23 Dekabr 2024, Bazar ertəsi

Yaxud bütün texnikalarla “öz dili ilə” danışmaq imkanı olan müəssisə – “Gəmiqaya Nəqliyyat” MMC

Bir neçə il bundan əvvəlin söhbətidir. Atasının uzun zamandır topladığı məvaciblə özünə “Mercedes” markalı minik avtomobili alan, sevincinin həddi-hüdudu olmayan Nəzəralı hərdənbir mənim “VAZ-2106” markalı maşınımın yanında saxlayar:

– Maşınımın şüşələrinə işarə edərək, aynabəndi təzə vurdurmusunuz? (o vaxt rəngli və ya plyonkalı şüşələr modda idi). Şüşəni niyə endirmisiniz? İstidirsə kondisioneri vurun işləsin də. Yadımdan çıxıb, sizin “Jiquli”nin sürət qutusu avtomatdır, yoxsa mexaniki?, – deyib zarafat edər, sonra da bu maşını dəyişin, özünüzə belə bir avtomobil alın, – deyərək ağıllı məsləhət verər, komfortlu avtomobilini sürüb gedərdi. Onu da deyim ki, Nəzəralı çox ağıllı oğlandır. Bu ağıllı məsləhətini də ömrü boyu piyada gəzənlərə yox, ancaq avtomobili olanlara verərdi. Ancaq Nəzəralı bilmirdi ki, elə komfortlu avtomobilin komfort xərci ilə yanaşı, “komfort” da dərdi var imiş.
Bir gün axşamçağı toran vuran zaman Kəngərli rayonundan Naxçıvan şəhərinə dönərkən Duzdağ yoluna tərəf bir avtomobilin başına qarışqa günəbaxan tumunun başına yığışan kimi yığışan adamlar diqqətimi cəlb etdi. Maşını saxlayıb kömək etmək üçün onlara yaxınlaşdım. Baxdım ki, bu, bizim Nəzəralı, başına yığışdıqları isə onun komfortlu “Mercedes” markalı avtomobilidir. Məni görüb əl saxladılar. Nəfəslərini dərdilər.
– Bu nə məsələdir? – deyə soruşdum.
– Əlinin arxası ilə alnının tərini silən Nəzəralı:
– Bilmirəm. Mühərriki işə salmaq mümkün deyil. Şəhərdə döngə, dalanlarda yerləşən o təmir sexi qalmadı ki, göstərməyəm. Əlacım kəsilib. Fikirləşdim ki, yoldaşların köməkliyi ilə yük maşınına mindirib göndərəm Bakıya.
– Orada təmir edə biləcəklər?
– Hə. Mobil telefonla danışdım. Usta dedi ki, göndər gəlsin baxaq.
Bir neçə saatlıq “Mercedes əməliyyatı” uğurlu sonluqla başa çatdı. Nəzəralının “Mercedes”i ağır yük maşınında getdi Bakıya. Təqribən, biraylıq, “ezamiyyət”dən sonra Nəzəralının “Mercedes”i döndü Naxçıvana. Özü də hər döngədəki sexlərdə “düzəltdikləri” hissələrlə birlikdə Nəzəralı birillik əməkhaqqı məbləğində “ezamiyyə” xərci çəkdikdən sonra. Bu “ezamiyyə” xərci onsuz da ağıllı olan Nəzəralını daha da ağıllandırdı. Artıq komfort avtomobilini “06” markalı “Jiquli”min yanında saxlayar: – Bilmirsən, köhnə təkər harada satılır? – deyərdi.
– Bu avtomobilinə köhnə təkər niyə vurursan? Mağazalarda təzə təkərlər var.
Nəzəralı dediyim məbləği eşidər-eşitməz başını bulayıb, udquna-udquna ehmalca avtomobilinə əyləşib, kondisionerli avtomobilini yanacağa qənaət etsin deyə, kondisionersiz işlədərək köhnə təkər axtarışına çıxdı. Amma təkər problemini həll etməmiş “Mercedes”in ehtiyat benzinin miqdarını göstərən hissəsi sıradan çıxdı. Xoşbəxtlikdən “Mercedes” bu dəfə Bakıya getmədi. Maşının bütün elektrik sistemini söküb tökdülər yerə. Ancaq sökülənləri yerinə yığmaq da bir problem oldu. Düz iki həftə də Bakıdan ustanın mobil telefonla verdiyi məsləhətə qulaq asa-asa hissələri yığdılar yerinə. Amma necə yığdılar, onu zaman göstərdi. Çox keçmədi ki, elektrik sistemində yaranan qısaqapanmadan avtomobilin bütün lampaları sıradan çıxdı. Beləcə, alman texnologiyasına sovetqaydası yanaşmaq Nəzəralıya çox baha başa gəldi. Onsuz da maliyyə məsələləri “qaranlıq” olan Nəzəralının büdcəsində tamamilə “zülmət” yarandı.
Bu hal tək Nəzəralının deyil, xaricdə istehsal olunmuş avtomobilləri olan hər bir sahibkarın üzləşdikləri problem idi. Elə bu səbəbdəndir ki, hər bir sahibkar əvvəllər xaricdə istehsal olunmuş, istər minik, istərsə də yük avtomobillərini almaqda tərəddüd edir, alınan avtomobillərdə yaranan hər hansı bir nasazlığın aradan qaldırılması üçün ya Bakıya ixtisaslaşmış servis xidməti göstərən müəssisələrə göndərmək, ya da oradan mütəxəssis çağırmaq məcburiyyətində qalır, əlavə xərc və vaxt itkisi ilə üzləşir, ehtiyat hissələrini tapmaqda çətinlik çəkirdi. Müxtəlif markalı yük və minik avtomobillərinə yüksəkkeyfiyyətli servis xidmətləri göstərən “Gəmiqaya Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətə başlaması ilə bu problem aradan qaldırıldı. Müəssisədə bütün avtomobillərə, o cümlədən xaricdə istehsal olunmuş “Mercedes”, “Hyundai”, “Toyota”, “Nissan”, “BMW”, “Ford” və digər markalardan olan yük və minik avtomobillərinə yüksək səviyyədə servis xidmətlərinin göstərilməsinə və lazımi ehtiyat hissələrinin alınıb muxtar respublikaya gətirilməsinə əlverişli şərait yaradılıb. Digər sahibkarlar kimi, bu müəssisə də özəl bölməyə, sahibkarlıq fəaliyyətinə yaradılmış münbit şəraitdən bəhrələnib. Naxçıvan şəhərində – dairəvi avtomobil yolunun kənarında müəssisə üçün ayrılmış ərazidə inzibati bina, iaşə xidmətinin göstərilməsi üçün yeməkxana, ehtiyat hissələrinin saxlanılması üçün anbar, müasir avadanlıqlarla təmin olunmuş laboratoriya, boya, tokar, maşın-mexanizmlərin, yük və minik avtomobillərinin, mühərriklərin, dizel-nasos farsunkalarının təmiri sexləri tikilib, Almaniya, Yaponiya, Türkiyə istehsalı olan müasir texnoloji avadanlıqlar alınıb quraşdırılıb. 2011-ci ildən fəaliyyətə başlayan müəssisədə yüksəkkeyfiyyətli servis xidmətləri göstərilir.
Avtomobillərin texniki müayinələrinin təxmini aparılması, primitiv üsullarla təmir edilməsi zamanı çoxdan keçib. Burada müasir texnoloji avadanlıqlardan səmərəli istifadə olunmaqla yüksəkkeyfiyyətli texniki müayinə aparılması və servis xidmətlərinin göstərilməsi üçün inkişaf etmiş ölkələrin təcrübələrindən istifadə olunur. Yük və minik avtomobillərinin təmiri sexində Almaniya istehsalı olan avadanlıqlarla təmin edilmiş avtomobillərin diaqnostik müayinə mərkəzi fəaliyyət göstərir. Burada ABS, ASR, ESP, mühərrik elektronikası, kondisioner, digital kondisioner, avtomatik ötürücü qutu, pultla idarəetmə mərkəzi, avtomatik şüşələr, avtokompüter, alovlanma və işıq sistemləri, kilid ETS naviqasiyası, qayış gərdirmə mexanizmi texniki müayinədən keçirilir. Kompüterdə əks olunan göstəricilərin surətləri çıxarılıb müştəriyə təqdim olunur və həmin məlumatlara uyğun olaraq sonrakı mərhələdə servis xidmətləri göstərilir, mövcud nasazlıqlar aradan qaldırılır. İşıqların tənzimlənməsi, disklərin düzəldilməsi, enjektorların yuyulması, əyləc və amortizatorların təmir edilməsi, təkərlərin balans olunması, yük və minik avtomobillərinin qabaq və arxa təkərlərində olan mailliliyin aradan qaldırılması, mühərriklərin yenilənməsi, elektrik avadanlıqlarının əvəz olunması, dizellə işləyən avtomobillərin farsunkalarının təmizlənməsi və yenisi ilə əvəz olunması kompüterlə təmin olunmuş ayrı-ayrı avadanlıqlarda keyfiyyətlə yerinə yetirilir.
Boya sexində yük və minik avtomobillərinin qismən və ya tam şəkildə boyanması üçün Almaniya istehsalı olan havalandırma və istilik sistemi ilə təmin olunmuş, kompüterlə idarəolunan xüsusi qurğu quraşdırılıb. İlkin olaraq avtomobillərdən nümunələr götürülüb müəssisədə fəaliyyət göstərən müasir texnoloji avadanlıqlarla təmin olunmuş laboratoriyada analizdən keçirilir. Boyanın növü, tərkibi və rəngi müəyyənləşdirildikdən sonra laboratoriyanın göstəricilərinə uyğun olaraq boya hazırlanır. Boyanın vurulması və qurudulması xüsusi kabinədə aparılır ki, bu da görülən işin keyfiyyətində mühüm amildir.
Müəssisədə fəaliyyət göstərən səyyari servis xidmətinin yüksək səviyyədə aparılması üçün ixtisaslı mütəxəssislər cəlb olunub, xüsusi avtomobillər ayrılıb, Almaniya istehsalı olan qaynaq və kontakt qaynaq avadanlıqları ilə təmin olunub ki, bu da iş prosesində avtomobillərdə yaranan nasazlıqların yerindəcə aradan qaldırılmasına və lazım olduqda evakuatorla müəssisəyə gətirib təmir olunmasına əlverişli şərait yaradıb. Həmçinin əvvəllər qəzaya uğrayan avtomobillərin bərpası primitiv üsullarla, çox vaxt sərf olunmaqla aparılırdısa, indi bu problem aradan qaldırılıb, müəssisəyə İtaliya istehsalı olan xüsusi avadanlıq alınıb gətirilib.
Servis xidmətlərinin yüksək keyfiyyətlə aparılması bir tərəfdən müasir texnoloji avadanlıqlar və onları idarəedən ixtisaslı mütəxəssislərdən asılıdırsa, digər tərəfdən də əvəzlənən ehtiyat hissələrinin keyfiyyətli olmasından asılıdır. Elə bu səbəbdəndir ki, avtomobillərin ehtiyat hissələrinin birbaşa istehsalçı müəssisələrdən alınıb gətirilməsi diqqət mərkəzində saxlanılıb, müəssisənin anbarında kifayət qədər ehtiyat yaradılıb.
Əhalinin gəlirlərinin artırılması, həyat standartlarının daha da yaxşılaşması qarşıya qoyulan vəzifələrdəndir. Bu inkişaf prosesi əhali qrupunun satın aldığı daşınar əmlak qismində avtomobillərin say tərkibi üzrə dinamikada daha aydın müşahidə olunur. Muxtar respublikamızda həyata keçirilən irimiqyaslı layihələrin, genişmiqyaslı quruculuq tədbirlərinin vaxtında və keyfiyyətlə aparılması üçün bölgəmizin relyefinə uyğun, daha yaxşı manevr etmək imkanlarına malik müasir maşın-mexanizmlər və ağırtonnajlı yük avtomobilləri alınıb gətirilir.

Yeni xidmət sahələrinin yaradılması avtomobillərə göstərilən yüksəkkeyfiyyətli servis xidmətləri ilə yanaşı, əhalinin məşğulluğunun təmin olunmasına da əlverişli şərait yaradıb. Əsasən, mütəxəssislərin və öz işini mükəmməl bilən sənətkarların çalışdığı müəssisədə texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunmaqla normal iş şəraiti yaradılıb, işçilər yüksək əməkhaqqı, gündə bir dəfə isti yemək və xüsusi geyim formaları ilə təmin olunub, gediş-gəliş üçün avtobus ayrılıb. Göstərilən qayğıya əməli işlə cavab verməyə çalışan kollektiv ayrı-ayrı idarə, müəssisə, təşkilatların, özəl qurumların və fərdi vətəndaşların verdiyi sifarişlərə uyğun olaraq maşın-mexanizmlərə, yük və minik avtomobillərinə yüksəkkeyfiyyətli servis xidmətlərinin göstərilməsi üçün mövcud imkanlardan səmərəli istifadə edir. 

Kərəm Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR