Meliorasiya-irriqasiya sahəsində həyata keçirilən kompleks tədbirlər öz bəhrəsini verir
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə muxtar respublikamızda kənd təsərrüfatının inkişafında mühüm rol oynayan meliorasiya-irriqasiya sahəsində irimiqyaslı layihələr həyata keçirilib, su anbarları tikilib istifadəyə verilib. Bu proses sonrakı dövlərdə də uğurla davam etdirilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsində bizə muxtar respublika ərazisində yaradılan su anbarları və bu sahədəki mövcud vəziyyət barədə ətraflı məlumat verdilər.
Babək rayonu ərazisində Naxçıvan şəhərindən şimalda yerləşən, 1961-ci ildə istismara verilən, bəndin hündürlüyü 17,7 metr, uzunluğu 1868 metr və sututumu 7 milyon 190 min kubmetr olan Uzunoba Su Anbarı ayrı-ayrı vaxtlarda təmir olunaraq 7530 hektar torpaq sahəsinin suvarma suyu ilə təmin olunmasına əlverişli şərait yaradıb. Hazırda Babək rayonunun Şıxmahmud, Uzunoba, Kəngərli rayonunun Böyükdüz və Xok kəndlərinin torpaq sahələrinə nasos stansiyaları vasitəsilə suvarma suyu verilir.
Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikası ilə sərhəd hissəsində Araz çayının üzərində uzunluğu 52 kilometr, maksimum eni 6,1 kilometr, normal su səviyyəsində dərinliyi 18,2 metr, bəndin hündürlüyü 34 metr, üstdən uzunluğu 1026 metr, eni 12 metr, ümumi sututumu 1 milyard 254 milyon kubmetr olan Araz Su Anbarının 1971-ci ildə istismara verilməsi ilə Azərbaycan və İran tərəfinin 400 min hektar suvarılan torpaq sahələri su ilə təmin edilib. Su anbarından nasos stansiyaları vasitəsilə Naxçıvan şəhərinin, Babək və Kəngərli rayonlarının torpaq sahələrinin suvarılması məqsədilə istifadə edilir.
Şərur rayonunun Gümüşlü kəndində yaradılmış, ümumi sututumu 150 milyon kubmetr, bəndin uzunluğu 462, hündürlüyü 66 metr olan Arpaçay Su Anbarı 1977-ci ildə istifadəyə verilib. Sonrakı illərdə Arpaçay sağ və sol sahil kanalları çəkilib. Dəryaçadan Şərur, Kəngərli və Sədərək rayonlarında 20 min hektar əkin sahəsinin suvarılmasında istifadə olunur.
Babək rayonu ərazisində 1980-ci ildə istismara verilən, ümumi həcmi 12,7 milyon kubmetr, bəndin uzunluğu 2730, hündürlüyü 22 metr olan Sirab Su Anbarından Kültəpə, Zeynəddin, Yarımca, Şəkərabad, Kərimbəyli kəndlərinin torpaq sahələri olmaqla, ümumilikdə, 2700 hektar sahənin suvarılmasında istifadə edilir.
Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində ölkəmizdə hökm sürən anarxiya, xaos, özbaşınalığın dağıdıcılıq prosesləri digər sahələrdə olduğu kimi, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə qurulan suvarma sistemləri şəbəkələrindən də yan keçmədi, nasos stansiyaları sökülüb dağıdıldı, sututarlar, arx və kanallar baxımsızlıq üzündən yararsız vəziyyətə düşdü. Xalqın təkidli tələbi ilə dahi rəhbərin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra yaradılan sabitlik və iqtisadi inkişaf bütün sahələrdə olduğu kimi, torpağın əkilib-becərilməsində və məhsuldarlığın artırılmasında mühüm rol oynayan bu sahəyə vurulan ziyanın da aradan qaldırılmasına və digər meliorasiya-irriqasiya tədbirlərinin həyata keçirilməsinə əlverişli şərait yaratdı. Mövcud sututarlarda təmir-bərpa işləri aparıldı, suvarma suyunun itkisiz olaraq əkin sahələrinə çatdırılmasında mühüm rol oynayan arx və kanallar bərpa edildi. Öz axarı ilə suvarılması mümkün olmayan torpaq sahələrinə boru xətləri çəkildi, nasos stansiyaları quruldu, subartezian quyuları qazılıb istifadəyə verildi.
Ümummilli liderimiz Heydər Əliyevin 2002-ci ildə muxtar respublikamıza səfəri zamanı ötən əsrin 80-ci illərindən inşasına başlanılan və məlum səbəblər üzündən yarımçıq qalmış Vayxır dəryaçasının tikintisinin davam etdirilməsi qərara alındı. Əhalisinin 70 faizi kəndlərdə yaşayan muxtar respublikamızda iqtisadi cəhətdən mühüm əhəmiyyətə malik olan bu obyektin tikintisi ilə əlaqədar kompleks tədbirlər həyata keçirildi. Ölkə başçısı cənab İlham Əliyevin 2006-cı ilin dekabr ayında muxtar respublikamıza səfəri zamanı yüz milyon kubmetr tutumu olan Heydər Əliyev Su Anbarı istifadəyə verildi. Su anbarından 24,2 kilometr sağ sahil və 30,35 kilometr uzunluğu olan sol sahil kanalları çəkildi. Sağ sahil kanalı ilə Naxçıvan şəhərinin Tumbul, Qaraxanbəyli, Qaraçuq, Bulqan, Babək rayonunun Cəhri, Uzunoba, Şıxmahmud, Nəzərabad, Didivar, Xəlilli kəndləri, sol sahil kanalı ilə isə rayonun Vayxır, Sirab, Qahab, Xal-xal, Məzrə, Qaraqala, Məmmədrza Dizə, Kültəpə, Kərimbəyli, Zeynəddin, Nəcəfəlidizə, Yarımca, Hacıvar, Badaşqan, Şəkərabad, Nehrəm, Çeşməbasar, Güznüt kəndlərinin, Babək qəsəbəsinin torpaq sahələrinə suvarma suyu verildi. Su anbarından çəkilən kanallar hesabına Babək rayonunun 13869 hektar, Culfa rayonunun Ərəzin və Bənəniyar kəndlərinin 2311 hektar, aparıcı kanal üzərində tikilmiş “Əcəmi-1” nasos stansiyası vasitəsilə Şahbuz rayonunun 650 hektar torpaq sahələri suvarma suyu ilə təmin edildi. Ümumilikdə, 16 min 830 hektar torpaq sahəsinin suvarılmasına imkan yarandı, o cümlədən Babək rayonunda 4364 hektar, Culfa rayonunda 2311 hektar, Şahbuz rayonunda 244 hektar torpaq sahəsi olmaqla, ümumilikdə, 6 min 919 hektar əkilməyən torpaq sahələri əkin dövriyyəsinə qatıldı.
Son illər Kəngərli rayonunun Xok kəndi ərazisində 200 hektar torpaq sahəsini əhatə edən qapalı suvarma şəbəkəsi bərpa edilib, Uzunoba gölündən qoşa boru xətti çəkilib, yeni nasos stansiyası tikilib. Bunun nəticəsində Kəngərli rayonunun Yeni Kərki, Xıncab, Təzəkənd və Böyükdüz kəndləri ərazisindəki 5800 hektar torpaq sahəsi əkin dövriyyəsinə qatılıb. Həmçinin Böyükdüz kəndi ərazisindəki 400 hektarlıq qapalı suvarma və kollektor-drenaj şəbəkəsi də bərpa olunub. Vayxır sol sahil kanalı üzərində isə Babək rayonunun Nehrəm kəndində 1170, Culfa rayonunun Bənəniyar kəndində 1050 hektar olmaqla, ümumilikdə, 2220 hektar sahəni əhatə edən 241,5 kilometrlik qapalı suvarma şəbəkəsi tikilib, 77,5 kilometr məsafədə yeni drenaj xətti çəkilib, 6,5 kilometrlik kollektor bərpa olunub.
Şərur rayonunun Xanlıqlar, Ələkli, Vərməziyar kəndlərinə birbaşa suvarma suyunun verilməsi üçün mənbəyini Arpaçay sol sahil kanalından götürən yeni boru xətti çəkilib. Suvarma boru xəttinin tikintisinə 2015-ci ilin dekabr ayında başlanılıb, 2016-cı ilin aprel ayının əvvəlində başa çatdırılıb. 3 kilometrlik boru xəttinin sonunda paylayıcı qurğudan 1 kilometr məsafədə Ələkli kəndi istiqamətində, 800 metr məsafədə Vərməziyar kəndi istiqamətində 500 millimetrlik azbest boru xətləri təmir olunub. Xanlıqlar kəndində 150, Vərməziyar kəndində 222, Ələkli kəndində isə 217 hektar əkin sahələri suvarma suyu ilə təmin edilib. Qeyd edək ki, sıradan çıxmış boru xətti suvarma suyunun lazım olan əkin sahələrinə verilməsi və ərazilərin suvarma suyu ilə təmin olunmasında çətinliklər yaradırdı. Torpaqların şoranlaşması təhlükəsi və eyni zamanda su çatışmazlığı mövcud idi.
Kənd təsərrüfatının inkişaf etdirilməsi, bol məhsulun əldə edilməsi və əhalinin ərzaq məhsulları ilə etibarlı təminatının həllində başlıca amil olan əkin sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsinə əlverişli şərait yaradılıb. Hazırda muxtar respublikamızda əkin sahələrinin suvarılması Araz Su Anbarı istisna olmaqla, tutumu 303 milyon 520 min kubmetr olan irili-xırdalı 30-a qədər su anbarı, 845 subartezian quyusu, 107 nasos stansiyası, 1200 kilometr uzunluğu olan arx və kanallar vasitəsilə həyata keçirilir. Külli miqdarda dövlət vəsaiti xərclənərək ərsəyə gətirilən suvarma sistemlərindən, sututarlarda toplanan sudan səmərəli istifadə mühüm əhəmiyyətli sahə kimi diqqət mərkəzində saxlanılır. Əkin sahələrində mütərəqqi metod olan şırım üsulundan istifadə etməklə bol məhsul yetişdirilir, suvarma suyundan səmərəli istifadə olunmaqla torpağın şoranlaşmasının qarşısı alınır.
Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər öz bəhrəsini verib. Artıq sarı kəhrəba zəmilərindən toplanan taxıl anbarlara təhvil verilir. Ayrı-ayrı bazarlarda, magistral yol kənarlarında sakinlərə, eyni zamanda muxtar respublikamıza gələn turistlərə dad-tamı ilə seçilən meyvə-tərəvəz məhsulları təqdim olunur. Torpaq mülkiyyətçilərinin əkib-becərdikləri sahələrin isə qızmar yay günlərində belə, suvarma suyuna olan tələbatı vaxtında ödənilir. Suvarma suyu ilə bağlı heç bir problem yoxdur.
Kərəm Həsənov