Naxçıvan Muxtar Respublikasında yeni texnologiyaların tətbiqi və inkişafı istiqamətində müvafiq işlər görülür, yeni layihələr həyata keçirilir.
Artıq muxtar respublikada bütün sahələrdə informasiya texnologiyalarının imkanlarından geniş istifadə olunur. Yaradılan şəraitin nəticəsidir ki, sakinlərə keyfiyyətli rabitə və internet xidməti göstərilir. Bu ilin ötən dövründə də rabitə və yeni texnologiyaların inkişafı diqqətdə saxlanılmış, yaşayış məntəqələrində 61 min 932 metr fiber-optik kabel xətti çəkilmiş, 4928 nömrə tutumlu 17 yeni avtomat telefon stansiyası və 1439 yeni telefon nömrəsi istifadəyə verilmiş, 2046 abunəçi genişzolaqlı internetlə təmin olunmuşdur.
“Naxtel”in imkanlarının genişləndirilməsi də diqqət mərkəzində saxlanılmış, 4-cü nəsil Naxtel 4G mobil rabitə sistemi üzrə layihənin icrası bu ilin 6 ayında davam etdirilmişdir. Belə ki, muxtar respublika üzrə 37 baza stansiyasında quraşdırma işləri başa çatdırılaraq 4-cü nəsil mobil baza stansiyalarının sayı 96-ya çatdırılmışdır. Həmçinin muxtar respublikada Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi sistemləri istifadəyə verilmişdir. Bunun üçün müvafiq proqram təminatı hazırlanmış və Naxçıvan Muxtar Respublikasının Ali Məclisində server qurulmuşdur. Bu günədək 80 təşkilat İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sisteminə qoşulmuşdur.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən Naxçıvan Turizm İnformasiya Mərkəzinin internet saytı Azərbaycan, rus və ingilis dillərində yenidən yığılmış, 76 dövlət orqanının saytında Naxçıvan portalının və Naxçıvan Turizm İnformasiya Mərkəzinin saytının bannerləri yerləşdirilərək keçidlər verilmişdir. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi ilə rayon təşkilatları arasında telekommunikasiya şəbəkəsi də yaradılmışdır.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar
Nazirliyinin mətbuat xidməti