Naxçıvan şəhərində hər il genişmiqyaslı tikinti-quruculuq işlərinin aparılması, abadlıq tədbirlərinin həyata keçirilməsi muxtar respublika paytaxtının simasını tanınmaz dərəcədə dəyişdirib, şəhər Avropa və Şərq memarlığı ənənələrinin yaşadıldığı bir paytaxta çevrilib. Bu tədbirlər qədim şəhərin gözəlliyini artırmaqla yanaşı, insanların rahat şəraitdə yaşamasına və işləməsinə, asudə vaxtlarının səmərəli keçirilməsinə də zəmin yaradıb. Tikinti-quruculuq tədbirləri həyata keçirilərkən şəhərin qədimliyinin, milli memarlıq üslubunun qorunmasına ciddi fikir verilməsi paytaxta əsrarəngiz gözəllik bəxş edib. Cari ilin ötən dövrü ərzində də şəhərin bir neçə ünvanında tikinti-quruculuq tədbirlərinə başlanılıb, yeni-yeni binalar istifadəyə verilib.
Hazırda Cəlil Məmmədquluzadə küçəsində Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi üçün yeni bina inşa edilir. “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən tikilən bina zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarətdir. Binanın qəlib-beton işləri başa çatdırılıb, hörgü işləri yekunlaşdırılıb, kommunikasiya xətləri çəkilib. Hazırda fasadın və interyerin suvanması işləri aparılır, çardaq vurulur, zirzəmi hissənin döşəməsinə üzlük daş döşənir. Yeni binada hər cür şəraitə malik iş otaqları, qurumun əhatə etdiyi sahələrə aid fondlar, mətbəə, arxiv, server otağı, 10 min ədəd kitab üçün nəzərdə tutulmuş elmi kitabxana, laboratoriya, 108 yerlik iclas zalı yaradılacaq, binanı qış aylarında fasiləsiz istiliklə təmin etmək üçün fərdi qazanxana quraşdırılacaq.
Muxtar respublikada ali təhsil müəssisələri üçün yeni-yeni binaların istifadəyə verilməsi ənənə halını alıb. Son illərdə Naxçıvan Müəllimlər İnstitutunun da fəaliyyəti genişləndirilib, ali təhsil ocağının binası yenidən qurulub. Bu tədbirlərin davamı olaraq Naxçıvan Müəllimlər İnstitutu üçün yeni korpus inşa edilir. “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən ucaldılan bina zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət olacaq. Obyektin iş icraçısı Şahin Əliyevin bildirdiyinə görə, binanın zirzəmisində və ilk iki mərtəbəsində qəlib-beton işləri başa çatdırılıb.
Əhalinin mənzil şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər üç mərhələdə aparılır. İlk növbədə, qayğıya ehtiyacı olan vətəndaşlar mənzil və fərdi yaşayış evləri ilə təmin olunur. İkinci mərhələdə mövcud yaşayış binaları yenidən qurularaq sakinlərin istifadəsinə verilir. Üçüncü mərhələdə isə qəzalı vəziyyətdə olan yaşayış binaları sökülərək yerində daha müasir yaşayış binaları tikilir. Həyata keçirilən bu tədbirlər dövlətimizin vətəndaşlara göstərdiyi qayğının parlaq ifadəsidir. Naxçıvan şəhərinin “İstiqlal” küçəsindəki 99 nömrəli, 36 mənzilli binanın yenidən qurulmasını da bu tədbirlərin davamı kimi dəyərləndirmək olar.
Yenidən qurulması “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçılarına həvalə edilən binada hazırda daş üzləmə, fasadın suvanması və dizaynı işləri gedir. İlkin mərhələdə binanın qəzalı vəziyyətdə olan eyvanları və sonradan artırılan hissələri sökülüb, sonrakı mərhələdə bina beton sütunlarla möhkəmləndirilib, dam örtüyü, pəncərələr dəyişdirilib, bina arxaya doğru 3 metrlik məsafədə artırılıb. Bu da bina sakinlərinin mənzil sahəsinin genişlənməsinə şərait yaradıb. Binanın su-kanalizasiya, qaz və elektrik xətləri də tamamilə yenilənib. Bundan başqa, binanın zirzəmisi də dərinləşdirilərək təmir olunub, yararlı vəziyyətə salınıb.
Şəhərin Cəlil Məmmədquluzadə küçəsində tikilən daha bir obyektin inşası isə şəhərimizin turizm imkanlarının artırılmasına xidmət edəcək. Belə ki, adıçəkilən ünvanda “Dizayn” MMC-nin inşaatçıları tərəfindən Şərq memarlıq ənənələri əsasında yeni otel və ticarət mərkəzi inşa edilir. Obyektin iş icraçısı Mahir Əliyevin bildirdiyinə görə, bina zirzəmi ilə birlikdə üç mərtəbədən ibarət olacaq. Binanın üçüncü mərtəbəsi mansard formasında inşa edilib. Birinci mərtəbədə hədiyyəlik əşya mağazaları, ikinci mərtəbədə isə mehmanxana fəaliyyət göstərəcək. Binanın şəhərə baxan istiqamətində gözəl arxitekturaya malik saat qülləsi yaradılacaq. Saat qülləsi altı mərtəbədən ibarət olacaq. Burada hər mərtəbədə kafelər fəaliyyət göstərəcək. Otel və ticarət mərkəzinin ərazisinə müxtəlif istiqamətlərdən daxil olmaq mümkün olacaq. Mərkəzin ərazisində müxtəlif mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün səhnə yaradılacaq, həmçinin burada kino zalı fəaliyyət göstərəcək, ərazidə yaşıllıqlar salınacaq, müasir işıqlandırma sistemləri quraşdırılacaq. Hazırda inşaatçılar saat qülləsində qəlib-beton işləri ilə məşğul olur, binanın daxilinə suvaq çəkirlər.
Səbuhi Hüseynov