Rayonun inkişaf dinamikası ilbəil güclənir
Bura o bölgəmizdir ki, sovet dönəminin 80-ci illərində muxtar respublikanın qabaqcıl kənd təsərrüfatı rayonu kimi ad çıxarmış, o zaman ən gəlirli sahə sayılan pambıqçılığın və üzümçülüyün bayraqdarına çevrilmişdi. Zaman o zaman oldu ki, Sovet İttifaqı dağıldı, rayonun iqtisadiyyatı məhvə sürükləndi. Ancaq rayon sakinləri inandılar ki, öz əli ilə qurub-yaratdığı rayonu dahi rəhbər Heydər Əliyev köməksiz, tənha qoymayacaq, böyük iqtisadi potensiala malik Babək rayonunun da taleyi etibarlı əllərə, qurub-yaradan insanlara, sözün həqiqi mənasında, Vətənini, elini-obasını sevənlərə, insanların qayğısına qalanlara tapşırılacaq. Belə də oldu, rayon sakinlərinin ümidləri özünü doğrultdu, böyük rəhbərimiz muxtar respublikanın bütün bölgələri kimi, Babək rayonundan da qayğısını, diqqətini əsirgəmədi. Dövlətə sədaqətli, torpağa dərin məhəbbətlə bağlı, doğma el-obasını cənnətə döndərmək istəyən insanların, aydın məqsədli vətən oğullarının minbir zəhməti nəticəsində rayon yenidən ölkəmizin ən inkişaf etmiş bölgələrindən birinə çevrildi. Rayon əhalisini illərdən bəri narahat edən sosial problemlər həll olundu, insanların firavan yaşayışı təmin edildi, ailələrin məişət qayğıları öz həllini tapdı. Sanki hansısa bir rəssam rayonun sovetlər dönəminin son illərində və müstəqilliyimizin ilk illərində, sadəcə, cansız rənglərdən ibarət olan mənzərəsini dəyişdirdi, bu mənzərəni al-əlvan rənglərə boyadı.
Rayonun bu gününə qısa baxış, dünəninə kiçik ekskurs
Bu gün Babək rayonunun qəsəbə və kəndləri başdan-başa yenidən qurulur. Rayon sakinləri küçə və prospektlərdə, park və xiyabanlarda, əkin sahələrində elə həvəslə, elə canla-başla işləyirlər ki, insan heyranlığını gizlədə bilmir. Hər əkilən ağacın, hər gül-çiçək kolunun başına pərvanə kimi dolanan sakinlər bu rayonu muxtar respublikanın ən gözəl bölgəsinə çevirmək üçün əllərindən gələni əsirgəmirlər. Babək rayonunda diqqətçəkən təkcə abadlıq, quruculuq sahəsində qazanılan uğurlar deyil. Yeni istehsal və emal müəssisələrinin yaradılması, çox sayda iş yerlərinin açılması, əhalinin sosial problemlərinin həll edilməsi, aqrar sahədə dinamik inkişafa nail olunması son illərin uğurlarındandır. Rayonun yaranma tarixinə qısa nəzər salaraq qeyd etmək yerinə düşər ki, ulu öndərimizin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq tədbirlərinin, Azərbaycanın dağ və sərhəd rayonlarının daha da möhkəmləndirilməsi siyasətinin məntiqi nəticəsi kimi ortaya çıxan, 1978-ci il oktyabrın 23-də təşkil olunan yeni rayona mərkəzi hakimiyyətin iradəsinin əksinə olaraq Babək adının verilməsi görkəmli dövlət xadimi Heydər Əliyevin qətiyyətinin, milli yaddaşın bərpası istiqamətində həyata keçirdiyi taleyüklü tədbirlərin nəticəsi idi. 1993-2003-cü illərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında aqrar islahatların və onun mühüm tərkib hissəsi olan torpaq islahatlarının aparılması, kənd təsərrüfatı məhsulları istehsalçılarının maddi rifah halının yüksəldilməsi, istehsal şəraitinin yaxşılaşdırılması, uzun illərdən bəri Azərbaycan əkinçisinin torpaq mülkiyyətçisi olması arzusunun reallaşdırılması, yeni torpaq-əkinçi münasibətlərinin formalaşdırılması müasir tariximizin ən önəmli səhifələrindən biridir.
Aqrar sahədə həyata keçirilən tədbirlər öz bəhrəsini verib
Aqrar islahatlar nəticəsində muxtar respublikada, eləcə də Babək rayonunda torpaq üzərində üç mülkiyyət forması müəyyənləşdirilib. Rayonun torpaq fondunu təşkil edən 76 min 32 hektar torpaq sahəsindən 20 min 821 hektar dövlət mülkiyyətində saxlanılıb, 42 min 700 hektar torpaq sahəsi bələdiyyə mülkiyyətinə verilib, 12 min 511 hektar isə xüsusi mülkiyyətə ayrılıb. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, 1978-ci ildən indiyə qədər 40-dan çox nasos stansiyası, 50-dək subartezian quyusu tikilərək və ya əsaslı təmir olunaraq istifadəyə verilib, 7 su anbarı yaradılıb. 2005-ci ildə ulu öndərin adını daşıyan su anbarı istifadəyə verildikdən sonra rayonun 13 min 869 hektar sahəsinin suvarılması təmin olunub, 4 min 364 hektar yeni sahə əkin dövriyyəsinə daxil edilib. Bu gün rayon regionun kənd təsərrüfatı və sənaye məhsullarının istehsalı üzrə ixtisaslaşmış bölgəsi kimi tanınır, muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalına görə öncül yerlərdən birini tutur. Uzunoba Su Anbarının yenidən qurulması, Cəhri və Güznüt kəndlərində drenaj xətlərinin, Xal-xal kəndində suvarma su xəttinin çəkilişinin başa çatdırılması rayonda aqrar sahəyə marağı daha da artırıb, əkinçilikdə və heyvandarlıqda böyük nailiyyətlər əldə edilib. Təkcə 2016-cı ilin ilk beş ayında rayonda 6 milyon 913 min manatdan artıq həcmdə kənd təsərrüfatı məhsulu istehsal edilib. Bu göstərici ötən ilin müvafiq dövrünün nəticəsini 4 faiz üstələyir. Bəhs edilən zaman kəsiyində rayonda diri çəkidə 924 ton ət, 5746 ton süd istehsal edilib. Ötən ilin ilk beş ayı ilə müqayisədə ət istehsalı 2,1 faiz, süd istehsalı 1,5 faiz artıb. Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə dövlət proqramlarının icrası istiqamətində həyata keçirilən tədbirlər Babək rayonunda meyvəçiliyin və tərəvəzçiliyin inkişafına böyük imkanlar yaradıb. Xatırlatmaq yerinə düşər ki, ötən il ərzində rayon ərazisindəki 492,7 hektarlıq meyvə bağlarından 4891 ton məhsul əldə edilmiş, 1932 hektarı əhatə edən tərəvəz sahələrindən 16287 ton tərəvəz yığılmışdı. Bu ilin ilk beş ayında rayonun meyvə və tərəvəz bağlarında müşahidə edilən məhsuldarlıq adıçəkilən sahələrdən bol məhsul əldə ediləcəyindən xəbər verir. “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrasına da rayonda xüsusi diqqət yetirilir. Bu il üzümçülüklə məşğul olan torpaq mülkiyyətçiləri bağlardan bol məhsul gözləyirlər. Əminliklə demək olar ki, Babək rayonu bir neçə il sonra sovetlər dövründə üzümçülük sahəsində qazandığı şöhrəti özünə qaytaracaq.
Tikinti-quruculuq tədbirləri hər bir yaşayış məntəqəsini əhatə edir
73 min 600 nəfər əhalisi olan rayonda həyata keçirilən tikinti-quruculuq tədbirləri nümunə gücündədir və bu tədbirlər bütün yaşayış məntəqələrini əhatə edir. Yeni kənd və xidmət mərkəzlərinin, abad yolların, məktəb binalarının və səhiyyə müəssisələrinin tikintisi rayonun inkişaf və tərəqqisindən xəbər verir. Yeni inzibati binalar, müəssisələr, yollar, müasir xəstəxanalar, məktəb binaları, kənd və xidmət mərkəzləri əhalinin yaxşı şəraitdə işləməsinə, məşğulluğunun təmin olunmasına, rahat yaşamasına, sağlamlığının qorunmasına, təhsilinə, rifah halının yaxşılaşmasına, insanların asudə vaxtlarının səmərəli təşkilinə göstərilən qayğının təzahürüdür. Təkcə bir faktı qeyd edək ki, rayonda 2001-ci ildən sonra 30-dan çox məktəb binası tikilərək və ya yenidən qurularaq istifadəyə verilib, təhsil ocaqları müasir avadanlıqlarla təchiz edilib, kəndlərin böyük əksəriyyəti müasir yaşayış məntəqələrinə çevrilib, 1 qəsəbə, 20-dən çox kənd mərkəzi inşa edilib. Babək qəsəbəsindən tutmuş ucqar dağ kəndlərinə qədər yaşayış məntəqələri elektrik enerjisi, mavi yanacaq, içməli və suvarma suyu ilə tam təmin olunub. Elektrik enerjisindən söz düşmüşkən qeyd edək ki, bu rayonda tikilib istifadəyə verilən Naxçıvan Modul və Qaz-Turbin, Naxçıvan Günəş Elektrik stansiyaları muxtar respublikanın elektrik enerjisi ilə təminatında mühüm rol oynayır. Bundan başqa, rayonun qəsəbə və kəndlərinin keyfiyyətli poçt və rabitə xidmətindən yararlanması üçün mühüm tədbirlər həyata keçirilib. Ötən il iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 62417,2 min manat investisiya yönəldilmiş, bəhs olunan dövrdə tikinti-quraşdırma işlərində istifadə olunan investisiyaların həcmi 58339,6 min manat təşkil etmişdi. Bu ilin ilk beş ayında isə bütün maliyyə mənbələrindən əsas kapitala 16 milyon 454 min 900 manat həcmində investisiya yonəldilib, investisiyaların 15 milyon 566 min 800 manatı tikinti-quraşdırma işlərinin payına düşüb. Tikinti-quraşdırma işlərinin həcminin ilbəil artması rayon əhalisinin nümunəvi şəraitdə yaşaması və işləməsinə imkan yaratmaqla bərabər, əhalinin məşğulluğunun təmin olunmasına, sosial rifah halının yaxşılaşmasına da öz töhfəsini verir. Yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində rayonda həyata keçirilən tədbirlər bu bölgənin sosial-iqtisadi inkişafına güclü təkan verib, yük daşınmasında maya dəyərinin aşağı düşməsinə, ucqar yaşayış məntəqələri ilə nəqliyyat əlaqələrinin yaxşılaşmasına və digər problemlərin həllinə səbəb olub. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il avqustun 27-də imzaladığı Sərəncamla yenidən qurulması həyata keçirilən Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolu rayonun, eləcə də adıçəkilən kəndlərin sosial-iqtisadi inkişafında yeni perspektivlər açıb. Bunun nəticəsidir ki, bu ilin ilk beş ayında 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,4 faiz, sərnişin daşınması 1,6 faiz artıb.
Özəl sektorun rayonun sosial-iqtisadi inkişafında xüsusi rolu var
Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində qısa tarixi dövr ərzində muxtar respublikamızın, eləcə də Babək rayonunun sosial-iqtisadi inkişafı sahəsində çox böyük nailiyyətlər əldə olunub. Dahi rəhbərin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra muxtar respublikada həyata keçirilən düşünülmüş iqtisadi siyasət nəticəsində qısa zamanda makroiqtisadi sabitlik əldə edilib, davamlı iqtisadi artımın əsası qoyulub, iqtisadiyyatın bütün sahələrində islahatlara başlanılıb, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Babək rayonunda da sahibkarlar təbəqəsi formalaşıb, özəl sektorun rayonun sosial-iqtisadi inkişafındakı rolu daha da artmağa başlayıb. Rayonda iqtisadiyyatın sürətli artımı baş verib, kiçik və orta sahibkarlıq fəaliyyətinin dəstəklənməsi üçün bir sıra tədbirlər həyata keçirilib. Ayrılan güzəştli kreditlər hesabına sahibkarlar öz fəaliyyətlərini bir qədər də genişləndirib, yeni-yeni istehsal müəssisələri, çoxsaylı iş yerləri yaradıblar. Rayonda çoxsaylı investisiya layihələrinin reallaşdırılması yeni iş yerlərinin yaradılmasına öz töhfəsini verib. Bu gün Babək rayonunda fəaliyyət göstərən istehsal müəssisələrinə nəzər saldıqda burada onların həm çoxprofilli, həm də rayonun, demək olar ki, əksər yaşayış məntəqələrində olduğunu görməkdəyik. Bu, bir tərəfdən yerli işçi qüvvəsinin imkanlarından səmərəli istifadə olunmasına, digər tərəfdən də mövcud xammal və enerji potensialından maksimum istifadəyə imkan yaradır. Hazırda rayonda 80-ə yaxını istehsal təyinatlı olmaqla, 520-dən çox sahibkarlıq subyekti fəaliyyət göstərir. İstehsal müəssisələrində yüzlərlə yeni iş yeri yaradılıb. Muxtar respublikamızda aparılan tikinti-quruculuq işlərində mühüm əhəmiyyətli “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Babək rayonunun Araz kəndi yaxınlığında yerləşən istehsal müəssisəsi, “Bərəkət Ət Məhsulları Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti, müasir texnoloji avadanlıqlarla təmin olunmuş Babək “Sirab” Açıq Səhmdar Cəmiyyəti rayonun sosial-iqtisadi inkişafına böyük töhfələr verirlər. Rayonda 40-a yaxın lavaş istehsalı sahəsi, dəyirmanlar, şirniyyat məhsulları istehsal edən müəssisələr, istixanalar, quşçuluq təsərrüfatları, dəri emalı, plastik qapı-pəncərələr istehsal edən müəssisələr, gəc sexləri vardır.
Əgər ulu öndərimiz 1990-cı ildə Naxçıvana qayıtmasaydı, Babək rayonunun da qaranlıq günləri davam edəcəkdi. İndi dünyada baş verən proseslərə diqqət yetirəndə, bir sıra ölkələrdə tökülən qanların səbəbinin məhz anarxiya, vətəndaş qarşıdurması olduğunu görəndə ulu öndərimizi böyük minnətdarlıqla xatırlayır, Onun Azərbaycan, eləcə də Naxçıvan üçün etdiklərinin nə qədər əvəzedilməz olduğunu bir daha dərk edirik. Ulu öndərimizin işıqlı ideyalarının davamçıları tərəfindən görülən işlər nəticəsində o qanlı-qadalı illərin izlərindən əsər-əlamət qalmayıb, hər şey təzələnib. Sovet dönəmində 70 ildə görülən işlər Naxçıvanın 20 illik inkişaf və çiçəklənmə dövrünün bir ilində görülən işlərin kölgəsində qalıb. Bu nailiyyət Naxçıvanın bölgələrinin inkişafı naminə həyata keçirilən düşünülmüş, məqsədyönlü, ardıcıl fəaliyyətin nəticəsidir. İllər ötdükcə Babək rayonu da çiçəklənir, inkişaf edir. Muxtar respublikanın bütün bölgələri kimi, bu rayon da daha parlaq gələcəyə doğru qətiyyətlə addımlayır.
Səbuhi Hüseynov