Hər bir ölkənin əhalisinin sağlamlıq səviyyəsi ətraf mühitin qorunmasından əhəmiyyətli dərəcədə asılıdır. Ona görə də muxtar respublikamızda əhalinin sağlamlığının mühafizəsinə və möhkəmləndirilməsinə yönəldilmiş ardıcıl və genişmiqyaslı tədbirlər daim diqqət mərkəzində saxlanılır.
Yay fəslinin isti günlərini yaşadığımız bir vaxtda isə bu məsələ daha böyük aktuallıq kəsb edir. Belə ki, özünəməxsus qayğıları olan bu fəsildə insanlar Günəşin yandırıcı şüaları ilə yanaşı, həm də qida zəhərlənmələrindən qorunmağa məcbur olurlar. Çünki bu fəsildə ərzaq məhsulları daha tez keyfiyyətini itirir və insanların sağlamlığı üçün təhlükə yaradır.
Ət və ət məhsulları insanların qidalanmasında əsas yer tutan ərzaq məhsullarından biridir. Bu məhsulları alarkən hər bir istehlakçı onun keyfiyyətli olduğuna əmin olmaq istəyir. Ancaq istehlakçılar bir çox hallarda ət alarkən onun keyfiyyətinin müəyyənləşdirilməsi ilə bağlı problemlə üzləşirlər. Bu baxımdan istehlakçılar üçün faydalı ola biləcək bir sıra məsələlər haqqında məlumat verəcəyik.
Ət və ət məhsulları yüksək bioloji dəyərli qida kimi mühüm əhəmiyyətə malikdir. Ətin tərkibində orqanizmin inkişafı, eləcə də normal həyat fəaliyyəti üçün lazım olan zülal, yağ, vitamin və mineral maddələr var. Ət və ət məhsulları qrupuna ət, quş əti, kolbasalar, ət konservləri, yarımfabrikatlar və sair daxildir. Ət məhsullarının tərkibində bir çox vitaminlər və insan orqanizminə lazım olan bütün mineral maddələr var. Tərkibində yağın və zülalın miqdarı bərabər olan ət ən yüksək dada malik olmaqla həm də yaxşı mənimsənilir. Tərkibində orta hesabla 14-17 faiz zülal, 2-3 faizdən 20-30 faizədək yağ və digər mineral maddə olduqda ət yüksəkkeyfiyyətli sayılır.
Satışa çıxarılan ət laboratoriyada analizdən keçməli və üzərində baytar həkimin möhürü olmalıdır. Satış məntəqələrində üzərində ancaq oval formalı möhürü olan ətin satılmasına icazə verilir. Ət şaqqalarının üzərində möhür kürək və bud hissələrinə vurulur. Quş ətində isə möhür boyun və budun çöl tərəfinə vurulur. Ət məhsulları alarkən onun keyfiyyətinə əmin olmaq üçün satıcıdan onun keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sənədləri (baytarlıq şəhadətnaməsi, uyğunluq və gigiyenik sertifikatları) tələb etmək istehlakçının hüququdur və satıcı bunu təmin etməyə borcludur.
Ət satışı obyektləri bütün sanitar və gigiyenik normalara cavab verməli, eyni zamanda ət satışı ilə məşğul olanlar vaxtaşırı tibbi müayinədən keçməlidir. Yalnız bu tələblərə cavab verən obyektlərdən həmin məhsulları almaq tövsiyə olunur. Eyni zamanda nəzərə alın ki, mövcud ticarət qaydalarına görə ət məhsullarının bir dəfədən artıq dondurulduqdan sonra satılması qadağandır. Belə halda ətdə olan bütün zəruri maddələr keyfiyyətini itirmiş olur.
Qablaşdırılmış ət və ət məhsullarının etiketində məhsulun adı və növü, istehsalçının adı və ünvanı, məhsulun tərkibi, termik vəziyyəti (soyudulmuş, dondurulmuş və sair), istehsal və qablaşdırma tarixi, saxlanma müddəti və şəraiti, qida əlavələri, aromatik əlavələr, bioloji aktiv qatışıqlar və digər inqrediyentlər, faydalılığı haqqında məlumat, məhsulun hazırlanma üsulu, sertifikatlaşması barədə məlumatlar olmalıdır.
Qablaşdırılmış ətin yararlılıq müddəti istehsalçı tərəfindən müəyyən olunur və məhsulun etiketində göstərilir. Təzə ət üçün isə malın kəsilmə tarixi və yararlılıq müddəti göstərilmiş baytarlıq şəhadətnaməsini tələb etmək lazımdır.
Ət konservlərinin qapağının üzərində mütləq qabarıq şəkildə döymə üsulu ilə yazılar olmalıdır. Qabın əzilməsi, paslanması və ya üzərində yararlılıq müddətinin göstərilməməsi onun keyfiyyətli olmasına ciddi şübhələr yaradır. Bu kimi məhsullarla rastlaşdıqda onları almaqdan çəkinin.
Dondurulmuş ət kameralarda -18oC-dən yuxarı olmayan temperaturda saxlanılır. Donu açılmış ət təzə ətin xüsusiyyətlərinə malik olmalı və mümkün qədər tez bişirilməlidir.
Ət alarkən onun xarici görünüşünə və iyinə diqqət yetirmək lazımdır. Köhnə ətin tərkibindəki piyin miqdarı az və tünd rəngli olur. Təzə ət özünəxas spesifik iyə malik (müvafiq heyvan növü üçün xarakterik), rəngi açıq çəhrayıdan tünd qırmızıya qədər olur. Kəsikdə ət sıx, elastik olmaqla, barmaqla basıldıqda əmələ gələn çökək tez düzəlməlidir. Təzəliyi şübhə doğuran və ya xarab olmuş əti almayın. Solğun, yapışqan, təzə ətə xas olmayan iyi olan ətdən istifadə etmək məsləhət görülmür. Belə ətin istehlakı xəstəliktörədən mikrobların inkişafı üçün əsas mənbələrdən biridir və ərzaq zəhərlənməsinə səbəb ola bilər.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat
Nazirliyinin mətbuat xidməti