Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ərzaq mallarının keyfiyyətinə nəzarət davam etdirilir.
Ötən illər ərzində cəmiyyətin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mütəmadi olaraq məqsədyönlü tədbirlər həyata keçirilib, ABŞ, Almaniya, İngiltərə, Polşa, İtaliya, Türkiyə istehsalı olan, beynəlxalq standartlara uyğun laboratoriya avadanlıqları alınıb quraşdırılıb. Laboratoriyada mütəmadi olaraq yerli və idxal məhsullarından nümunələr götürülərək təhlillər aparılıb. Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində aparılan dövlət nəzarətinin bir hissəsini də yerli istehsal və idxal məhsullarının orqanoleptik, fiziki-kimyəvi, mikrobioloji və toksikoloji göstəricilərinin yoxlanması təşkil edir.
“İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətindən verilən məlumata görə, 2016-cı ilin ilk 6 ayı ərzində 527 halda hüquqi və 788 halda fiziki şəxslər tərəfindən daxil olmuş 79 mal çeşidini əhatə edən 1315 halda mal nümunəsi laboratoriya analizindən keçirilib və 994 halda səyyari laboratoriya təhlilləri aparılıb. Aparılmış laboratoriya təhlilləri, əsasən, 894 yerli istehsal məhsullarını və 421 idxal məhsullarını əhatə edib. Nəticədə, 1302 hаldа məhsulun kеyfiyyət göstəricilərinin nоrmаtiv-tехniki sənədlərin tələblərinə cаvаb vеrdiyi, 13 halda mal nümunəsinin keyfiyyət göstəricilərinin aşağı olduğu müəyyən edilib. Məhsulların keyfiyyətində yaranmış nöqsanların aradan qaldırılması üçün qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Cari ilin ilk 6 ayı ərzində “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqına 6225,58 ton sement, 8,51 ton travertin və mərmər, 12044,041 ton mebel dəsti, 1,365 ton döşək, 22,837 ton məsaməli beton və 550 ton sement istehsalı üçün klinker yarımfabrikatı məhsullarının Gürcüstan və Türkiyə respublikalarına ixracı üçün 31 halda, “Təchizat” ATSC-yə 254,69 ton iribuynuzlu heyvan dərisinin Türkiyə Respublikasına ixracı üçün 10 halda, “Naxçıvan Məhsulları” MMC-yə qablaşdırılmış bitki çayları, alkoqollu içkilər və mürəbbə məhsullarının Yaponiyada keçiriləcək sərgiyə aparılması üçün 15 halda, “Naxçıvan Avtomobil Zavodu” MMC-yə Belarus Respublikasına ixrac edilmiş 3 ədəd avtomobilə 1 halda, “Babək Sirab” ASC-yə 99,954 litr “Sirab” mineral sularının Türkiyə Respublikasına ixracı üçün 4 halda, “Babək Şərab-2 Yeddilər ASK” MMC-yə 316,5 litr meyvə araqlarının Bakı şəhərindəki beynəlxalq hava limanından ixracı üçün 1 halda olmaqla, cəmi 62 halda mənşə sertifikatı verilib.
Xəbərlər şöbəsi