23 Dekabr 2024, Bazar ertəsi

Taxıl tədarükünün ilk günlərinin nəticələri belə deməyə əsas verir

Daha bir taxıl mövsümünün bir az gərgin, həm də sevincli anlarını yaşayırıq. Gərginlik onunla bağlıdır ki, ötən payızdan çəkilən zəhmətin hədər gedib-getmədiyini düşünürük. Şükür ki, o gərginlik sevinclə əvəz olunur.

Bəli, neçə gündür ki, taxıl zəmilərimiz qoynunu üzümüzə açıb. Sahələrdə kombaynların, taxıl daşıyan texnikaların səsi zəmilərin sükutunu pozub. Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Babək rayonunda da taxıl tədarükü kampaniyası sürətlə davam etdirilir. Məlumat üçün bildirək ki, rayonda taxılçılığın inkişafına böyük önəm verilir. Bölgənin torpaqları bu sahə üçün çox əlverişlidir və rayonun torpaq mülkiyyətçiləri, sahibkarlar taxılçılıqda zəngin təcrübəyə malikdirlər.
Dövlətimiz tərəfindən göstərilən qayğı da dinamik xarakter alıb. İlbəil rayonda meliorasiya-irriqasiya tədbirlərinin həcmi genişləndirilir, çörəkbişirmə sahələri yaradılır, mövcud dəyirmanların fəaliyyəti gücləndirilir, məhsuldar toxum sortları ilə təchizat diqqət mərkəzində saxlanılır, müasir kənd təsərrüfatı texnikalarının alınmasına böyük önəm verilir. Təbii ki, bütün bunlar yüksək məhsul istehsalı üçün başlıca amillərdir və problemlərin həlli torpaq sahiblərinin taxılçılığa marağını artırır. Bunları düşünəndə illər qabaq mağazaların qarşısında yaranmış çörək növbələrini xatırlamaya bilmirsən. Çünki o günlər yaddaşlarımıza acı xatirə kimi yazılıb.

Rayonun Nehrəm, Cəhri, Zeynəddin, Şıxmahmud, Sirab, Yarımca, Güznüt, Çeşməbasar və digər kənd­lərinin taxıl zəmilərində çəkilən zəhmətin bəhrəsi toplanılır. Bölgədə taxılçılıqla məşğul olan Sənan Novruzov 70, Nicat Qurban­ov 42, Cəmşid Həsənov 40, Asəf Məmmədov 25 hektar sahədə məhsul yetişdiriblər. Onlar taxılçılıqla yanaşı, kartof, bostan-tərəvəz məhsulları da əkib-becərirlər. Bu məqamda düşünürsən ki, insana öz halal zəhməti ilə yaşamaq, bolluq yaratmaq, daxili bazara töhfəsini vermək imkanları yaradılan yerdə yaxşı gün-güzəran qurmaq heç də çətin deyil. Regionumuzun digər bölgələrinin sakinləri kimi, Babək rayonunun torpaq mülkiyyətçiləri də bu imkanlardan səmərəli istifadə edirlər. Məlumat üçün bildirək ki, bu il babəklilər 9167 hektar sahədən məhsul götürəcəklər. Bu günədək 2949 hektar sahədə taxıl yığımı başa çatıb. Məhsuldarlıq 29,6 sentner təşkil edir. Sahələrə 28 kombayn çıxarılıb.
Taxıl yığımı ilə əlaqədar yazı hazırlamaq üçün bir neçə yaşayış məntəqəsində olduq. Belə qənaətə gəldik ki, əvvəldən həyata keçirilən hazırlıq tədbirləri öz bəhrələrini verib.
Yarımca bələdiyyəsinin sədri, uzun illər kəndin ictimai təsərrüfatına rəhbərlik etmiş Arif Səfərov taxılçılıqda zəngin təcrübəyə malikdir. Ötən ilin payızında o, 50 hektar sahədə taxıl əkib. Bu gün onun da sevincinin həddi-hüdudu yoxdur. Sahələrdə bol məhsul yetişib. Arif Səfərov deyir:
– Hələ uşaqlıq illərindən yaxşı xatırlayıram ki, kənddə taxıl biçininə başlanması əsl el bayramına çevrilərdi. Torpaqlar ictimai təsərrüfatlara məxsus olsa da, kənd ağsaqqalları biçiləcək zəminin kənarına toplaşar, bir-birlərinə gözaydınlığı verərdilər. Sahənin kənarına mexanizatorlar, sürücülər üçün cürbəcür yeməklər gətirilərdi, samovar salınardı. Çünki tədarük olunan taxıl sabahın çörəyi demək idi. Çörək isə min illərdir ki, hamımız üçün ən müqəddəs nemətdir. Bu nemətin bolluğu həmişə insanları düşündürüb. Yaşlı adamlardan dəfələrlə bu sözləri eşitmişik: “Ulu Tanrı heç vaxt öz bəndəsini çörəklə imtahana çəkməsin”. Ancaq nə edəsən ki, xalqımızın belə imtahanla üz-üzə qaldığı vaxtlar da olub. Saatlarla mağazaların qarşısında çörək növbələri yaranıb. Çox şükür ki, bu gün süfrələrimizdə çörək sarıdan heç bir nigarançılığımız yoxdur. Dövlətimizin bu istiqamətdə həyata keçirdiyi tədbirlər öz bəhrələrini verməkdədir.
Arif Səfərov deyir ki, bu təsərrüfat ilinin daha uğurlu olduğunu yazın ilk günlərindən müşahidə edib: Digər əkinçilik məhsullarının tədarükündə bunu gördük. Taxıl tədarükünün ilk günləri isə bu sahədə də yüksək məhsuldarlığa nail olunacağından xəbər verir.
Nehrəm kənd tam orta məktəbinin müəllimi Adil Mirzəyev həm də taxılçılıqla məşğul olur. Onun dediklərindən:
– Daha bir taxıl tədarükü mövsümünə uğurla başlamışıq. Bu isə o deməkdir ki, süfrələrimiz yenə də öz taxılımızın çörəyi ilə bol olacaq. Belə bolluğa isə asanlıqla nail olmamışıq. Bunun təməlində ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi uzaqgörən aqrar siyasət dayanıb. Bu siyasətin muxtar diyarımızda uğurla davam etdirilməsi nəticəsində böyük nailiyyətlər əldə olunub. Digər sahələrə toxunmadan muxtar respublikanın torpaq mülkiyyətçilərinin aqrar sahədə, konkret olaraq, taxılçılıqda qazandıqları uğurları, bu sahənin inkişafı üçün göstərilən diqqət və qayğını göz önünə gətirsək, tarix üçün qısa zaman kəsiyində böyük irəliləyişlərə nail olunduğunu görərik. Sevindirici haldır ki, bu gün bir qarış torpağımız əkilməmiş qalmır, dövlətimiz bu qiymətli sərvətdən səmərəli istifadə olunması üçün hərtərəfli şərait yaradır. Zəhmətdən qorxmayan, torpağa daimi iş yeri kimi baxan insanlarımız bu şəraitdən səmərəli istifadə edir, yurdumuzun iqtisadiyyatının güclənməsinə çalışırlar. Ölkə başçısının “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncamına əsasən, kənd təsərrüfatı məhsulları istehsalçılarına sərf etdikləri yanacaq və motor yağlarına görə dövlət tərəfindən hər hektar sahə üçün 40 manat, bundan başqa, buğda istehsalçılarının maddi marağının artırılması məqsədilə səpilən hər hektar buğda sahəsi üçün əlavə olaraq 40 manat vəsaitin verilməsi təmin olunub, həm kreditlərdən, həm də həmin yardımlardan təyinatı üzrə istifadə edilməsi diqqət mərkəzində saxlanılıb.

* * *

Muxtar respublikamızda taxılçılığın inkişafına böyük önəm verilən rayonlarımızdan biri də Ordubaddır. Bölgənin məhsuldar və münbit torpaq sahələri burada yüksəkkeyfiyyətli taxıl istehsalına imkan verir. Ordubadın torpaq mülkiyyətçiləri də hərtərəfli qayğı ilə əhatə olunublar. Rayonda bu ilin məhsulu üçün 1949 hektar sahədə taxıl əkilib. Bunun 1310 hektarı buğda, 639 hektarı isə arpadır. Rayonun Dəstə kəndində 511, Düylündə 197, Biləvdə 159, Vənənddə 150, Azadkənddə 138 hektar sahə taxılçılıq üçün ayrılıb. İndiyədək 1388 hektar sahənin məhsulu biçilib, 3916 ton taxıl istehsal olunub. Hələlik, hektarın orta məhsuldarlığı 28,2 sentner təşkil edir. Məlumat üçün bildirək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu rəqəm yüksəkdir.

 Muxtar Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR