Xəbər verdiyimiz kimi, 2014-cü ildən keçirilməsinə start verilən “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı tədbirin 5-ci turu iyul ayının 4-də Babək, Culfa, Ordubad və Şahbuz rayonlarında başa çatıb.
Dünən analoji tədbir Naxçıvan şəhərində, Kəngərli, Şərur və Sədərək rayonlarında keçirilib.
Tədbirlərdə vurğulanıb ki, yüksək vergi mədəniyyətinə malik olan bir cəmiyyətin formalaşdırılması və nağdsız dövriyyənin inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırılması mühüm vəzifələrdən biridir. Ona görə də muxtar respublikamızda vergitutma bazasının genişlənməsinə, vergiyə cəlb olunan gəlirlərin düzgün müəyyən edilməsinə, şəffaflıq və etibarlılığa möhkəm zəmin yaradan, nağdsız hesablaşmaların həcminin artırılması ilə bağlı tədbirlər davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2 mart 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilən “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”da Vergilər Nazirliyinə nağdsız ödənişlərin həcminin artırılması məqsədilə kart sahibləri arasında həvəsləndirici tədbirlərin keçirilməsi tapşırılıb.
Mərkəzi Bankla birlikdə muxtar respublikanın rayonlarında POS-terminallardan istifadənin, habelə nağdsız əməliyyatların aparılmasının üstünlükləri barədə müxtəlif təşkilatların kollektivləri ilə maarifləndirici tədbirlər davam etdirilir. Muxtar respublikamızda nağdsız dövriyyənin genişləndirilməsi sahəsində həyata keçirilən tədbirlər diqqət mərkəzində saxlanılaraq ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması, habelə vergilərin və dövlət orqanları tərəfindən göstərilən xidmətlərə görə dövlət rüsumlarının və haqlarının ödənilməsi üçün müvafiq POS-terminalların quraşdırılması işlərinə nəzarət daha da gücləndirilib. Belə ki, 1 iyun 2016-cı il tarixə əsas ödəniş alətlərindən sayılan POS-terminalların sayı 1147 ədəd olmaqla, Naxçıvan şəhərində 537-yə, rayon və kənd mərkəzlərində 610-a çatdırılıb. Nağdsız ödəniş infrastrukturunun tərkib hissələri olan bankomatların sayı 1 iyun 2016-cı il tarixə 99 olmaqla, Naxçıvan şəhərində 56-ya, rayon və kənd mərkəzlərində 43-ə, ödəniş kartlarının sayı muxtar respublika üzrə 232 min 43 ədədə çatdırılıb.
Görülmüş tədbirlərin nəticəsində muxtar respublika üzrə cari ilin ilk 5 ayı ərzində nağdsız ödənişlərin həcmi 12 milyon 90 min manat olub.
Sonra hədiyyələrin təqdimatı olub. Naxçıvan şəhərində birinci meyar üzrə (400 manatdan 601 manatadək nağdsız əməliyyat aparan şəxslər) 23, ikinci meyar üzrə (601 manatdan 801 manatadək nağdsız əməliyyat aparan şəxslər) 5, üçüncü meyar üzrə (801 manatdan çox nağdsız əməliyyat aparan şəxslər) 8, Şərur rayonunda birinci meyar üzrə 21, ikinci meyar üzrə 10, üçüncü meyar üzrə 6, Kəngərli rayonunda birinci meyar üzrə 15, ikinci meyar üzrə 5, üçüncü meyar üzrə 1, Sədərək rayonunda birinci meyar üzrə 10, ikinci meyar üzrə 3, üçüncü meyar üzrə 8 şəxs hədiyyə qazanıb.
Muxtar Məmmədov