23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 30 aprel 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması qaydası” yerli istehsal müəssisələrimizin fəaliyyətini stimullaşdırmaqla dövlət vəsaitindən səmərəli istifadəyə, müəssisə və təşkilatların vaxtında ərzaq məhsulları ilə keyfiyyətli və davamlı təchizatına zəmin yaradıb, məhsulların təhlükəsizliyinə və keyfiyyətinə nəzarət sisteminin müasir tələblər səviyyəsində həyata keçirilməsinə imkan verib.
Muxtar respublikada istehsal olunan yerli məhsulların xarici bazarlara çıxarılması, sahibkarların fəaliyyətinin stimullaşdırılması məqsədilə “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb. Dövlət müəssisə və təşkilatlarının ərzaq məhsulları ilə mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına təminatı, ərzaq məhsullarının istehsalçılarından məhsulların alışını və tədarükünü təşkil etmək, satıcılara çatdırılması bu müəssisə tərəfindən həyata keçirilməkdədir.
Ərzaq mallarının alqı-satqısının mərkəzləşdirilmiş qaydada “Naxçıvan Məhsulları” MMC tərəfindən həyata keçirilməsi qida sektorunda rəqabətin genişləndirilməsinə, kiçik və orta biznesin inkişafına, dövlət büdcəsindən səmərəli istifadəyə şərait yaratmaqdadır.

Bu istiqamətdə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən müəssisə və təşkilatların ərzaq təchizatının hər bir müəssisə üzrə menyusu hazırlanıb və təsdiq olunub.
Müəyyən edilmiş menyuya müvafiq olaraq hər bir müəssisə üzrə məhsulların təchizat cədvəli hazır­lanıb. Mərkəzləşdirilmiş qaydada dövlət vəsaiti hesabına maliyyələşdirilən dövlət müəssisə və təşkilatlarına təchiz olunacaq məhsulların siyahıları dürüstləşdirilib, müəssisələrin, ilk növbədə, yerli istehsal, digər halda idxal məhsulları hesabına təchizatı həyata keçirilib. Hazırda təchizat üçün müəssisəyə tədarük olunan məhsullar soyuducu kameralarda saxlanılır və buradan paylanılır.
2016-cı ilin may ayından başlayaraq “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən muxtar respublikada fəaliyyət göstərən 48 qapalı müəssisənin 281 çeşiddə ərzaq və qeyri-ərzaq məhsulları ilə keyfiyyətli təchizatı təmin edilib. Təchizatda yerli məhsulların payının 91,1 faizini ərzaq, 41,2 faizini qeyri-ərzaq məhsulları təşkil edib.
2016-cı ilin iyun ayında muxtar respublikada fəaliyyət göstərən 18 müəssisədən ərzaq və qeyri-ərzaq məhsulları alınıb, hər bir məhsul üçün istehsalçı şirkətlərdən gigiyenik və uyğunluq sertifikatları alınaraq təchizat zamanı məhsulun üzərində müəssisə və təşkilatlara təqdim edilib. Bu istiqamətdə həyata keçirilən tədbirlər, ilk növbədə, yerli müəssisələrimizin fəaliyyətinin stimullaşdırılmasına köməklik göstərməkdədir.
Hər bir cəmiyyətin həyat və sağlamlığı qidalanma ilə sıx bağlı olduğundan ərzaq məhsulu milli genofonda, sağlam nəsil artımına təsir edən mühüm amildir. Muxtar respublikada insan amilinə göstərilən yüksək qayğının nəticəsidir ki, ərzaq məhsullarının təhlükəsizliyinin təmin edilməsi daim diqqət mərkəzində saxlanılır.
Ərzaq məhsullarının keyfiyyətinə nəzarət məqsədilə yaradılmış müasirtipli, yüksək maddi-texniki bazaya və kadr potensialına malik olan, beynəlxalq akkreditasiyadan keçirilmiş “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC bu istiqamətdə mühüm rol oynayır.
İctimai iaşə obyektlərində istifadə edilən məhsulların keyfiyyətinə nəzarətin həyata keçirilməsi məqsədilə “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC tərəfindən 2016-cı ilin ötən dövründə 99 halda unlu-qənnadı, alkoqolsuz içkilər və süd məhsullarından nümunələr götürülərək laboratoriya analizləri aparılıb və nümunələrin keyfiyyət göstəricilərinin qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi müəyyən edilib.
“Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması qaydası” ərzaq təchizatı ilə bağlı bir sıra problemlərin həllinə təkan verməklə, istehsal və tədarük sisteminin inteqrasiyasını gücləndirir. Yeni qurumun yaradılması muxtar respublikada ərzaq məhsullarının tədarükü və təchizatı prosesini xeyli asanlaşdırıb. Ən başlıcası isə ərzaq məhsullarının istehsalçıları ilə istehlakçıları arasında yeni formatda qarşılıqlı əlaqə yaranıb. Bundan sonra da büdcə təşkilatları üçün lazım olan ərzaq məhsulları mərkəzləşdirilmiş qaydada və şəffaf sistem üzrə təmin ediləcək.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat
Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR