23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada suvarılan torpaq sahələrinin genişləndirilməsi, yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi, suvarmada mütərəqqi metodlardan istifadə və suvarma sistemlərinin faydalı iş əmsalının artırılması bu ilin ötən dövründə də diqqət mərkəzində saxlanılmışdır. Qeyd olunan dövrdə su anbarlarına 277 milyon kubmetrdən artıq su yığılmış, şoranlaşma və bataqlaşmanın qarşısını almaq üçün 88 kilometr magistral kanal, 297 kilometr ara arxları və 18 kilometr kollektor lildən təmizlənmiş, 39,4 kilometr yeni suvarma xətti çəkilmişdir.

Son illər muxtar respublikada yeni suvarma şəbəkələrinin qurulması diqqət mərkəzində saxlanılır. Mənbəyini Arpaçay sol sahil kanalından götürən və ümumi uzunluğu 3 kilometr olan suvarma boru xəttinin tikintisi başa çatdırılmış, Şərur rayonunun Xanlıqlar, Vərməziyar və Ələkli kəndlərində 589 hektar ərazinin su təminatı yaxşılaşdırılmışdır. Babək rayonunun Badaşqan kəndinin torpaq sahələrinin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq üçün nasos stansiyası və yeni təzyiqli boru xətti tikilmişdir. Hazırda Kəngərli rayonunun Böyükdüz və Xok kəndlərinin 107 hektar sahəsində qapalı suvarma şəbəkəsi qurulur. Ötən dövrdə 359 subartezian quyusunda da təmir işləri aparılmış, 8 kəhrizin təmir-bərpası başa çatdırılmışdır. Yaşayış məntəqələrinin və əkin sahələrinin sel sularının təsirindən yuyulmasının qarşısını almaq məqsədilə tədbirlər görülmüş, selov və çay vadilərində selə qarşı 7,87 kilometr istiqamətləndirici bənd salınmış, Araz çayında 3048 metr sahilbərkitmə işi görülmüşdür.
Muxtar respublikada əhalinin içməli su təminatını yaxşılaşdırmaq da daim diqqət mərkəzində saxlanılır. Ötən dövrdə Ordubad rayonunun Parağa, Babək rayonunun Aşağı Buzqov və Kəngərli rayonunun Şahtaxtı kəndlərində sakinləri keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə yeni kaptajlar tikilmiş, su xətləri çəkilmişdir. “Şəhər Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində isə Naxçıvan şəhərinin Qaraçuq, Qaraxanbəyli, Bulqan və Tumbul kəndlərində, Babək rayonunun Şıxmahmud kəndində, Culfa və Şahbuz rayonlarında, ümumilikdə, müxtəlif diametrli borularla 158,64 kilometr kanalizasiya xətti və 199,18 kilometr içməli su xətti çəkilmiş, 6164 ev kanalizasiya şəbəkəsinə, 4725 ev isə su şəbəkəsinə qoşulmuşdur.

Naxçıvan Muxtar Respublikası
Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR