Yaxud müəssisənin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı həyata keçirilən yeni layihə
Muxtar respublikamıza gələn qonaqlar daha çox təbiət mənzərələri ilə “ünsiyyətdə” olmağa can atırlar. Elə mənim Rusiyadan gələn qonaqlarım da Ordubada getməyi, qoşa çinarın altında bir stəkan çay içməyi təklif etdilər.
Onların bu təklifi ilə razılaşıb yola düşdük. Yolboyu quruculuq ərməğanlarını maraqla seyr edən qonaqların, – bu nə binadır, bu tikili nə vaxt istifadəyə verilib və sair kimi suallarına cavab verə-verə Culfa şəhərinin kənarından keçib üz tutduq Ordubada. Təqribən, 10 dəqiqəlik yol getmişdik ki, qonaqlardan biri qırmızı-qonur rəngə çalan dağların sinəsində, qum-çınqılın üstündə salınmış üzümlüyün və meyvə bağının əhatəsində yerləşən binanı göstərərək:
– Bu tikili nədir? – deyə soruşdu.
– Elə yol üçün tədarük etdiyimiz “Badamlı”nın, “Sirab”ın, “Prestij”, “Qızıl su”, “Fitonad” limonadlarının, Bakıda içdiyiniz “Slavyanka”nın və digər mineral suların tərkibinə vurulan təbii karbon qazı istehsal edilən zavoddur, – dedim.
Qonaq təəccübünü gizlətmədi: –Bura istehsal müəssisəsindən daha çox istirahət mərkəzini xatırladır, – dedi.
Söhbətimizə qoşulan digər qonaq isə müəssisənin həyətində qurulmuş böyük bir qurğunu göstərib, – “layner”ə oxşar bu qurğu nədir? – deyə məndən soruşdu. – Dəfələrlə bu müəssisədə olmuşam, ancaq bu “layner”i görməmişəm. Bu, yenilikdir, – dedim.
Beləcə, Ordubad səfərimizdən sonra “layner” sorağı ilə üz tutdum “Karbon Qazı Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinə.
Culfa şəhərindən 2 kilometrlik məsafədə, Culfa-Ordubad magistral yolunun kənarında yerləşən, sanki rəssam fırçası ilə kətan üzərinə köçürülmüş bir rəsm əsərini xatırladan, quruculuq ərməğanlarının təbiət mənzərələri ilə həmahənglik təşkil etdiyi ünvana – “Karbon Qazı Zavodu” MMC-yə yaxınlaşdıqda ecazkar bir mənzərənin sehrinə düşdük. Səliqə-sahmanı ilə gözoxşayan bu istehsal müəssisəsi neçə il bundan əvvəl istifadəyə verilməsinə baxmayaraq, sanki bu gün təhvil verilib. Qurulub-yaradılanlar qorunub, gülzarlıqlara, yaşıllıqlara yüksək səviyyədə qulluq edilib. Müəssisənin ətrafındakı, əvvəllər quru səhranı xatırladan geniş bir ərazi gülüstana çevrilib – 2,5 hektar sahədə meyvə bağı, 4 hektar sahədə isə üzümlük salınıb. Artıq ötən ildən nubarına məhsul da götürülüb. İnsanda xoş ovqat yaradan müəssisənin qarşısında dayanan nəzarətçidən direktoru soruşduq.
– Odur gəlir, – dedi.
Yaxınlaşan Elman Seyidov: – Xoş gəlmisiniz. Buyurun keçin. Nə yaxşı yolunuzu bu tərəfə salmısınız? – deyə soruşdu.
– “Layner”ə baxmağa gəlmişik, – dedim. Güldü.
– Özünüz yaxşı bilirsiniz ki, bu müəssisədə maye karbon qazı istehsal olunur. Bura nə hava limanı, nə də təyyarə istehsal edən zavoddur. Culfa-Ordubad magistralından keçərkən zavodun ərazisində görünən “layner”ə oxşar qurğu isə müəssisənin istehsal etdiyi təbii karbon qazının saxlanılması və istehsal olunan məhsula artan tələbatın ödənilməsi ilə əlaqədar həyata keçirilən qabaqlayıcı tədbir olaraq Türkiyənin “Karbonsan” LTD şirkətindən alınıb gətirilmiş böyük bir qurğudur. Amma bu, adi qurğu deyil, müasir texnoloji avadanlıqlarla təmin edilmiş bir qurğudur, – deyib bizi “layner”in yanına apardı. Bu da sizin dediyiniz, qapısı, pəncərəsi, təkərləri, bir də qanadları olmayan dəmir-beton sütunlar üzərində qərar tutan “layner”, – deyən Elman Seyidov qeyd etdi ki, uzunluğu 30 metr, ağırlığı 50 ton, ümumi tutumu 200 ton maye karbon qazı olan, istiyə, soyuğa davamlı 20 santimetr qalınlığında, xüsusi izolyasiya ilə örtülmüş bu qurğu yüksək təhlükəsizlik avadanlıqları ilə təmin olunub. Çəndə olan maye karbon qazının təzyiqi müəyyən olunmuş normadan aşağı düşdükdə qızdırıcı, yuxarı qalxdıqda isə soyuducu avtomatik olaraq işə düşərək tənzimlənir. Eyni zamanda sistemdə hər hansı bir nasazlıq yaransa belə, qurğuda yerləşdirilmiş klapanlar avtomatik olaraq açılıb təzyiqi normallaşdırır, təhlükəsiz həddə salır. Əvvəllər müəssisədə istehsal olunan maye karbon qazı hər biri 12 ton olmaqla, 2 ədəd çəndə saxlanılır, xüsusilə mövsümdə artan tələbatın ödənilməsində müəyyən çətinliklərlə üzləşirdiksə, cari ilin may ayında yeni qurğunun istifadəyə verilməsi ilə nəinki çətinlik aradan qaldırılıb, hətta kifayət qədər ehtiyat da yaratmaq imkanı əldə edilib. Bu da həm daxili bazarın tələbatını ödəməyə, həm də xarici bazara mal ixrac etməyə imkan yaradıb. Onu da qeyd edək ki, yeni qurğunun yerləşdiyi əraziyə mövcud sistemdən əlavə xətt çəkilib. Elektron tərəzi ilə təmin edilmiş qurğu daxil olan və ya götürülən məhsulun miqdarına mütəmadi olaraq nəzarət etməyə imkan verir. Qurğuda yerləşdirilmiş avadanlıqların iş prinsipini izləmək üçün hər cür şəraitə malik nəzarət məntəqəsi də tikilib istifadəyə verilib. Qaldı ki müəssisə haqqında ümumi məlumata, onu da müəssisənin yeməkxanasında bir stəkan çay içə-içə yazarsınız, – deyib bizi çay süfrəsinə dəvət etdi. Elman Seyidovun dediklərindən:
– Muxtar respublikanın bütün təbii ehtiyatlarından səmərəli istifadə olunmaqla daxili bazarın tənzimlənməsində, tələbatın yerli istehsal hesabına ödənilməsində və idxaldan asılılığın azaldılmasında, xaricə valyuta axınının qarşısının alınmasında, əhali tələbatının daha dolğun ödənilməsində yerli istehsalın əvəzsiz rolu nəzərə alınaraq kompleks tədbirlər həyata keçirilib, yeni istehsal və xidmət sahələri yaradılıb. Belə istehsal sahələrindən biri də Culfa rayon ərazisində fəaliyyət göstərən “Karbon Qazı Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Özəl bölməyə göstərilən dövlət qayğısından bu müəssisə də bəhrələnib, Sahibkarlığa Kömək Fondundan dövlət maliyyə dəstəyi göstərilib. İkimərtəbəli inzibati və istehsal binalarından ibarət olan müəssisədə əsaslı təmir və yenidənqurma işləri aparılıb. Qaz mənbəyindən zavodadək 2650 metr boru xəttində təmir işləri görülüb. Müəssisədə Rusiya və Ukraynadan alınmış müasir texnoloji avadanlıqlar quraşdırılıb ki, bu, görülən işin daha keyfiyyətli, sürətli və yüksək səviyyədə aparılmasına imkan yaradıb.
Məlumat üçün qeyd edək ki, muxtar respublikanın maye karbon qazına olan illik tələbatı 2800 tondur. İllik istehsal gücü 6300 ton maye karbon qazı və 50 ton quru buz olan müəssisədə istehsal edilən məhsul ölkəmizin digər regionlarında da satışa çıxarılır və gələcəkdə xaricə ixrac olunması planlaşdırılır. Maye karbon qazını daşımaq üçün 2 ədəd 12 tonluq və 1 ədəd 6 tonluq avtosisternlərdən, eləcə də 2009-cu ildə alınmış soyuducu kameralı “Mitsubishi” markalı quru buzdaşıyan texnikadan səmərəli istifadə olunur. Həmçinin burada istehsal olunan məhsullara artan tələbatın ödənilməsi üçün İsveçin “SKAYNA” firmasının istehsalı olan 2 ədəd çəkici avtomaşın və Türkiyənin “ISISAN” firmasının istehsalı olan yüksək texniki göstəricilərə malik 2 ədəd avtosistern alınıb gətirilib. Bu da məhsulun vaxtlı-vaxtında sifarişçilərin ünvanlarına çatdırılmasına əlverişli şərait yaradır.
Müəssisədə Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmiş laboratoriya fəaliyyət göstərir. Bu da istehsal edilən məhsulun keyfiyyətinə nəzarət etməyə imkan verir. Xammalın qəbulundan satışa çıxarılmasınadək bütün texnoloji proseslərə, istehsal olunan karbon qazının, quru buzun keyfiyyətinə və sanitar-gigiyenik qaydalara ciddi əməl olunur. Maye karbon qazı 6 kiloqramdan 25 kiloqramadək müxtəlif çəkilərdə balonlarda və çənlərdə, quru buz isə xüsusi taralarda sifarişçilərin ünvanlarına göndərilir. Maye karbon qazı və quru buz mineral sular, sərinləşdirici içkilər istehsal edən müəssisələr, tibb ocaqları, ərzaq məhsullarının istehsalı və daşınması ilə məşğul olan şirkətlər tərəfindən rəğbətlə qarşılanır. Elə bu səbəbdəndir ki, istehsal olunan məhsullara tələbat artır, quru buz sifarişə uyğun olaraq Bakı şəhərində fəaliyyət göstərən şirkətlərə də göndərilir. Müqayisə üçün qeyd edək ki, “Karbon Qazı Zavodu” MMC əvvəllər ölkəmizin digər regionlarında fəaliyyət göstərən 7-8 müəssisəyə və ya şirkətə karbon qazı satırdısa, hazırda bu rəqəm 40-ı ötüb.
Bazar iqtisadiyyatının tələblərinə uyğun keyfiyyətli məhsul istehsal etmək əzmi ilə çalışan kollektiv maye karbon qazı və quru buza artan tələbatın ödənilməsi üçün mövcud imkanlardan səmərəli istifadə etməyə səy göstərir, istehsal edilən məhsul sifarişə uyğun olaraq ayrı-ayrı şirkətlərə, müəssisənin Bakı və Qax şəhərlərində fəaliyyət göstərən balondoldurma məntəqələrinə vaxtında çatdırılır. Hazırda tələbata uyğun olaraq istehsal edilən məhsulun 22,8 faizi muxtar respublikada, 77,2 faizi isə Bakı şəhərində və ölkənin digər regionlarında fəaliyyət göstərən sifarişçi müəssisələrə göndərilir.
“Muxtar respublikamızda istifadə olunmuş və ya istifadə müddəti bitmiş ilkin yanğınsöndürmə cihazlarının təmiri və doldurulması sahəsi də 2015-ci ildən fəaliyyətə başlayıb”, – deyən cəmiyyətin direktoru onu da bildirdi ki, istehsal və xidmət sahələri üçün əlverişli şərait yaradılıb, Türkiyə istehsalı olan müasir texnoloji avadanlıqlar və yanğınsöndürmə cihazlarının təmiri və doldurulması üçün lazım olan ayrı-ayrı hissələr və kimyəvi xammal alınıb gətirilib.
Burada 1, 2, 4, 5, 12, 25, 50 kiloqramlıq balonlarda quru kimyəvi tozlu, köpüklü və karbon qazlı ilkin yanğınsöndürmə cihazlarının müasir avadanlıq və materiallardan istifadə olunaraq keyfiyyətli dolumu və hər cür texniki xidmətin göstərilməsi üçün əlverişli şərait yaradılıb. İstifadə edilən hər növ ilkin yanğınsöndürmə cihazlarının işlək vəziyyətə gətirilməsi, yoxlanılması, doldurulmasına aid olan bütün texniki yardım, məlumat və sorğuya ehtiyac yarandığı halda, müəssisəyə müraciət edib bu sahə üzrə çalışan təcrübəli mütəxəssislərin köməyindən istifadə etmək olar.
Onu da qeyd edək ki, əvvəllər ayrı-ayrı idarə, müəssisə və təşkilatlar, hüquqi və fiziki şəxslər istismar müddəti bitən yanğınsöndürmə cihazlarını təmir və yenidən doldurulması üçün xarici dövlətlərə aparırdılar. Bu da vaxt itkisi və əlavə maliyyə vəsaiti tələb edirdi. Yeni istehsal sahəsinin fəaliyyətə başlaması ilə bu problem aradan qaldırılıb. Sifarişçilərin müəssisəyə təqdim etdikləri yanğınsöndürmə cihazları qeydiyyata alınıb test avadanlığında 27 atmosfer təzyiqlə yoxlanıldıqdan sonra doldurulur. Baş verə biləcək yanğın hadisələrinin vura biləcəyi ziyanın vaxtında qarşısının alınması üçün ayrı-ayrı idarə, müəssisə və təşkilatlarda olan ilkin yanğınsöndürmə cihazlarının işlək vəziyyətdə olması mühüm amillərdən biridir.
Kərəm Həsənov