Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamları ilə təsdiq edilmiş dövlət proqramlarının müvafiq bəndlərinin icrası, sessiya və müşavirələrdə verilmiş tapşırıqların yerinə yetirilməsi 2016-cı ilin birinci yarısında Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən diqqət mərkəzində saxlanılmışdır. Hesabat dövründə muxtar respublika üzrə 1402 torpaq sahəsi, 36 qeyri-yaşayış binası, 42 qeyri-yaşayış sahəsi, 452 mənzil, 886 fərdi yaşayış evi, 6 əmlak kompleksi kimi müəssisə, 3 çoxmərtəbəli yaşayış binası olmaqla, 2827 daşınmaz əmlak obyekti qeydiyyata alınmışdır.
Təsdiq olunmuş qrafik əsasında vətəndaşlara səyyari xidmətin göstərilməsi davam etdirilmiş, Şahbuz, Culfa, Şərur, Ordubad, Babək və Kəngərli rayonlarının 48 yaşayış məntəqəsindən 547 vətəndaşın müraciətinə baxılmışdır. Hesabat dövründə komitənin müvafiq sektoru və yerli idarələri tərəfindən hazırlanmış 3010 texniki sənədin parametrləri və həmin sənədlər haqqında digər məlumatlar Milli Qeydiyyat Sisteminə daxil edilmişdir. Həmçinin komitənin göstərdiyi elektron xidmətlər üzrə daxil olan 193 müraciət cavablandırılmış, İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sisteminə mütəmadi nəzarət olunmuşdur.
Muxtar respublikanın Ordubad rayon inzibati ərazi vahidinin tərkibinə daxil olan 22 bələdiyyənin ərazisində həyətyanı və pay torpaq sahələri ortofotoplana əsasən dəqiqləşdirilmiş, mövcud mülkiyyət növləri üzrə torpaq sahələrinin elektron torpaq kadastr xəritələri hazırlanmış, kadastr xəritələrinin məlumatları ilə torpaq reyestrində saxlanılan məlumatların uyğunluğu yoxlanılmış və uçotu aparılmışdır. Babək rayonunun 7, Şərur rayonunun 1 kəndinin ərazisində həyətyanı torpaq sahələrinin yenidən xəritələşməsi ilə əlaqədar aparılan planaalma işləri başa çatdırılmışdır.
Babək rayonunun 18 bələdiyyəsinin sərhəd xəritələrinə dair müvafiq yerquruluşu sənədləri elektron variantda hazırlanmışdır. Naxçıvan şəhərinin 1, 2, 3 və 4 nömrəli sahə inzibati ərazi dairələrinin, Babək rayonunun Göynük və Nəhəcir kəndlərinin inzibati ərazi dairələrinin və inzibati ərazi vahidlərinin abris və xəritələrində düzəlişlər edilərək yenidən hazırlanmışdır. Naxçıvan şəhəri, Şahbuz, Babək, Şərur, Sədərək və Kəngərli rayonları üzrə bütün bələdiyyələrin xəritələrinin hazırlanması başa çatdırılmışdır.
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq
Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti