Müasir bazar iqtisadiyyatı şəraitində kreditlərin verilməsi nəticəsində iqtisadiyyatın ayrı-ayrı sahələrinin maliyyələşdirilməsi məhz bank sektorunun iqtisadiyyatın inkişafında rolunun əsas göstəricisidir.
Banklar tərəfindən kənd təsərrüfatı sahələrinə verilən güzəştli kreditlər həmin sahədə istehsalın artımına, istehsal olunmuş məhsulların ixracına, məşğulluğun artırılmasına, aqrar sektorun və onunla əlaqədar olan digər sahələrin (yeyinti, yüngül sənaye sahələrinin) inkişafına birbaşa və dolayı təsir edir. Bundan əlavə, banklar tərəfindən verilən kreditlərlə müxtəlif müəssisələrin yaradılması istehsalın həcminin artmasına, əhalinin məşğulluğunun təmin olunmasına, nəticədə, dövlət büdcəsinə vergi daxilolmalarının artmasına təsir edir.
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən aldığımız məlumata görə, muxtar respublikada fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən 1 iyul 2016-cı il tarixə iqtisadiyyata yönəldilən kredit qoyuluşu 114 milyon 171 min manat, o cümlədən qısamüddətli kredit qoyuluşu 12 milyon 371 min manat, uzunmüddətli kredit qoyuluşu isə 101 milyon 800 min manat təşkil edib. Kredit qoyuluşu keçən ilin müvafiq dövrü ilə müqayisədə 5 milyon 617 min manat azalıb. Azalma cari dövrdə yığılmış vaxtı keçmiş kredit borcları hesabına olub.
Mərkəzi Bankın kreditləşmədə əsas məqsədi aqrar sektorun inkişafı, ixraca yardım və daxili bazarın müdafiəsi, kiçik və orta sahibkarlığın inkişafına nail olmaqdır. Eyni zamanda muxtar respublika əhalisinə verilmiş 10 milyon 125 min manat məbləğində şəxsi istehlak kreditləri, daşınmaz əmlak alınması üçün 9 milyon 49 min manat məbləğində verilmiş ipoteka kreditləri vasitəsilə vətəndaşların şəraitinin yaxşılaşdırılması ilə bərabər, real sektor da dəstəklənib.
Kredit qoyuluşu, əsasən, dövlət proqramlarının icrasına, real sektorun, kiçik və orta sahibkarlığın inkişafına yönəldilib ki, bu da kənd təsərrüfatı, yerli sənaye və istehlak malları istehsalının həcminin artması və yeni iş yerlərinin yaranmasında əhəmiyyətli rol oynayıb.
Bank və kredit təşkilatları tərəfindən 2016-cı ilin ilk 6 ayı ərzində 20 milyon 411 min manat kredit verilib ki, bunun da 6 milyon 805 min manatını qısamüddətli, 13 milyon 606 min manatını isə uzunmüddətli kredit təşkil edir. Verilmiş kreditin 7 milyon 234 min manatı kənd təsərrüfatı, 370 min manatı sənaye, 75 min manatı tikinti, 2 milyon 181 min manatı kommersiya, 3 milyon 617 min manatı nəqliyyat sahələrinə, 721 min manatı daşınmaz əmlakla əlaqədar ipoteka kreditlərinin verilməsinə, 6 milyon 203 min manatı digər kommunal, sosial və istehlak kreditlərinin verilməsi kimi sahələrə yönəldilib.
“2014-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nda banklar qarşısında qoyulan vəzifələrin icrası ilə əlaqədar müvafiq işlər görülüb. 2016-cı ilin 6 ayı ərzində verilmiş kreditlərin 35,4 faizini və ya 7 milyon 233 min manatını kənd təsərrüfatı kreditləri təşkil edir. Kənd təsərrüfatı kreditləri aqrar sahənin inkişafı ilə yanaşı, ənənəvi istehsal və kiçik emal sahələrinin yaradılmasında stimul olub.
Bu kreditlər, əsasən, prioritet sayılan və muxtar respublikada qəbul edilmiş dövlət proqramlarının icrasına uyğun olaraq istehsal proseslərinin təmin edilməsi üçün çoxsaylı komponentlərə – toxum və əkin materiallarının, kiçik emal avadanlıqlarının alınmasına, digər aqrotexniki tədbirlərin aparılmasına, heyvandarlığın inkişafına verilib.
Verilmiş kreditlərin 41,1 faizini kiçikhəcmli kreditlər təşkil edir. Gələcəkdə bu cür kreditlərin verilməsinin həcminin artırılması istiqamətində lazımi iş aparılır.
2016-cı ilin 6 ayı ərzində banklara 27 milyon 404 min manat kredit borcu qaytarılıb. Vaxtı keçmiş kredit borclarının yığılması işi sürətləndirilərək cari ilin birinci yarısında Sahibkarlığa Kömək Fondu vəsaitlərindən 3 milyon 555 min manat vaxtı keçmiş kredit borcları yığılıb. Bu sahədə müəyyən irəliləyişlərə nail olunsa da, 12 milyon 7 min manat vaxtı keçmiş kredit borcları mövcuddur. Vaxtı keçmiş borcların 11 milyon manatını Sahibkarlığa Kömək Fondunun vəsaitləri hesabına, 1 milyon 7 min manatını bank və bank olmayan kredit təşkilatlarının vəsaiti hesabına verilmiş kreditlər təşkil edir.
Rauf Əliyev