı daim nəzarətdə saxlanılmış, vaxtaşırı lazımi təmir işləri görülmüşdür. Bu dövrdə 139 marşrut xətti üzrə 305 avtobus vasitəsilə rayon mərkəzləri və kəndlərin hamısına gediş-gəliş təmin edilmişdir. Avtovağzalların fəaliyyəti də diqqət mərkəzində saxlanılmış, sərnişinlərə xidmət işi lazımi səviyyədə təşkil olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisində turizmin inkişaf etdirilməsi və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası təmin edilmiş, “Naxçıvan” Universitetində kurs təşkil olunmuş, taksi sürücülərinə muxtar respublikanın bütün rayonlarında yerləşən maddi-mədəni abidələr, muzeylər, habelə digər görkəmli yerlər haqqında məlumat verilmişdir. Həmçinin bu dövrdə hamiliyə götürülmüş ixtisasların tələbələri ilə görüşlər keçirilmişdir. Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsi əyani şöbəsinin Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin, eyni zamanda Naxçıvan Dövlət Texniki Kollecinin IV kurs Nəqliyyat vasitələrinin texniki istismarı və Yol hərəkətinin təşkili ixtisaslarında təhsil alan tələbələrin istehsalat təcrübəsi keçmələri təmin olunmuşdur.
Naxçıvan Muxtar Respublikası
Nəqliyyat Nazirliyinin mətbuat xidməti