23 Dekabr 2024, Bazar ertəsi

İş vaxtından sonra dostum Namiqlə görüşüb hal-əhval tutduq.
– Gedək məhəllədə tikdirdiyim evə baş çəkək. Tikinti işləri başa çatıb. Təmir işləri üçün usta çağırmışam, – deyib maşına əyləşdi. 10-15 dəqiqədən sonra məhəlləyə çatanda insanda xoş ovqat yaradan mənzərə ilə qarşılaşdıq. Bir-birindən yaraşıqlı, müasir memarlıq üslubu ilə ucaldılan 2-3 mərtəbəli fərdi yaşayış evləri tək məni yox, bu ünvana yolu düşən hər kəsi valeh edirdi.

– Sağlığınıza qismət. Deyəsən, çoxunda yaşayırlar, – deyib araya çökən sakitliyi pozdum.
– Bəli yaşayırlar, elə tənbəli mənəm. Mən də inşallah bu yaxınlarda köçərəm, – deyən Namiq bir-birindən seçilməyən 3 mərtəbəli binanın yanında maşını saxladı. Və bu da mənim evimdir, – dedi.
– Ay Namiq, mənim gözümdə yoxdur. Ancaq hər ehtimala qarşı binanın üstünə gözmuncuğu as və bir də üzərlik yandır ki, göz dəyməsin.
– Qardaş, sənə nə oldu? Sən də keçdin nənəmin tərəfinə. Bu binanın tikintisi başa çatanadək, yalan olmasın, 100 kiloqramdan çox üzərlik yandırıb. Elə bilirəm üzərlik planı sovetin planından da artıq olub, – deyib güldü. Sonra da binanın ətrafında dolaşan, ölçü-biçi edən adamları göstərib, – ustalardır, briqada ilə işləyirlər, – dedi. Onlara yaxınlaşaraq görüşdük.
– Hə... usta, nə vaxt başlayırsınız təmirə? – deyib nəsə fikirləşdi. Sonra sözünə davam etdi: – Atalar yaxşı deyib, şərtimizi şumda kəsək ki, pərşumda davamız düşməsin. Xahiş edirəm, ən yaxşı boyalarla işləyəsiniz.
– Sən gördüyün zaman deyil ki, düşək ordan-burdan boya axtaraq. İndi elə ən yaxşı boya Naxçıvandadır.
– Harada?
– Bəli, səhv eşitmədin, Naxçıvanda. Özü də “Rəngarəng” Boya Fabrikində.
– Hə... “Rəngarəng” boyaları ilə bəzədilmiş maşınla yolda rastlaşıram. Mən də elə bilirdim ki, xaricdən gətirilən malları reklam edir. Sən demə, yerli məhsulumuzdur. Çox yaxşı, razılaşdım. Binanın içərisini “Rəngarəng”in boyaları ilə işləyin. Bəs binanın fasadını, hasarını, dəmir darvazanı, həyətdə hovuzun başında taxtadan qurulmuş çardağı necə? Axı yayın qızmar istisinə, qışın 40 dərəcə şaxtasına, yazın yağışına davam gətirən daha keyfiyyətli boya tapmaq lazımdır.
Usta və ustanın briqadasında çalışan işçilər də ucadan güldülər. Onlardan biri:
– Namiq dayı, görürəm maşının var. Avtomobil yollarına çəkilən yol nişanları, cizgi xətləri “Rəngarəng”in boyaları ilə vurulur. Qışın şaxtasına, yayın istisinə, üstəgəl də ağırtonnajlı yük avtomobillərinin hərəkət etməsinə baxmayaraq, öz rəngini itirmir. Hə... Necədir?
– Allah xeyir versin. Başlayın işinizə. Özü də razılaşdığımız qiymətə, razılaşdığımız vaxta, – deyən Namiqlə onlardan ayrıldıq.
İki ev keçmişdik ki, Namiq maşını çox gözəl, zövqlə bəzədilmiş binanın yanında saxlayıb ustanı səslədi:
– Ay usta, belə olsun ha, – dedi.
– Arxayın ol. Elə o evi də biz işləmişik. Özü də sizə məsləhət gördüyüm “Rəngarəng”in boyaları ilə.
– Çox yaxşı. Sağ olun, – deyib oradan uzaqlaşdıq.
– Qardaş, usta işin bir tərəfidirsə, keyfiyyətli material da işin digər tərəfidir. İndi tam arxayın oldum. Hər ikisi yerindədir. Bir o qalır ki, təmir başa çatan kimi yığışam evə, elə həyətdəcə nəvəm Babəkin kiçik toy ziyafətini edəm. Sizə də yaxşı qonaqlıq verəm.
– Ay Namiq, əsl biznesmen olmağın elə bu məsələdə də özünü göstərdi. Bir güllə ilə iki dovşan vurursan. Evin şirinliyi ilə kiçik toyu birləşdirirsən, – deyib güldüm.
Beləcə, insanda xoş ovqat yaradan bir günümüz də başa çatdı. Amma başa çatan bu günümüz sabahkı gün üçün bir başlanğıc oldu. Yolumuzu Naxçıvan şəhərində fəaliyyət göstərən “Rəngarəng” Boya Fabrikindən saldıq. Muxtar respublikamızda idxaldan asılı­lığın aradan qaldırılması, daxili bazarın keyfiyyətli məhsullarla təmin olunması zərurətindən yaranan, özəl bölməyə, sahibkarlıq fəaliyyətinə göstərilən dövlət qayğısından bəhrələnərək həyata vəsiqə alan, səliqə-sahmanı ilə gözoxşayan müəssisədə ahəngdar iş prosesi hökm sürürdü. Naxçıvan şəhərindəki dairəvi avtomobil yolunun kənarında müəssisəyə ayrılmış ərazidə istehsal sahəsi, laboratoriya, inzibati bina, yeməkxana, xammal və hazır məhsulların saxlanılması üçün anbar istifadəyə verilib, müəssisənin həyətində abadlıq işləri aparılıb. Türkiyə Respublikasından “Yıldızlar Makina” LTD şirkətinin istehsalı olan müasir texnoloji avadanlıqlar alınıb gətirilərək quraşdırılan müəssisədə antipas, lak, yağlı boya, binadaxili və binaxarici boyalar, tavan boyası və yol cizgi boyası istehsal edilir. Xammal Türkiyə Respublikasında fəaliyyət göstərən, bu sahə üzrə qabaqcıl təcrübəyə malik ayrı-ayrı şirkətlərdən idxal olunur. Birnövbəli iş rejimində gündəlik istehsal gücü 10 ton boya olan müəssisədə hazırda tələbata uyğun yüksəkkeyfiyyətli məhsul istehsal edilir.
İstehsal prosesi konveyer üsulu ilə təşkil edilən müəssisədə texnoloji proseslərə, texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunur. Ayrı-ayrı dəzgahlarda müxtəlif mərhələlərdən keçməklə hazırlanan 9 növdə, 24 çeşiddə məhsul nəfis tərtibatla bəzədilmiş 3 kiloqramdan 15 kiloqramadək olan dəmir və plastik taralarda “Rəngarəng” tanıtım nişanı ilə satışa çıxarılır. Məhsulların üzərində tərkibi, saxlanma şəraiti, istehsal tarixi və saxlanma müddəti göstərilir ki, bu da tikinti materiallarının istifadəsində çox mühüm amillərdir. Burada məhsulun istehsalı ilə yanaşı, onun daşınmasına da əlverişli şərait yaradılıb. Məhsullar müxtəlif rəngli “Rəngarəng” boyalarının reklamı əks olunmuş “JAC” markalı avtomaşınla topdan və pərakəndə satış mağazalarına və ya sifarişçi şirkətlərin ünvanlarına vaxtında çatdırılır.
Müəssisənin fəaliyyətə başlaması daxili bazarda yağlı və yağsız boyalara olan tələbatın yerli istehsal hesabına ödənilməsinə imkan verib. Eyni zamanda əhalinin məşğulluğunun təmin olunmasında da mühüm rol oynayıb, daimi iş yerləri açılıb ki, burada da işçilər xüsusi geyim dəstləri və yüksək əməkhaqqı ilə təmin olunublar.
Burada istehsal olunan boya xaricdən idxal edilən məhsullardan keyfiyyəti ilə seçilir, həm də münasib qiymətə satışa çıxarılır. Satışa çıxarılan məhsulların alıcı sarıdan heç bir problemi yoxdur. Üstəlik, bu yerli məhsula tələbat get-gedə artır. Gələcəkdə müəssisədə istеhsаl оlunаn məhsullаrın ölkəmizin digər rеgiоnlаrındа dа sаtışа çıхаrılmаsı plаnlаşdırılır. Еlə bu səbəbdəndir ki, kеçirilən biznеs fоrumlаrdа yахın­dаn iştirаk еdilir, аyrı-аyrı ölkələrdə bu sahə ilə məşğul оlаn sаhibkаrlаrın təcrübəsindən bəhrələnilir. Təbii ki, bu, bir tərəfdən əlaqələrin daha da genişləndirilməsinə, məhsulların ölkə­mizin digər regionlarında alıcı tapmasına əlverişli şərait yaradır, digər tərəfdən də sahibkarlarla əlaqələr qurmaq baxımından mühüm rol oynayır.
Beləcə, doğma Naxçıvanımızın hər bir yaşayış məntəqəsində ucaldılan inzibati və sosial obyektlərə, fərdi yaşayış evlərinə rəngarəng gözəllik verən, görəsən, keyfiyyəti necədir? – sualı ilə daim baş-başa qalan müştərilərin nigarançılığına zəmanətli, keyfiyyətli məhsulları ilə son qoyan daha bir istehsal müəssisəsindən – həyatımıza rəngarənglik gətirən “Rəngarəng” Boya Fabrikindən xoş təəssüratlarla ayrıldıq.

 Kərəm Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR