Naxçıvan Muxtar Respublikası ərazisinin torpaq-iqlim şəraiti ilboyu tərəvəz bitkilərinin becərilməsinə imkan verir. Burada, əsasən, pomidor, xiyar, badımcan, kələm, bibər, lobya və səbzə-tərəvəz, o cümlədən göy soğan, turp, kahı, keşniş və digər məhsullar becərilir. Bunlardan bəziləri isti havaya daha çox tələbkar olur.
Məsələn, xiyar bitkisində 14 dərəcədən, pomidor, badımcan və bibərdə isə 12 dərəcədən aşağı temperaturda boyatma prosesi dayanır. Odur ki, bu bitkilərdən faraş məhsul almaq üçün onlar əvvəlcə isti şitilliklərdə becərilir, sonra açıq sahələrə köçürülür. Amma istər şitilliklərdə və istərsə də açıq sahələrdə onların normal inkişafına bir çox amillər təsir edir ki, bu da tərəvəz bitkilərinin məhsuldarlığının aşağı düşməsinə səbəb olur. Bu amillərdən biri də tərəvəz bitkilərinin müxtəlif xəstəliklərə yoluxmasıdır. Bu yazımızda pomidor bitkisinin yoluxduğu xəstəliklər və həmin xəstəliklərin müalicəsi barədə oxucularımıza məlumat vermək istəyirik.
Pomidor bitkisində ən geniş yayılmış fitoftora, ağ ləkə, qonur ləkə, makrosporoz, bakterial xərçəng, virus xəstəliklərini göstərmək olar.
Fitoftora xəstəliyi Azərbaycan Respublikasının tərəvəz becərilən bütün rayonlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında yayılaraq, xüsusilə gec əkilən pomidor sahələrinə böyük ziyan verir. Xəstəlik pomidorun meyvə, yarpaq və gövdələrini zədələyərək tünd-qonur ləkələr əmələ gətirir. Meyvələr çürüyərək yerə tökülür. Xəstə meyvə bərk olur. Fitoftora xəstəliyi ən çox yetişməmiş meyvələri zədələyir.
Bu xəstəliyin təsirindən yarpaqların kənar hissələrində tünd-qonur iri ləkələr törəyir. Yarpağın alt səthində, ləkələr olan yerlərdə zəif ağ örtük inkişaf edir. Ağ örtük meyvələrdə də inkişaf edə bilir.
Fitoftora xəstəliyini törədən göbələk qışı mitsel halında bitki qalıqlarında keçirir. Bu xəstəlik bitkilərin ikinci vegetasiya dövründə, meyvə əmələ gələn vaxtda inkişaf edir. Fitoftora xəstəliyi yayın ortalarında və payız aylarında havaların rütubətli keçməsi ilə əlaqədar olaraq daha da intensivləşir. Xəstəliyə istixana şəraitində də rast gəlinir. Xəstəliyin təsirindən meyvələr keyfiyyətcə pisləşir və əmtəəlik xüsusiyyətlərini itirir. Məhsuldarlıq xəstəliyin dərəcəsindən asılı olaraq 30 faizdən 70 faizə qədər itirilə bilər. Ona görə də pomidorun bu xəstəliyi ilə ciddi mübarizə tədbirləri həyata keçirilməlidir. Birinci növbədə, pomidor əkini sahəsi kartof sahəsindən xeyli aralı olmalıdır. Məhsul toplandıqdan sonra bitki qalıqları sahələrdən təmizlənməli və yeri dərindən şumlanmalıdır. Xəstəliyə qarşı davamlı sortlar əkilməlidir. Pomidor bitkisinin tez əkilməsi və faraş yetişdirilməsi fitoftora xəstəliyinin qarşısını alır. Pomidor əkini sahələrində xəstəliyin ilk nişanələri göründükdə 1 faizli bordo mayesi, yaxud 0,3 faizli mis-xloroksid, 0,5 faizli kaptan, 0,4 faizli kuprazon preparatlarının suspenziyaları ilə çiləmə aparılmalıdır. Çiləmə hər 10 gündən bir 3-4 dəfə (və daha artıq) təkrar edilməli, hər hektar sahəyə 500-600 litr hazırlanmış işçi məhlulundan istifadə olunmalıdır.
Yüksək məhsul götürülməsi üçün sahibkarlar və torpaq mülkiyyətçiləri pomidorun bu qorxulu xəstəliyi ilə mübarizə tədbirlərini vaxtında aparmalı, aqrotexniki tədbirlərə ciddi əməl etməlidirlər.
Əkin üçün toxum materialının yoluxmamış sahələrdən götürülməsi və əkindən 5-6 gün qabaq dərmanlanması məsləhət görülür.
Yaşar QULİYEV
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı