23 Dekabr 2024, Bazar ertəsi

“Cahan Holdinq” Şirkətlər İttifaqı ərzaq məhsulları, tikinti materialları istehsal edən zavod və fabriklərlə yanaşı, xidmət sahələrinin yaradılmasına da nail olub. 2011-ci ilin oktyabr ayında istifadəyə verilən “Cahan” Alış-Veriş Mərkəzində (AVM) alıcılara nümunəvi xidmət göstərilir. Ümumi sahəsi 10 min kvadratmetr olan alış-veriş mərkəzində Almaniya, Yaponiya, Cənubi Koreya və Türkiyə istehsalı olan texniki avadanlıqlar quraşdırılıb.

“Cahan” Alış-Veriş Mərkəzində 21 bölmədə müxtəlif çeşiddə, yəni bir binanın inşa olunmasından ev əşyaları ilə təminatınadək mal və materialların topdan və pərakəndə satışı həyata keçirilir, mallar isə orta qiymətdən 10-20 faiz ucuz satılır. Burada muxtar respublikada istehsal olunan məhsullarla yanaşı, Amerika Birləşmiş Ştatları, Almaniya, Türkiyə, İtaliya, Yaponiya və Cənubi Koreya istehsalı olan məhsullar da satılır. Alış-veriş mərkəzində bütün növ tikinti materiallarının vahid bir mərkəzdən satışı təşkil olunub. Mərkəzdə müştəri xidməti və satışdan sonrakı xidmət sistemi müasir standartlara uyğun qurulub. Belə ki, burada çalışan əsas xidmət heyəti Türkiyə Respublikası və Birləşmiş Ərəb Əmirliklərində kurs keçib.

“Cahan” Alış-Veriş Mərkəzində idarəetmə, satışın təşkili, mal təminatı, mühasibat sistemi bu sahədə dünyada şəbəkə şəklində fəaliyyət göstərən böyük firmaların iş təcrübəsi öyrənilməklə həyata keçirilir. Müəssisənin Bakı şəhərində, Türkiyə Respublikasında, Çin Xalq Respublikasında, Birləşmiş Ərəb Əmirliklərində nümayəndəlikləri fəaliyyət göstərir və “Cahan” AVM-in satın­alma bölməsinin sifarişləri əsasında mal tədarük olunur.
Müəssisə dünyada tanınmış şirkət və firmalarla əlaqələr quraraq mənşə sertifikatı olan daha keyfiyyətli mal və materialların muxtar respublikamıza idxal olunması üçün mövcud imkanlardan maksimum səmərəli istifadə etməyə səy göstərir. Hazırda alış-veriş mərkəzi dünyanın 42 şirkət və firmasının Naxçıvan Muxtar Respublikasında daimi satış nümayəndəsi və ya satış təmsilçisidir. Alış-veriş mərkəzində marketinq işi günün tələbləri səviyyəsində qurulub. Daxili bazarın tələbatı öyrənilməklə hər hansı bir malın sifarişi vaxtında verilir və alınan malların keyfiyyət göstəriciləri nəzərə alınmaqla dünya bazarında tanınmış şirkətlərdən idxal olunur. Yəni xarici ölkə və yerli istehsal mallarının satışı alıcıların arzularına və istəklərinə uyğun seçim etməyə imkan verir. Yüksək keyfiyyəti və münasib qiyməti ilə seçilən bu məhsullar beynəlxalq standartlara tam uyğundur.
Alış-veriş mərkəzində POS-terminallar quraşdırılıb, alınan mal və materialların pulunun ödənilməsi plastik kartlar, nağd ödəmələr isə nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilir. Ötən dövr ərzində münasib qiymət, yüksək keyfiyyət prinsipi ilə işləyən “Cahan” AVM kifayət qədər alıcı cəlb etməklə muxtar respublikamızda ən böyük vergi ödəyicilərindən birinə çevrilib. Həmçinin “Cahan” Alış-Veriş Mərkəzinin bütün bölmələrində 50 manatdan yuxarı alış-veriş edən hər bir müştəriyə “Cahan” AVM-in bonus xüsusi plastik kartı verilir. Sonrakı mərhələdə məbləğindən asılı olmayaraq, alınan malın qiymətinin 0,2 faizi bonus olaraq həmin kartın hesabına köçürülür. Bu hesaba köçürülmüş məbləğdən istənilən vaxt pulsuz olaraq mal almaq mümkündür. Dünya təcrübəsindən istifadə etməklə nümunəvi xidmət göstərilən “Cahan” AVM-in maddi-texniki bazası ildən-ilə daha da möhkəmləndirilir.
Ümumi sahəsi 38 min kvadratmetr olan Əyləncə və İstirahət Mərkəzində istirahət edənlərə nümunəvi xidmət göstərilməsi üçün hər cür şərait yaradılıb, burada ikimərtəbəli bina inşa edilib. Binanın birinci mərtəbəsində geyim mağazası, 2 kafe və sahəsi 1230 kvadratmetr olan örtülü oyun salonu vardır. Binanın ikinci mərtəbəsindəki mebel dəstlərinin satışı bölməsində xarici ölkə və yerli istehsal məhsullarının satışı həyata keçirilir. Çeşid bolluğu alıcıların arzularına və istəklərinə uyğun səmərəli seçim etməyə imkan verir.
Əyləncə və İstirahət Mərkəzinin həyətində 33 metr hündürlüyündə, 24 kabinəli, 144 yerlik karusel, 8 yerlik 120 dərəcəli yelləncək, 32 yerlik uşaq maşını, qatar və uşaqlar üçün nəzərdə tutulmuş 4 idman qurğusu vardır. Mərkəzin həyətində böyüklərin istirahəti üçün 1 kafe fəaliyyət göstərir. “Cahan” AVM-in ərazisində “Arena” paintball klubu yaradılıb, oyunda istifadə edilən xüsusi geyimlər və silahların saxlanılması üçün ayrı-ayrı otaqlar istifadəyə verilib, oyunun keçirilməsi üçün geniş bir ərazidə oyunun şərtlərinə uyğun qurğular quraşdırılıb.
“Cahan” AVM-də yenidənqurma işləri aparılıb, ərzaq məhsullarının və gündəlik tələbat mallarının satışı həyata keçirilən yeni xidmət sahəsi, çörək və Şərq şirniyyatları istehsalı sahəsi yaradılıb. Burada muxtar respublikada istehsal olunan məhsullarla yanaşı, xarici ölkələrdə istehsal edilən və mənşə sertifikatı olan məhsullar da satışa çıxarılır. Hazırda alış-veriş mərkəzində fəaliyyət göstərən çörək və Şərq şirniyyatları sexinin məhsullarına böyük alıcı tələbatı vardır. Eyni zamanda burada fəaliyyət göstərən bağça bölümündə taxtadan hazırlanmış 1 və 2 otaqlı binalar, villa və istirahət yerləri üçün avadanlıqlar, həyətyanı sahələri bəzəyən müxtəlif güllər və dekorativ bəzəklər satışa çıxarılır.
Mərkəzin inşaat materiallarının satışı binasında bütün növ tikinti materiallarının topdan və pərakəndə satışı təşkil olunub, anbar istifadəyə verilib. Burada 35 min addan çox məhsulun satışa çıxarılması mənzil təmiri, ev tikintisi və inşaat işləri zamanı alıcılara geniş seçim imkanı yaradır.
Saat 2200 radələri olmasına baxmayaraq, istər “Cahan” AVM-də, istərsə də Əyləncə və İstirahət Mərkəzində bir qaynarlıq hökm sürür, kimisi alış-veriş edir, kimisi uşaqlarını karuselə mindirib əyləndirir, kimisi kafedə istirahət edir, kimisi də gülkarlıqların ətrafında salınmış səkilərlə iri addımlarla yürüyür, idman edirdi.
Yürüş edənlərdən həkim Adil Novruzov dedi:
– Günün yorğunluğunun aradan qaldırılmasında, şam yeməyinin həzm olunmasında, piylənmənin qarşısının alınmasında, gecə yuxusundan əvvəl qan dövranının tənzimlənməsində mühüm rol oynayan axşam yürüşü vacibdir və insan orqanizmi üçün çox faydalıdır. Özü də bu idmanı gül-çiçəyə bürünmüş, xüsusi dizaynla qurulmuş, sayrışan ulduzları xatırladan çil-çıraqla bəzədilmiş, beyin rahatlığı yaradan həzin musiqilərin səsləndirildiyi, qayğısız uşaqların qəhqəhələri əskik olmayan bir məkanda – Əyləncə və İstirahət Mərkəzində edəsən.
Naxçıvan şəhər sakini İlyas Babayev yaxınlıqda yerləşən ikimərtəbəli gözəl bir binanı göstərib dedi:
– Evimin fundamentindən başlamış inşaat işlərinin başa çatdırılmasınadək, evin təmiri, mebel dəstləri, ev əşyaları ilə təminatınadək nə lazımdırsa hamısını “Cahan” AVM-dən aldım. Alınan hər bir malın keyfiyyətinə, münasib qiymətinə də söz ola bilməz.
Cəfər Seyidov: – Əyləncə və İstirahət Mərkəzi ilə üzbəüz – Naxçıvançayın o tayında, Babək rayonunun Şəkərabad kəndində yaşayıram. Əvvəllər istifadəyə yararsız olan bu ərazidə indi başqa bir büsat qurulub, yeni şəhərcik salınıb, çox gözəl şərait yaradılıb. Həm istirahət edirik, həm uşaqlar əylənir, həm də evə dönərkən qida marketdən bazarlığımızı edirik. Özü də münasib qiymətə. Daha o dükan sənin, bu dükan mənim deyib bazarlıq etməyə, vaxt itirməyə ehtiyac yoxdur. Nə lazımdırsa hamısı “Cahan” AVM-dədir. Bundan yaxşı nə ola bilər.
Söhbətimizə qoşulan Arzu Cəfər­ova, Mikayıl Həsənov, Gülçöhrə Həmzəyeva, Nazilə Bayramova və başqaları yaradılan şəraitə, göstərilən xidmətə görə minnətdarlıqlarını bildirdilər. Elə biz də nümunəvi xidmətin nümunəvi ünvanı olan “Cahan” AVM-in kollektivinə uğurlar arzulayıb bu ünvandan xoş təəssüratla ayrıldıq.

 Kərəm Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR