Naxçıvan Muxtar Respublikasında informasiya cəmiyyətinə keçidin təmin edilməsi, dövlət və yerli özünüidarəetmə orqanlarında, özəl sektorda informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, elektron xidmətlərin inkişaf etdirilməsi, cəmiyyətin informasiya məhsul və xidmətlərinə tələbatının dolğun ödənilməsi üzrə kompleks tədbirlər reallaşdırılmaqdadır. Bu işlərin davamı kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 12 yanvar 2008 - ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2008-2012-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı”nın icrası çərçivəsində Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin yeni internet səhifəsi hazırlanmışdır. www.statistika.nmr.az adresli internet resursu Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müasirtipli serverlərində yerləşdirilmişdir.
Hazırlanmış yeni internet resursu Naxçıvan Muxtar Respublikası üzrə sosial-iqtisadi inkişafa dair geniş məlumat bazasına malikdir. Muxtar respublikada iqtisadi və sosial sahədə inkişafı əks etdirən informasiyalar, o cümlədən sənaye, tikinti, kənd təsərrüfatı, ətraf mühit, nəqliyyat, rabitə və informasiya texnologiyaları, maliyyə xidmətləri bazarı, ticarət, xidmət, turizm, demoqrafiya sahələrinə və sosial sektora aid məlumatlar, bu istiqamətlərdə hazırlanmış təhlil materialları və aylıq dövr üçün hesablanan makroiqtisadi göstəricilər saytda yerləşdirilmişdir.
Qeyd olunan internet resursunun mühüm bir bölməsi – məlumat sahibləri, statistika orqanları və məlumat istifadəçiləri arasında qarşılıqlı əlaqələrin daha operativ və keyfiyyətli qurulmasına imkan verən elektron xidmətlər bölməsidir. Statistik hesabat təqdim edən dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər bu bölməyə daxil olaraq kağız formatından istifadə etmədən və statistika orqanlarına gəlmədən müvafiq hesabatları onlayn rejimində təqdim edə bilərlər. Eyni zamanda istifadəçilər elektron xidmətlər bölməsi vasitəsilə statistik məlumatların buraxılışı və mətbu məlumatların yayımı təqvimləri ilə tanış ola, onları maraqlandıran məsələlərlə bağlı öz müraciətlərini, sorğularını Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinə göndərə bilərlər.
Muxtar respublikada son 17 il ərzində istifadəyə verilmiş obyektlərin elektron fotoqalereyası yaradılaraq saytda yerləşdirilmişdir. İqtisadi inkişafa dair muxtar respublikada hazırlanmış videoçarxlar video arxiv bölməsində yayımlanır. İnternet resursunda sosial-iqtisadi aktivliyi əks etdirən çoxsaylı cədvəl və diaqramlar yerləşdirilmişdir.
Saytın operativliyinin və məlumat bazasının daha da təkmilləşdirilməsi istiqamətində müvafiq işçi qrup tərəfindən davamlı olaraq tədbirlər həyata keçirilir, innovativ yanaşma təşviq olunur.
Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti